Prezidentin köməkçisi haqda şok iddia

897

Cəmilə Abbasova atasının xeyrinə qərar çıxarılması üçün məhkəmələrə necə təzyiq göstərib…

Qorxmaz Məmmədov: “Cəmilə Abbasova Prezidentin ona etibarından sui-istifadə edərək, öz şəxsi maraqlarının təmin olunması üçün dəfələrlə hakimlərin ədalətsiz qərar çıxarmasına nail olub”

“Hürriyyət” qəzetində dərc olunan “Hökumətsüd verən inəkləri” kəsməyə başlayır…” sərlövhəli yazıda bir mənzili 6 adama satan, 400 nəfərə yaxın vətəndaşın pulunu mənimsəyən “AENT-E” MMC-nin rəhbəri Əkbər Cəfərovun qanunsuz əməllərindən bəhs etmişdik. Qeyd etmişdik ki, məlum dələduzluq əməlləri ilə bağlı 6 noyabr 2017-ci ildə barəsində 11 il, 28 fevral 2019-cu ildə 10 il müddətinə həbs qərarı verilsə də, Ə.Cəfərov Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2000-ci iI tarixli qərarı ilə həbsdən azad olunub. Hansı ki, həbsindən əvvəl fırıldağının qurbanı olan vətəndaşlara “mən süd verən inəyəm, məni kəsməzlər” deməklə, öz dələduzluq əməllərinə “haqq” qazandırmış və arxasında yüksək çinli məmurların durduğuna işarə vermişdi.

Şübhəsiz, 2019-cu ildə 11 il müddətinə həbs olunan şəxsin, ortada 400 nəfərə yaxın zərərçəkmiş olduğu halda, cəmi 1 il sonra azadlığa buraxılması da onu göstərir ki, Əkbər Cəfərov dələduzluq yolu ilə əldə etdiyi pulları tək “yeməyib”. Deməli, özünün təbirincə desək, onun “sağıcıları” şirkət rəhbərini qısa müddətdə həbsdən azad etdiriblər ki, yeni-yeni “qurbanlar” tapmaqla, onlara daha çox pul qazandırsın…

Ötən yazımızda qeyd etmişdik ki, “AENT-E” MMC-nin direktoru Əkbər Cəfərovun dolandırdığı vətəndşlardan biri də Məmmədov Qorxmaz Hüseyn oğludur. “Hürriyyət”ə müraciət edən Qorxmaz Məmmədov “AENT-E” MMC-nin direktoru Əkbər Cəfərovla yanaşı, bəzi hakimlərin ədalətsiz, sifarişli qərarlarından da şikayətçi olmuşdu. Üstəlik, Q.Məmmədov onu da vurğulamışdı ki, 2013-cü ildə Bakı şəhəri, Gəncə prospekti 29/35 A ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsindəki, ümumi sahəsi 75,46 kvadrat/metr olan 2 otaqlı mənzili həyat yoldaşı Məmmədova Sənubər Tofiq qızının adına alsa da, “AENT-E” MMC-nin direktoru Əkbər Cəfərov həmin mənzili 05 iyun 2014-cü ildə daha bir vətəndaşa – Abbasov Mir Sadıx Mir Damət oğluna da satıb. Odur ki, tərəflər bu problemi hüquqi yolla çözməyi qərara alıblar. Nəticədə Xətai Rayon Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlunun 18 dekabr 2015-ci il tarixli qərarı ilə iddiaçı – Abbasov Mir Sadıx Mir Damət oğlunun şikayəti təmin olunub. Beləliklə, baxmayaraq ki, “AENT-E” MMC-nin direktoru Əkbər Cəfərov tərəfindən ona mənzil Sənubər Məmmədovadan bir il sonra və qanunsuz olaraq satılıb, lakin hakim Namidar Misirzadə Prezident Administrasiyasından daxil olan telefon zənginə “yox” deyə bilməyib və gözünü yumaraq, Mir Sadıx Abbasovun xeyrinə qərar çıxarıb. Nəticədə isə, Bakı şəhəri, Gəncə prospekti 29/35 A ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində, ümumi sahəsi 75,46 kvadrat/metr olan 2 otaqlı mənzilin qanuni sahibi Sənubər Məmmədovanın mülkiyyət hüququ kobud şəkildə pozulub.

