“Putin hakimiyyətini itirmə təhlükəsini hiss edir…”

24

Elxan Şahinoğlu: “Rusiyalı rəsmilərin Dağlıq Qarabağ haqqında açıqlamalarını qulaqardına vurmaq olmaz, çünki Kreml məhz Jirinovski və Mironov kimilərin vasitəsilə mesajlarını yollayır”

“Rusiyanın təsir imkanlarının azaldılmasına və Türkiyə ilə ittifaqın gücləndirilməsinə var gücümüzlə çalışmalıyıq!”

Xaqani Cəfərli: “Azərbaycan Sergey Mironovun fikirlərinə diqqət yetirməli və buna diplomatik kanallarla etirazını bildirməlidir”

“Rusiya müxalifəti hakimiyyətə qarşı yeni kampaniyaya başlayıb və əgər bu kampaniya gözlənilən effekti verərsə, o zaman parlament seçkilərindən əvvəl hər hansı siyasi dəyişikliklərin təməli qoyula bilər”

Bu ilin sentyabr ayının 19-da Rusiyada növbəti parlament seçkiləri keçiriləcək. Bu barədə ayna.az-a müsahibə verən siyasi strateq və analitik Konstantin Kalaçev hesab edir ki, Rusiyada totalitarizm olmayacaq, sadəcə elektoral avtoritarizm bitdi: “Avtoritar idarəetmə sistemi qalır, amma seçki sistemi bitdi, bu gün Rusiyada belədir. Əslində siyasi rəqabətdən danışmaq sadəcə qəribədir, Rusiyadakı bütün siyasi partiyalar Prezident Administrasiyası tərəfindən idarə olunur”. Kalaçevin sözlərinə görə, Rusiyanın siyasi sistemi Türkmənistana doğru inkişaf edir: “Müəyyən seçkilərə namizədlərin qeydiyyatı çox kədərli mənzərə yaradacaq. Hətta müxalifətdən bələdiyyələrə namizədlərin dağıdılması qərarı belə, təhlükəsizlik məmurları və Prezident Administrasiyası səviyyəsində verildi. Yəni “siloviklər” indi seçki proseslərinə rəhbərlik edir”.

“Rusiya əhalisinin 2000-ci illərin əvvəllərində bəslədiyi ümidlər tükənib, o zaman hər kəs daha yaxşı olacağını düşünürdü, amma indi qısa müddət üçün belə, insanlar öz sabitliklərindən əmin deyillər”

Koronavirus pandemiyası şəraitində seçki prosesinin dürüstlüyünə toxunan analitik bildirib ki, səsvermə nəzarətsiz olaraq: “3 gün davam edir və aparılan seyfləri bu müddət ərzində rahatca açaraq, bülletenləri dəyişdirmək mümkündür. İndi reallıq budur ki, bir institut olaraq seçkilər təhlükə altındadır. İndi baş verənlər artıq seçki, dəyişiklik vasitəsi deyil, hakimiyyətin qorunması və dəstəklənməsi vasitəsidir. Bundan sonra sistemdənkənar heç bir namizəd qeydə alınmayacaq”. Kalaçev əlavə edib ki, insanların küçələrə çıxmaq istəyi azdır, çünki bu, müəyyən neqativ nəticələrlə müşayiət edilir: “Hər şey sərt şəkildə yatırılır, cərimələr böyükdür və işinizi itirə bilərsiniz. Hər şey klassik sxemə uyğun gedir. Rusiya bu mənada bənzərsiz deyil, əhalisinin həyatda qalması üçün mübarizə apardığı bir çox oxşar ölkələr var. Onların da hökumətləri iqtisadi artımdan və canlanmadan danışır. Eyni zamanda, varlılarla kasıblar arasındakı uçurum artır və siyasi müxalifət isə gücsüzdür”. Rusiya əhalisinin 2000-ci illərin əvvəllərində bəslədiyi ümidlərin tükəndiyini vurğulayan siyasi strateqin fikrincə, o zaman hər kəs daha yaxşı olacağını düşünürdü: “Amma indi qısa müddət üçün belə, insanlar öz sabitliklərindən əmin deyillər. Cəmiyyətdə gərginlik artır, amma heç kim bundan istifadə edə bilməz, çünki hökumət çox məharətlə bir təbliğat maşını qurur və etiraz düşüncəli vətəndaşları zərərsizləşdirir. Lakin sosial partlayış mümkün deyil, çünki kəskin pisləşmə yoxdur. İstehlak standartlarında azalma var, vəziyyətin pisləşməsi var. Ancaq vəziyyət belədir, bəli, qiymətlər artır, amma bu artımın miqdarı müəyyən sayda sadiq adamın fikirlərini dəyişməsi üçün yetərli deyil. Dəyişiklik tələbi artır və səlahiyyətlilər tərəfindən bu istəklərə cavab verməyə cəhdlər edilir, lakin iqtisadi böhranın sosial böhrana, daha sonra isə siyasi böhrana çevrilməsi prosesi yoxdur. İqtisadi böhranda deyilik, durğunluq içindəyik. Eyni zamanda, neftin qiymətləri zaman-zaman yüksəlir və ümidlər yaranır. Əslində, indi fokus qruplarındakı insanlar deyirlər: “Dözmək mükündür”. Yəni yaşamaq üçün deyil, dözmək üçün dözürlər”.

