Pritça

2634

 

                                    HƏYATIN  KÜLÜ

 

 Filan-filanıncı ildə (həmin il təbii ki, mütləq olacaq) hardansa uzaq bir ulduzun planetindən səyahətə çıxan kosmik gəmi qəribə bir planet görüb ona yaxınlaşdı. Yaxınlaşdıqca səyahətçilərin heyrəti də artırdı. Çünki planet başdan-başa kül rəngində idi. Onlar lap yaxınlaşanda gördülər ki, bu rəng deyil, külün özüdür. Onlar gəminin sürətini azaldıb planetin üstü ilə uça-uça baxıb gördülər ki, o tamamilə küllə örtülüb. Deməli nəsə olub ki sonra yanıb külə dönmüşdür və qorxulu dünyadan aralanıb uçub getdilər.

 Həmin bu planet bizim anamız Yer kürəsi idi.  Yaxınlıqdan (nisbi mənada) ötüb keçən ya bir ulduz, ya da günəşin qəfildən güclü od püskürməsi nəticəsində nəinki bütün çaylar, göllər, dənizlər və okenlar qurumuş, hətta bütün  canlılar – bitkilər, heyvanlar və insanlar yanıb kül olmuşdular.

 Və beləliklə milyard illər suda, havada, torpaqda nəfəs alıb gəzən, uçan, qidalanan, artıb-çoxaln bütün canlılar və milyon illər boyu ətrafdakıları  qırıb tökən, yeyib-yaşayan, artıb-çoxalan və səhərdən axşama kimi bir-birlərini aldadan, bir-birlərinə kələk gələn və zülm edən ağıllı və ağılsız insanlar min bir əzabla yanıb məhv olmuşdular.

  VƏ  UCSUZ-BUCAQSIZ KAİNATDA HEÇ KİM, HƏTTA ALLAH DA BİLMƏDİ Kİ, BU BALACA, YAŞIL, MAVİ DÜNYADA BU YAŞIL “DARI” ÜSTÜNDƏ HOMERLƏR, PLATONLAR, ARİSTOTELLƏR, ŞEKSPİRLƏR, MOTSARTLAR, BETHOVENLƏR, ÜZEYİR BƏYLƏR, ŞOPENHAUER, NİTŞE VƏ KAFKA KİMİ YARIMALLAHLAR DA YAŞAYIB-YARADIBLAR.

  Heyf… Heyf…

 

                                                                                   13 may 1978

 

                                                

                                    KƏNDLİ VƏ ƏZRAYİL

 

 

Günlərin bir günü cənab Əzrayil bir kəndlinin canını almağa gəlir. Kəndli çılğıncasına müqavimət göstərir.  Bun görən Əzrayil gülüb deyir:

 – Ay axmaq, başqası, məsələn hər hansı bir şah, ya da var-dövlət sahibi ölmək istəməsə, haqqı var.  Sənə nə olub? Sən nəyin xətrinə yaşamaq istəyirsən. Nə görübsən, nə görəcəksən ki ona heyfin gəlir? Ömrün boyu onun-bunun üçün  işləmisən, yenə də işləyəcəksən. Ya da böyük istedad sahibisən ki, yenə  yaşamağı tələb edirsən?

Kəndli deyir:

 – Dediyin sonuncu həmin müdrik adam elə mənəm. Nə istəyirsən soruş, cavab verim.

Əzrayil fikrə gedir, sonra deyir:

– Yaxşı kəndli, indi ki deyirsən, gəl belə eləyək. Səndən bir söz soruşacağam. Əgər düz cavab versən, istədiyin qədər yaşayacaqsan. Yox, tapa bilməsən bütün ailənizin canını alacağam.

Kəndli razılaşır. Əzrayil sonra deyir:

– Get mənə dünyanın ən yüngül və içiboş əşyasını gətir.

Kəndli gedir. Bir neçə gündən sonra danışdıqları yerdə Əzrayil dayanıb kəndlini gözləməyə başlayır. Bir azdan kəndli görünür. Yaxınlaşdıqca Əzrayil onun əlindəki şeyi görüb – vay! eləyib bir anda gözdən itir. 

 Kəndli ona Həvva nənəmizin başını gətiribmiş.

 

                                                                                  20 may 1978

 

                                                                                   Əlisa  NİCAT