Putinin “sıfırlama” əməliyyatı…

15

Onun yenidən 2 dəfə dövlət başçısı “seçilməsinə” imkan verən qanunun qüvvəyə minməsi nə vəd edir?

Rusiya Dumasının xanım deputatı V.Tereşkovanın hələ keçən ildən gündəmə gətirdiyi “Vladimir Putinin prezidentlik müddətinin sıfırlanması” və ona yenidən 2 dəfə dövlət başçısı “seçilməyə” imkan verən Konstitusiya dəyişikliyi baş tutdu. Putin isə özünün “Kremldəki kabinetindən” pandemiya sürəcində olan Rusiyanı idarə edir. Hərçənd, onun Kremldən idarə etməsində də şübhəli məqamlar var. Hələ 12 fevralda Birinci kanalın xəbər buraxılışında, “Biz nə qədər gücləniriksə, qarşısını alma siyasəti o qədər güclü aparılır”, – deyə dişlərini sıxaraq öz emosiyalarını ifadə etdi. Sonra Putin “Sputnik V” peyvəndinin müvəffəqiyyəti və vətənpərvərliyin əhəmiyyəti barədə nitqlə ekranlarda göründü. Hətta ara-sıra onun xəstəliyi haqda şayiələri də “bunkerindən” yayılan görünütülərlə yalanlandı və prezidentin sapsağlam olduğu nümayiş etdirildi. Hətta ötən cümə onun daha iki müddətə ölkəni idarə etməyə qadir olduğunu təsdiq edən qanun layihəsi qəbul olundu.

68 yaşlı Putin gümrahlığı ilə insanları təəccübləndirir, leykemiya və ya Parkinson xəstəliyi barədə şayiələri görüntüləri ilə yerli-dibli təkzib edir. Onun keçirdiyi videokonfransın iştirakçıları “Prezident Putin bizimlə 2 saat yarım, nazirlərlə 3 saat, Təhlükəsizlik Şurasında 2 saat keçirdi, o tam formadadır” sözləri ilə öz əminliklərini də ifadə edirlər…

Hətta onu “qatil” adlandıran və təyyarəyə qalxan zaman ayaqları dolaşan Baydenə “can sağlığı” arzulamaqla, bizim deyimlə ifadə etsək “canın sağ olsun” sözləri ilə ona tapşırılan vəzifəni sona qədər yerinə yetirməyə qadir olduğu mesajını verdi.

Putin qatildir?

“O qatildir?” – deyə ABC telekanalının jurnalisti ABŞ-ın yeni prezidentindən rusiyalı həmkarı barədə soruşan zaman – Baydenin “Düşünürəm ki, hə. Tezliklə buna görə cavab verəcək” cavabının səbəbi müxalifət lideri Aleksey Navalnının 2020-ci ilin yayında zəhərlənməsi, ondan başqa da digər siyasi kimliyi olan və ictimai xadim olan şəxslərin zəhərlənmə ilə həyatına törədilən sui-qəsd idi. Habelə Rusiya xüsusi xidmət orqanlarının Donlad Trampın prezidentiyi ilə sonuclanan ABŞ seçkilərinə müdaxiləsi idi. Heç bir ABŞ lideri hələ onu belə adlandırmamışdı.

Qarşılığında Rusiya prezidenti Vaşinqtondakı səfiri geri çağırdı və məktəbli uşaqların münaqişəsi üslubunda cavab verdi: “Kim özü necədirsə, adını başqasına qoyur”. Daha sonra isə, hətta hesabı dünyanın gözü qarşısında sözlə “çürütmək” üçün  Baydenə açıq debat təklif etdi.

Dünyada, o cümlədən Rusiyada baş verən pandemiya, iqtisadi çöküş fonunda prezidentin ölkə daxilindəki mövqeləri də sarsıldı. İndi 20 illik hakimiyyətdəki ən pis siyasi böhranla mübarizə aparmaq məcburiyyətindədir. Təkcə yanvar ayında ölkənin 110 şəhərində 100 mindən çox nümayiş təşkil edildi. Etirazların mərkəzində korrupsiyaya qarşı mübarizənin simvolu Aleksey Navalnı dururdu. Əlbəttə, korrupsiyanı ifşa fonunda cəmiyyətin bəzi təbəqələrinin ümidi kimi çıxış etsə də, Navalnı Qərbə Putini müharibəyə razı etmək və bunu etməzsə ona alternativ irəli sürüləcəyini ortaya qoymaq üçün lazım idi. Və razılıq verildi. Bunu Rusiyanın XİN idarəsinin erməni naziri Lavrovun son Çin səfərində də sezmək mümkün idi, amma anlayanlar bunu görə bildi.