“Mironov və onun havadarları Şuşasız və Laçınsız Qarabağın dağlıq hissəsini Rusiyaya necə “birləşdirməyi” təsəvvür edirlər?”

“Hürriyyət”in məlumatına görə, mövzu ilə bağlı fikirlərini bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Rusiya ərazilərini inkaf etdirməkdə, əhalinin tamamını minimum yaşayış imkanları ilə təmin etməkdə çətinlik çəksə də, rusiyalı bir qrup siyasətçi hələ də ərazilərin daha da böyüdülməsi xəyalı ilə yaşayır: “Rusiyada sentyabr ayında parlament seçkisi keçiriləcək. Partiyalar hazırlıq mərhələsində əsas şüarlarını müəyyənləşdirirlər. Dövlət Dumasında təmsil olunan və Sergey Mironovun sədri olduğu “Ədalətli Rusiya” partiyası özünəməxsus şüar seçib: “Rusiya ərazilərinin genişləndirilməsinə nail olmaq!” Rusiya ərazisinə görə dünyanın ən böyük dövlətidir. Bu dövlət olan ərazilərini inkaf etdirməkdə, əhalinin tamamını minimum yaşayış imkanları ilə təmin etməkdə çətinlik çəksə də, rusiyalı bir qrup siyasətçi hələ də ərazilərin daha da böyüdülməsi xəyalı ilə yaşayır. Bəs Rusiya prezidenti Vladimir Putinin Sank-Peterburqlu dostu Sergey Mironovun partiyası “böyümə” dedikdə hansı “yeni əraziləri” nəzərdə tutur? Bunu gizlətmirlər: “Abxaziya, Cənubi Osetiya, Dnestr bölgəsi, Donbas və… Dağlıq Qarabağ”… Yəni keçmiş SSRİ məkanında harda separatçı bölgə varsa, oranı Rusiyaya birləşdirməyi hədəf seçiblər. Yaxşı, Abxaziyanın, Cənubi Osetiyanın və Donbasın Rusiya ilə birbaşa sərhədi var, bəs Dağlıq Qarabağı Rusiyaya necə “birləşdirməyi” planlaşdırırlar? Azərbaycanın bir parçası olan Qarabağın ki, Rusiya ilə sərhədi yoxdur. Tutaq ki, Moskvadakı qüvvələr Dağlıq Qarabağdakı erməniləri “birləşdirməyə” həvəsləndirdilər və ermənilər yeni şüar ortaya atdılar, bəs azad etdiyimiz ərazilər necə olacaq? Mironov və onun havadarları Şuşasız və Laçınsız Qarabağın dağlıq hissəsini Rusiyaya necə “birləşdirməyi” təsəvvür edirlər?”

