“Putin nə istəyirdisə, onu əldə etdi”

30

“Rusiya prezidenti Vladimir Putin 27 sentyabr 2020-ci ilə qədər Dağlıq Qarabağ məsələsinə maraq göstərməyib. Bu problem onun üçün maraqsız idi. Ancaq indi tam tərsini müşahidə edirik. Putin müharibə günlərində Bakıya və İrəvana zənglər etdi, Şuşanın taleyindən danışdı, iki – 10 noyabr və 11 yanvar bəyanatlarının müəllifi oldu. Putin indi də fəaldır, telefonla yenə Bakıya və İrəvana zənglər edir, iki ölkənin xarici işlər nazirlərini Moskvaya çağırır”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

“Putin bütün bunları ona görə etmir ki, bölgədə davamlı sülh olsun və ya Azərbaycanın ərazi bütövlüyü tam təmin edilsin. Kreml sahibinin maraqları fərqlidir. Putin nə istəyirdisə, onu əldə etdi və indi əldə etdiklərini zənglər və müxtəlif görüşlər vasitəsilə gücləndirməyə çalışır. Birincisi, Kreml sahibi Rusiya ordusunun Dağlıq Qarabağda varlığını təmin etdi, ikincisi, tərəflərə kommunikasiya xətlərinin açılmasını qəbul etdirdi və üçüncüsü Ermənistan hakimiyyətini və əhalisini anlatdı ki, Rusiya olmasa erməniləri Azərbaycan qarşısında daha ağır məğlubiyyət gözləyirdi…” – E.Şahinoğlu qeyd edib. \\Pravda.az