Əlbəttə, Putinə bunun əvəzində ömürlük hakimiyyət lazım idi. Əslində Putinzimin sırasında toplaşan qruplaşmalara da. Çünki Putin artıq yalnız təkcə özünü təmsil etmir, həm də onun dövlət başında olmasından yaralanan qruplaşmanı, onların maraqlarını təmsil edir. İndi ölkənin əsas qanunu Putin üçün əbədi hakimiyyət yolu açıldı. Amma yalnız Putin üçünmü? Bəs, post-Putin dövründə hakimiyyət zirvəsinə çıxacaq şəxs üçün vəziyyət necə olacaq? Görünür, bu konstitusiya dəyişikliyi hakimiyyətin ötürülməsinin əbədi fazaya keçməsinin təsbitidir. Amma Putindən sonra. Bu, həm də onsuz da Avropanın və dünyanın bir çox dövlətlərində var olan monarxiya quruluşuna Rusiyada da keçidin başlanğıcını qoydu.

Putin Dövlət Şurasına rəhbərlik edə və ya 2036-cı ilə qədər prezident vəzifəsində qala bilər. Bu, onun hələ ömürlük toxunulmazlıq və fövqəladə hüquqlardan başqa qazandığıdır. Tarixçi Vladimir Rıjkov bildirir: “Putin Konstitusiya Məhkəməsinin rəhbərini istefaya göndərə və bütün məhkəmə sədrlərini təyin edə bilər. Rusiyada gücləndirilmiş  avtoritar rejim formalaşdı”.

Hazırda iki düşərgə prezidentin ətrafında mübarizə aparır. Bir tərəfdəonun DTK-dan olan həmkarlarından ibarət “köhnə qvardiyaçılar” var. Onlara Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Sankt-Peterburq meriyasında işləyərkən bir zamanlar Putinin katibi olmuş Rosneftin rəhbəri İqor Seçin aiddir.

Digər tərəfdə prezident administrasiyasının rəhbəri Anton Vayno və onun müavini Sergey Kiriyenkonun (Yeltsin dövründə baş nazir) rəhbərlik etdiyi “texnokratlar klanı” var. İndi bütün diqqət hökumət üçün təhlükə və təhdid vəd edən 2021-ci il parlament seçkilərinə yönəldilib. Putinin seçiləcəyi növbəti səsvermə – seçki prosesi 2024-cü ilə planlaşdırılıb. Bu il isə mütləq sədaqəti olmayan deputatların parlamentə keçməsi kabusa çevrilə bilər. Belə ki, Rusiyada sentyabr ayında parlament seçkisi keçiriləcək. Partiyalar hazırlıq mərhələsində əsas şüarlarını müəyyənləşdirirlər. Dövlət Dumasında təmsil olunan və Sergey Mironovun sədri olduğu “Ədalətli Rusiya” partiyası özünəməxsus şüar seçib:  “Rusiya ərazilərinin genişləndirilməsinə nail olmaq!”. Yəni təsəvvür edin, Rusiyanın ərazilərinin genişlənməsi “Ədalətli Rusiya”nın ədalət tərəzisində təsbit etdiyi ədalət prinsipidir…

Ərazisinə görə, Rusiya dünyanın ən böyük dövlətidir. Bu dövlət olan ərazilərini inkaf etdirməkdə, əhalinin tamamını mimimum yaşayış imkanları ilə təmin etməkdə çətinlik çəksə də, rusiyalı bir qrup siyasətçi hələ də ərazilərin daha da böyüdülməsi xəyalı ilə yaşayır. Baxmayaraq ki, bu ölkənin Çinlə həmsərhəd olan regionları çoxdan elə bu ölkəyə kirayəyə verilib. Dəfələrlə Pekinin ərazi iddialarını səsləndirməsinə işarələr də vurulub. Bəs Rusiya prezidenti Vladimir Putinin Sank-Peterburqlu dostu Sergey Mironovun partiyası “böyümə” dedikdə hansı “yeni əraziləri” nəzərdə tutur? Abxaziya, Cənubi Osetiya, Dnestr bölgəsi, Donbass… Yəni keçmiş SSRİ məkanında harda separatçı bölgə varsa, oranı Rusiyaya birləşdirməyi hədəf seçiblər. Bəlkə ərazilərini Çinə itirəcəyini, itirmək ərəfəsində olduğunu anlayan və ya artıq itirən Kreml genişlənmək şakərindən qurtula bilmir? Ancaq Pekinin qorxusunudan üzünü Uzaq Şərqə döndərə bilmir və genişlənmə niyyətini post-sovet məkanı ilə ödəməyə çalışır?

