“Putin hakimiyyəti komandasının üzvlərindən birinə ötürə bilər”

408

Xaqani Cəfərli: “Ancaq onların heç biri Rusiyanı indiki formada qoruyub saxlaya bilməyəcək”

Rusiyanın ən böyük sorğu şirkətlərindən biri olan “Levada Çentr”in araşdırmasına əsasən Vladimir Putinin reytinqi kəskin azalıb. Bu barədə axar.az-da yer alan informasiyaya görə, hazırda Rusiya prezidentinə əhalinin cəmi 29 faizi etibar edir. Bununla Putinin reytinqi oktyabrdan bu yana 5 faiz azalmış olub. Söz yox ki, Putinin reytinqinin azalmasına təsir edən səbəblərdən biri də Rusiya müxalifətinin lideri, Korrupsiyaya Qarşı Mübarizə Fondunun təsisçisi Aleksey Navalnının “Putinin sarayı” filmi, eyni zamanda onun həbsi və buna etiraz edən aksiya iştirakçılarına qarşı güc tətbiqi, onların təqib olunmasıdır.

Navalnıdan söz düşmüşkən, çexiyalı siyasətçi Yirji Şedivı hesab edir ki, təşkil etdiyi ilk etiraz aksiyalarından bu günə qədər Navalnının təsiri artıb: “Əminəm ki, Navalnı Putin üçün real təhlükə törədə bilər – əgər Putin 2036-cı ilə qədər prezident vəzifəsində qalmağa imkan verəcək Konstitusiyaya dəyişikliyi tətbiq etməsə… Yəni məsələ ondan ibarətdir ki, Putin Rusiya prezidenti kürsüsünü boşaltmaq istəsə, az-çox açıq mübarizə üçün şərait yaradacaq. Əgər bu baş verərsə, Navalnı böyük şansları olan bir nömrəli namizəddir”. Rusiyalı politoloq Dmitri Oreşkin isə bu qənaətdədir ki, Navalnının həbsi ilə bağlı etirazlar yaxın zamanlarda güclənəcək, amma Belarusdakı kimi nəticəsiz başa çatacaq: “Yaxın zamanlarda etiraz aksiyalarını Belarusdakı kimi gücləndirmək cəhdləri olacaq. Kiminsə əlini sındıracaqlar, başına vuracaqlar, kimisə həbs edəcəklər. Rusiyanı Belarus ssenarisi gözləyir. Nə qədər küçəyə çıxmaq olar? İnsanlar kiminlə qarşı-qarşıya olduğunu başa düşürlər”. Politoloq qeyd edib ki, Rusiyada bu vəziyyət ölkənin idarəçiliyini üzərinə götürəcək kontrelita peyda olana qədər davam edəcək: “Hələlik Putin hər şeyə nəzarət edir, güc orqanları isə ona loyallıq nümayiş etdirirlər. Buna görə də heç nə dəyişməyəcək. Putinin dövründə elitaların yaşaması üçün hər şey yetəri qədərdir, amma xalq üçün bu, yetərli deyil. Onlar hakimiyyətə ona görə tabedirlər ki, digər alternativ görmürlər”.

“Putinin səhhəti ilə bağlı yayılan məlumatlar onun hakimiyyətdən vaxtından əvvəl gedəcəyinə dair müzakirələri qızışdırdı”

“Hürriyyət” xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən politoloq Xaqani Cəfərlinin sözlərinə görə, Putinin səhhəti ilə bağlı yayılan məlumatlar onun hakimiyyətdən vaxtından əvvəl gedəcəyinə dair müzakirələri qızışdırdı: “Rusiyada ötən ilin əvvələrindən başlayaraq qəbul olunan bir sıra qanunlar, xüsusilə də eks-prezidentlərin və onların ailə üzvlərinin toxunulmazlıq, eks-prezidentlərə Federal Məclisin ömürlük üzvü olmaq hüququ verən qanunların qəbulu prezident Vladimir Putinin hakimiyyətdən vaxtından əvvəl gedəcəyi ilə bağlı müzakirələri gündəmə gətirdi. Putinin səhhəti ilə bağlı yayılan məlumatlar da bu müzakirələri qızışdırdı. Putinin hakimiyyətdən vaxtından əvvəl gedəcəyi ilə bağlı müzakirələr onu kimin əvəz edəcəyi ilə bağlı müzakirələrə də start verdi. Bir çox politoloqlar Putini onun komandasının üzvlərindən birinin əvəz edəcəyini güman edirlər. Rusiyada ən məlumatlı şəxslərdən biri olan “Exo Moskva” radisonun baş redaktoru Aleksey Venediktovun sözlərinə görə, ötən ilin payızına kimi Qərb Rusiyada hakimiyyətin iqtidardaxilində ötürülməsinin alternativ görmürdü. Ancaq müxalifət lideri Aleksey Navalnının sui-qəsdə məruz qalmasına, kimyəvi silahla zəhərlənməsinə baxmayaraq, sağ qalması Qərbin Rusiyada hakimiyyət dəyişikliyi ilə bağlı yanaşmasını dəyişib. Belə fikirlər var ki, artıq Qərb Navalnını prezident postuna əsas iddiaçılardan biri hesab edir”.