“Kreml Krımdan sonra Donbası da ilhaq etməyə çalışır, artıq Ukraynanın şərqində vəziyyət gərginləşib”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, Sergey Mironov tez-tez fikir dəyişdirən siyasətçidir: “Onun 2010-cu ildə Dağlıq Qarabağla bağlı verdiyi açıqlamaya diqqət yetirək: “Dağlıq Qarabağ problemini yalnız münaqişə tərəfləri həll edə bilər və onlar da qarşılıqlı maraqların təmin olunması şərti ilə bunu etməlidir. Onlar razılaşmaya gəldikdən sonra Rusiya bu razılaşmaların qarantı rolunda çıxış etməyə hazırdır. Lakin əraziyə qoşun yeritmək yolverilməzdir, bu düzgün olmazdı”. Üstündən 10 il keçdikdən sonra, müharibənin başlamasından cəmi iki gün sonra Mironov artıq fərqli açıqlama verirdi: “Ölkələr arasında atəşkəs və əsgərlərin çıxarılması barəsində razılığın əldə olunmasından sonra Rusiya tərəfindən sülhməramlı qüvvələrin daxil edilməsinin lazım gəlməsi mümkündür”. Mironov müharibə günlərində ermənilərə xoş gəlsin deyə Türkiyənin münaqişənin həllindəki rolunu da mənfi yöndə dəyərləndirmişdi: “NATO-nun üzvü Türkiyə, bu köhnəlmiş münaqişənin inkişafına imkanlar yaradır”. Əslində, Mironovun dediyini daha əvvəl qatı şovinist Vladimir Jirinovski səsləndirmişdi. Jirinovski həm Dağlıq Qarabağı Rusiyaya “birləşdirməyi”, həm də Türkiyəni uzaq tutmağı təklif etmişdi”. Politoloq onu da əlavə edib ki, əraziləri “ilhaq” etmək Rusiyanın köhnə siyasətidir: “Kreml Krımdan sonra Donbası da ilhaq etməyə çalışır, artıq Ukraynanın şərqində vəziyyət gərginləşib, separatçıların təxribatları nəticəsində atəşkəs intensiv pozulur, ölənlərin sayı artır. Ona görə rusiyalı rəsmilərin Dağlıq Qarabağ haqqında açıqlamalarını qulaqardına vurmaq olmaz. Unutmayaq ki, Kreml məhz Jirinovski və Mironov kimilərin vasitəsilə mesajlarını yollayır. Rusiyanın təsir imkanlarının azaldılmasına və Türkiyə ilə ittifaqın gücləndirilməsinə var gücümüzlə çalışmalıyıq!”

“Rusiyada sosial narazılıq, o cümlədən iqtidar-müxalifət münasibətlərində gərginlik artmaqdadır və bütün bunlar seçki prosesinə öz təsirini göstərəcək”

Rusiyada seçkilərin bir qayda olaraq formal xarakter daşıdığını vurğulayan politoloq Xaqani Cəfərli isə “Hürriyyət“ə açıqlamasında bildirdi ki, bu ölkədə seçki məcəlləsinə edilən dəyişikliklərdən sonra seçki prosesi əvvəlki əhəmiyyətini itirib: “Belə ki, məcəlləyə edilən dəyişikliklərə görə səsvermənin müddəti uzadılıb, bir neçə gün səsvermə prosesi olur. Müşahidəçilərin isə həmin müddəti izləmək imkanı məhdudlaşır. Bu isə seçkilərin saxtalaşdırılmasına geniş imkan yaradır. Bundan başqa, bildiyiniz kimi, Rusiya müxalifətinin lideri Aleksey Navalnının bir neçə dəfə təsis etdiyi partiyalar qeydiyyatdan keçirilməyib. Yəni, faktiki olaraq Rusiyada bərabər rəqabət mövcud olmadığından orada azad seçkidən danışmaq mümkün deyil. Məhz bu səbəbdən də Rusiyada demokratik seçkilərin keçiriləcəyi inandırıcı deyil. Lakin məsələnin başqa tərəfi var ki, Rusiyada sosial narazılıq, o cümlədən iqtidar-müxalifət münasibətlərində gərginlik artmaqdadır və bütün bunlar seçki prosesinə öz təsirini göstərəcək”. Rusiya müxalifətinin hakimiyyətə qarşı yeni kampaniyaya başladığını deyən politoloqun qənaətincə, əgər bu kampaniya gözlənilən effekti verərsə, o zaman parlament seçkilərindən əvvəl hər hansı siyasi dəyişikliklərin təməli qoyula bilər.