Təbii ki, bu qərara etiraz edən cavabdeh tərəf Apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Səmədov Tofiq Səməd oğlu, Əliyev Toğrul Məhəmməd oğlundan ibarət tərkibdə işə baxılıb və 13 yanvar 2017-ci ildə Xətai Rayon Məhkəməsinin 18 dekabr 2015-ci il tarixli qətnaməsi ləğv edilib. Bununla da, Məmmədova Sənubər Tofiq qızının Bakı şəhəri, Gəncə prospekti 29/35 A ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsindəki, ümumi sahəsi 75,46 kvadrat/metr olan 2 otaqlı mənzil üzərindəki mülkiyyət hüququ tanınıb.

Onu da qeyd edək ki, şikayətçi Məmmədov Qorxmaz Hüseyn oğlunun 2013-cü ildə mənzilini satdığı Rəhimov Vaqif Tağı oğlu da paralel olaraq Xətai Rayon Məhkəməsinin hakim Misirzadə Namidar Əlöysət oğlunun 18 dekabr 2015-ci il tarixli qərarı ilə bağlı apellyasiya şikayət verib. 28 avqust 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin hakimi Etibar Qəzənfər oğlunun sədrliyi, hakimlər Raqib Əliddin oğlu Qurbanov və Sənan Firudin oğlu Hacıyevin iştirakı keçirilən məhkəmə prosesi zaman Xətai Rayon Məhkəməsinin 18 dekabr 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb. 20 aprel 2019-ci ildə isə eyni iş üzrə Bakı Apellyasiya Məhkəməsinin hakimləri Talışinski Fuad Şəmsəddin oğlu, Əliyev Zaur Əli oğlu və Eyvazov Rəfael Əmir oğlu da sifarişli qərara imza ataraq, Mir Sadıx Abbasovun xeyrinə hökm çıxarıb.

Daha sonra iş üzrə kassasiya şikayət verilib və 10 oktyabr 2019-cu ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən (İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, Əhməd Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə – müəl.) zərərçəkən tərəfin – Məmmədov Qorxmaz Hüseyn oğlu və həyat yoldaşı Məmmədova Sənubər Tofiq qızının əleyhinə qanunsuz qərar çıxarılıb. Şikayətçi iddia edir ki, onun əleyhinə olan bütün qərarlar Prezident Administrasiyasından gələn sifariş əsasında verilib.

Yeri gəlmişkən, ötən sayımızda Abbasov Mir Sadıx Mir Damət oğlunun Prezident Administrasiyasında yüksək vəzifədə çalışan qızının kimliyi haqda oxucularımıza məlumat verəcəyimizi bildirmişdik. Qorxmaz Məmmədovun sözlərinə görə, söhbət Azərbaycan Prezidentinin köməkçisi Cəmilə Abbasovadan gedir. Belə ki, C.Abbasova Prezidentin ona etibarından sui-istifadə edərək, öz şəxsi maraqlarının təmin olunması üçün dəfələrlə hakimlərin ədalətsiz qərar çıxarmasına nail olub. Hətta nə qədər inandırıcı olmasa da, “AENT-E” MMC-nin dələduzluqda ittiham olunaraq həbsə atılan rəhbəri Əkbər Cəfərovu himayə edənlərdən biri kimi, onun da adı hallanır…

Üstəlik, şikayətçi iddia edir ki, sözügedən mübahisəli mənzillə bağlı Abbasov Mir Sadıx Mir Damət oğlu onu görüşə çağırıb və bu zaman birincinin Füzuli adlı mühafizəçisi ona hədə-qorxu gəlib, ölümlə təhdid edib.

Qeyd edək ki, bütün deyilənlərlə bağlı Abbasov Mir Sadıx Mir Damət oğlu ilə əlaqə saxlayıb, onun mövqeyini dərc etməyə çalışdıq. Lakin dəfələrlə mobil telefonuna zəng vursaq da, cavab vermədi. Sonrdan yazıda adı hallanan Füzuli ilə danışaraq, mübahisəli mənzillə bağlı Mir Sadıx Abbasovun mövqeyini dərc etmək istədiyimizi bildirdik. O, “səhər saat 10-da zəng vurun, sizi danışdıracam”, – desə də, deyilən vaxtda telefon zənglərimizə cavab vermədi. Sonradan isə öyrəndik ki, Mir Sadıx Abbasov Bakıda özünə yeni bazar tikdirməklə məşğul olduğundan, telefon zənglərinə cavab verməyə vaxtı yoxdur…

Bütün bunlara rəğmən, biz qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mövzunu davam etdirəcəyik.

Hazırladı: KƏNAN