“Rusiyanın qəhrəmanı adına layiq görülmüş Dyumin ən şanslı namizədlərdən biri olaraq qalır”

Politoloq hesab edir ki, Rusiyada hakimiyyət daxilində Putini əvəz edəcək şəxslərin siyahısı kifayət qədər genişdir: “Vladimir Jirinovski Vladimir Putini əvəz edə biləcək bir neçə yüksək vəzifəli şəxsin adını açıqlayıb. Jirinovskiyə görə, baş nazir Mixail Mişustin, müdafiə naziri Sergey Şoyqu, Moskvanın meri Sergey Sobyanin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev, Federasiya Şurasının sədri Valentina Matviyenko Putini əvəz etməyə şanslı namizədlərdir. Moskvanın meri Sergey Sobyanin və müdafiə naziri Sergey Şoyqunun əsas namizədlərdən olduqlarını bütün müşahidəçilər təsdiq edir. Bu iki şəxsdən başqa Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğlu, kənd təsərrüfatı naziri Dmitri Patruşev, Tula vilayətinin qubernatoru Aleksey Dyumin və Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkinin adları da Putinin mümkün varislərinin sırasında hallanır. Rusiyanın qəhrəmanı adına layiq görülmüş Dyumin ən şanslı namizədlərdən biri olaraq qalır. Təhlükəsizlik Şurası sədrinin müavini, sabiq prezident Dmitri Medvedyev isə Putinin ən çox inandığı şəxs sayılır. Dmitri Medvedyev baş nazir vəzifəsindən kənarlaşdırılsa da, hakim “Vahid Rusiya” Partiyasının rəhbəri olaraq qalır. Ekspertlər hesab edir ki, Aleksey Navalnının “O sizin üçün Dimon deyil” filmi Medvedyevin karyerasını ciddi şəkildə zədələyib və onu prezidentliyə əsas iddialılar arasından çıxarıb. Ancaq Dmitri Medvedyevin təxminən, bir illik fasilədən sonra yenidən Rusiyanın dövlət siyasətini müəyyən edən şəxslərdən biri kimi çıxışlar etməsi və müsahibələr verməsi, onun hələ də Putinin varisi olmaq imkanlarını saxladığını göstərir. Hesablama Palatasının sədri Aleksey Kudrinin adı isə Qərblə münasibətləri normallaşdıra biləcək şəxs qismində Putinin varislərinin sırasına daxil edilir. Rusiyanın ən çox istinad edilən politoloqu Valeri Solovey Kremldə Putinin qızı Katerina Tixonavanın namizədliyini də dəstəkləyən qüvvələrin olduğunu bildirir. Müxalifət lideri Aleksey Navalnının bütün təzyiqlərə baxmayaraq, həbsi hakimiyyətin iqtidardaxilində ötürülməsini təmin etməyə yönəlib. Əlbətdə, Navalnının həbsi hakimiyyətin ötürülməsinin reallaşacağı anlamına gəlmir. Ağlı başında olan hər kəs anlayır ki, Qərblə anlaşma olmadan hakimiyyəti öz üzərinə götürmək təhlükəli olacaq. Çünki Qərblə münasibətləri normalaşdırmadan Rusiyada iqtisadi inkişafa nail olmağın mümkünsüzlüyü hər kəsə aydındır. Eyni zamanda, Rusiya cəmiyyətinin də Putin rejiminin təmsilçisinə dözümlü yanaşacağı ehtimalı azdır. Əksinə, hakimiyyətin rejim təmsilçilərindən birinə ötürülməsi daha böyük etirazlar doğura bilər. Çar Rusiyasında Baş Qərargahın Hərbi Akademiyasının rəisi olmuş, dövrünün ən böyük hərb nəzəriyəçilərindən biri kimi tanınmış general Mixail Draqomirov II Nikolay taxta çıxdığı zaman belə deyib: “Taxtda otura bilər, amma imperiyanın başında dayana bilməz”. General Draqomirovun peyğəmbərcəsinə söylədiyi bu sözlər 23 il sonra öz təsdiqini tapdı. II Nikolay 23 il hökmüdarlıq etsə də, imperiyanın dağılmasının qarşısını ala bilmədi. Təxminən, eyni sözləri Putinin varisləri haqqında demək olar. Putin hakimiyyəti komandasının üzvlərindən birinə ötürməyə cəhd edə bilər, ancaq onların heç biri Rusiyanı indiki formada qoruyub saxlaya bilməyəcək“.

Vazeh BƏHRAMOĞLU