Mironov müharibə günlərində ermənilərə xoş gəlsin deyə Türkiyənin münaqişənin həllindəki rolunu da mənfi yöndə dəyərləndirmişdi: “NATO-nun üzvü Türkiyə, bu köhnəlmiş münaqişənin inkişafına imkanlar yaradır”.

Əslində Mironovun dediyini daha əvvəl və dəfələrlə şovinist kloun Vladimir Jirinovski səsləndirmişdi. Jiirnovski həm Dağlıq Qarabağı Rusiyaya “birləşdirməyi”, həm də Türkiyəni uzaq tutmağı təklif etmişdi. Əraziləri “ilhaq” etmək Rusiyanın köhnə siyasəti və sağalmayan “imperializm xəstəliyidir, amma vəziyyət bir az başqadır. Məqsəd publikanın nəbzini tutmaq, ürəyini ələ almaq, Putinin “milli lider” obrazını, əraziləri genişləndirən, Rusiyanı böyüdən fateh obrazını şişirtməkdir.

Qayıdaq Rusiyanın hakimiyyət düşərgələrinin mübarizəsinə. Teknokratlar müxaliflərə qarşı dəqiq hədəflənmiş əməliyyatların, eyni zamanda da mümkün olanlarla güzəştə getməyin tərəfdarlarıdır. Patruşev və Seçin isə öz növbələrində müxalifəti məhv etmək istəyirlər. “Tez və effektiv hərəkət etməliyik” deyə Putinin inandırmağa çalışırlar. Putin isə “Necə lazım bilirsinizsə, elə də hərəkət edin” deyə cavabdehliyi onların üzərində qoyub. “Güzəşt düşərgəsi başa düşdü ki, onlarla mübarizə aparmaq qeyri-mümkün strategiyadır”, deyə politoloq Abbas Qallyamov əminliyini bildirir. Hər şey dövrə vurmağa başladı, Putinin masasında təcili olaraq qəbul edilmiş repressiv qanunlar toplusu meydana çıxdı və o, imzasını onlara qoydu. Bunlardan 35-i QHT-lərin fəaliyyətinə aiddir.

Bunlardan ən çox gündəmdə olan “xarici agent” statusuna aiddir. Amma vəziyyətin repressiyaya doğru getməsi, sosial-iqtisadi vəziyyətin pisləşməsi ilə də Putinin reytinqi yüksəkdir və ona qarşı etiraz etməyə hər hansı bir kütləvi hazırlığın olmaması, şəxsiyyətinə, siyasətinə alternativ liderin olmamasına baxmayaraq qeyd-şərtsiz dəstək meydana çıxarır. Hətta Putinin səlahiyyətlərindən sui-istifadə etdiyini və ya düzgün olmayan siyasət yürütdüyünü düşünən ruslar da onu ölkənin təcəssümü kimi gördükləri üçün onun yüksək reytinq qazanmasına səbəb olurlar. “Levada tsentr” sorğu mərkəzinin sosioloq və rəy sorğusu üzrə mütəxəssisi çətin gündə də rusların “çarın yaxşı, boyarların pis” olduğuna inandıqlarını və qəzəblərini “ümummilli liderə” deyil, onun tabeçiliyində olanlara yönəltdiklərini söyləyir. Xalq üçün “o, gücün simvoludur və ona toxunulmamalıdır”. Yəni ruslar Putini tənqid edirlər, lakin dəyişiklik tələb etməyə hazır deyillər. Ona alternativ görmürlər və hərəkət etmək gücündə olduqlarının fərqində deyillər. Bunların hamısı hazırkı “milli lider” Putinə işləyir. Liberal-demokrat partiyasının lideri, Putinin qeyri-rəsmi sözçüsü Jirinovskinin dediyi “Yaşasın çar” frazası öz təsdiqini insanların ümidsizliyində, çarəsizliyində tapır.

Ülviyyə ŞÜKÜROVA