“Mironovun rəhbərlik etdiyi “Ədalətli Rusiya” partiyası sistemdaxili partiyadır, yəni, avtoritar rejimin tərkib hissəsi olan elementlərdəndir”

Sergey Mironovun sədri olduğu “Ədalətli Rusiya” partiyasının parlament seçkiləri ilə bağlı şüarına gəlincə, Xaqani Cəfərli qeyd etdi ki, Azərbaycan tərəfi buna diplomatik kanallarla etirazını bildirməlidir: “Sergey Mironovun rəhbərlik etdiyi “Ədalətli Rusiya” partiyası sistemdaxili partiyadır. Yəni, avtoritar rejimin tərkib hissəsi olan elementlərdəndir. Ona görə də belə şəxslərin fikirlərinə diqqət yetirmək lazımdır və Azərbaycan tərəfi buna diplomatik kanallarla etirazını bildirməlidir. Çünki bu, hər hansısa qeydiyyata alınmamış, yaxud qeydiyyata alınsa belə, sistemdən kənarda olan partiya deyil. Bu, avtoritar rejimin elementidir. Bu səbəbdən də şübhəsiz ki, avtoritar rejimin fikirlərinin ifadəçisidir. Bildiyiniz kimi, bir müddət əvvəl Putin təxminən, oxşar fikir səsləndirmişdi ki, Rusiya imperiyasının dağılmasından sonra onun torpaqlarının bir hissəsi uydurma dövlətlərə verilib. Bu, onu göstərir ki, Putin keçmiş Çar imperiyasının dağılmasından sonra yaranan dövlətləri psixoloji cəhətdən qəbul etmir, onları Leninin siyasətinin nəticəsi hesab edir. Əgər avtoritar rejimin başında duran şəxs qonşularına belə bir münasibət bəsləyirsə, təbii ki, avtoritar rejimin elementləri olan siyasi partiyaların rəhbərləri də rejim başçısının fikirlərini təbliğ etmək, onları yaymaqla məşğul olurlar. Fikrimcə, bu, bütövlükdə Rusiya hakim dairələrinin şovinist siyasətinin ifadəsidir. Ona görə də istər Azərbaycan, istərsə də digər respublikalar buna qarşı kəskin mövqe bildirməlidirlər və özlərinin ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətlə fəal şəkildə işləməlidirlər”.

“ABŞ diplomatik kanallarla Kremlə xəbərdarlıq edib ki, Ukraynaya qarşı yeni müharibə Rusiya üçün çox ağır nəticələr verəcək”

Həll olunmamış münaqişələrin hər an alovlanma ehtimalının olduğunu qeyd edən politoloqun fikrincə, Vladimir Putin Krım və Donbası ilhaq etməklə Rusiya daxilində reytinqini gücləndirmişdi: “İndi isə həm beynəlxalq təzyiq var, həm də ölkədixili təzyiq var. Ona görə də avtoritar rejimin əhalinin, daxili auditoriyanın diqqətini yayındırmaq üçün yeganə yolu xarici təhlükə yaradıb, ölkə daxilində birlik yaratmaq ola bilər. Yəni, yenidən hər hansısa əraziləri işğal etmək niyyətinə düşə bilər. Amma mənim izlədiyim məlumatlardan çıxan nəticə odur ki, ABŞ diplomatik kanallarla Kremlə xəbərdarlıq edib ki, Ukraynaya qarşı yeni müharibə Rusiya üçün çox ağır nəticələr verəcək. Belə ki, Rusiyanın beynəlxalq maliyyə institutlarından kənarlaşdırılması, eyni zamanda, bu ölkənin neft satışına qadağa qoyulması ehtimalı da var. Əgər Rusiya hakimiyyəti bu təhlükədən çəkinməsəydi, onda günü bu gün Ukraynaya və digər respublikalara qarşı hərbi təxribata ələ ata bilər. Lakin beynəlxalq ictimaiyyətin təzyiqlərindən qorxduğu üçün bir qədər ehtiyatlı davranır. Amma belə bir ifadə var ki, su meymunun boğazına çıxanda balasını ayağı altına alar. Odur ki, Putin hakimiyyətini itirmə təhlükəsini hiss etdiyi üçün hər cür avantürist addımlara əl ata bilər. Lakin hər hansı avantürist addım Rusiya üçün çox ağır nəticələr doğura bilər”.

Vazeh BƏHRAMOĞLU