Prezidentin 4 dəfə təltif etdiyi Vətən Qəhrəmanı

183

Xüsusi Təyinatlıların “Canavar” ləqəbli döyüşçüsü, şəhid zabit İsmayılın həyat hekayəsi

Oğlu İsmayıl müharibəyə gedəndən sonra Həlmət xanımın yuxuları ərşə çəkilmiş, gözlərini azca yuman kimi oğlunu yuxuda görürdü. Özünü çox narahat hiss edirdi. Cəbhədən hər acı xəbər gələndə, sanki, o dünyaya gedib, qayıdırdı. Gecə-gündüz düşmənlərimizi lənətləyir, onları gəbərdən, oğlunu və cəsur hərbçilərimizi qələbə müjdəsi ilə sağ-salamat qayıtmaları üçün daima dualar edirdi…

Onda belə hallar oğlu 2016-cı ilin Aprel döyüşlərində iştirak edəndə də baş vermişdi. Şükürlər olsun ki, İsmayıl həmin vaxt sağ-salamat dönmüşdü. Ana qəlbi isə rahatlıq tapmırdı. Xüsusi Təyinatlıların bölük komandiri olan, kapitan İsmayıl Məhəmməd oğlu Səmədov müharibənin ən qızğın, ön mövqelərdə döyüşsə də, valideynləri, həyat yoldaşı ilə tez-tez telefon əlaqəsi saxlayanda deyirdi: “Ana, ata, Bəsti xanım, Siz darıxmayıb, hər şey yaxşıdır, balalarımdan, özünüzdən, bacım Vəsilədən muğayat olun. Müharibədi, itki də olacaq, yaralananda olacaq, narahat olmayın, düşmənin başını necə lazımdırsa əzirik, qələbə xəbəri ilə az müddətə qayıdacağıq…”

Bəli, söhbət həyatda Vətən sevdası ilə yaşamış, qısa ömür yolunu mənalı, qəhrəmanlıqla keçirmiş və son savaşda döyüşə-döyüşə, şəhidlik zirvəsini fəth etmiş, XTD-nin zabiti İsmayıl Məhəmməd oğlu Səmədovdan gedir…

İsmayıl Zaqarala rayonunun Lahıc kəndində 1990-cı il avqust ayının 9-da dünyaya gələndə Qarabağda savaşlar yeni başlamışdı. Bu cəngavər el oğlumuzun anası Həlmət xanımı və həyat yoldaşı O, Lahıc kəndindəki Birinci Qarabağ Müharibəsində şəhid olmuş Qoca Qocayev adına tam orta məktəbini 2007 –ci ilə 8 –ci sinfini bitirdikdən sonra, Bakı şəhərindəki kimya – biologiya liseyində təhsilini davam etdirmişdi.

“İsmayıl məktəb illərində təbiət fənlərini çox sevsə də, hərbiyə daha çox meylli idi. Böyük Vətən Müharibəsində həlak olan Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin keçdiyi qəhrəmanlıq yolu ilə daima maraqlanardı. Onun haqqında çəkilən “Uzaq sahillərdə” filminə tez-tez baxardı. Mehdini çox sevdiyi üçün 1 yaşlı oğluna da özü onun adını qoymuşdu. İsmayıl həm də Birinci Qarabağ Savaşında şəhid olmuş igidlərimizin göstərdikləri şücaətləri ilə də daima maraqlanardı. Onların qisasını almaq istəyi ilə yaşayan İsmayıl özü könüllü olaraq hərbçi olmağı seçmişdi. Həyatını bu peşəyə həsr etmiş oğlum, gənclərə daima örnək olmuşdu” –şəhid anası bildirir.

Beləliklə, İsmayıl 2011-ci ildə arzusuna qovuşur: “Ali Hərbi Məktəbini bitirdikdən sonra 1 il Təlim-Tədris Məşğələlərini yüksək fəallıqla keçirib, leytenant rütbsini alıb. Mənim oğlum bu hərbi sahəni seçəndə narahat idim. “Ana nigaran qalma, mənim seçimim yanlış deyil, baxarsınız necə zabit olacağam. Siz, mənimlə fəxr edəcəksiniz, qürur duyacaqsınız və bir  vətənpərvər kimi adımı qəhrəmanlar sırasında görəcəksiniz” – demişdi, oğlum. O, 1 il Mingəçevir şəhərində Müdafiə Nazirliyinin “N” sayı hərbi hissəsində qulluq göstərilib. Daha sonra isə Xüsusi Təyinatlıların 6 aylıq kursunu keçib və Yaşmada yerləşən Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlılarının Hərbi Hissəsində xidmətini davam etdirib”.

Anası deyir ki, oğlu İsmayıl hələ Ali Hərbi Məktəbdə təhsil aldığı dövrlərdən Lahıc kəndindən olan ibtidai sinif müəlliməsi Bəsti xanımı sevmiş və onunla əhdi-peyman bağlamışdı. Aprel döyüşlərindən sonra onlar ailə həyatı qurmuşdur. Bu izdivacdan onların 1 qız, 1 oğlan övladı dünyaya gəlib.

“Taleyin qismətinə bir baxın, gənc olmasına baxmayaraq, bütün mürəkkəb tapşırıqları əla yerinə yetirən, hərbi təlimlərdən, sınaqlardan, hətta hərbi idman yarışlarından üzü ağ çıxan oğlum… Bəs nə oldu sənə? 2016 –cı ilin aprel döyüşlərində böyük igidlik, şücaət göstərdin. Neçə-neçə yaralını güllə “yağışı altından” çıxartdın. Onların həyatlarını xilas etdin. O azğın düşmənə qan uddurdun, məhv etdin…” – deyə, oğlunun qəhrəmanlıq epizodlarından danışan, göz yaşları qurumayan Həlmə xanım gözlərindən gil-gilə süzülən göz yaşlarını silə-silə söhbəti davam etdirdi: “İsmayılın aprel döyüşlərində göstərdiyi şücaətə görə Ali Baş Komandan cənab İlham Əliyev şəxsən özü mükafatlandırmışdır. Birbaşa ön cəbhə xəttində oğluma Prezident tərəfindən verilən diplom və medallar bir zabit kimi oğlumun heyət və bütün şəxsi heyət qarşısında nüfuzunu artırmışdı. Seçdiyi sənətinə, doğma Vətəni – Zaqatalaya vurğun, sakit adam idi. Niyyəti gələcəkdə Azərbaycan Silahlı Qüvvələrində pillə-pillə yüksələrək daha ali rütbə almaq idi…”.

Qəhrəmanın həyat yoldaşı olmaq hər bir qadına qismət olmur. Daima narahat olan, çox gecələr yatmayan, nigaran qalan, hətta hərbi sirrləri saxlayanlardan biri də – məhz hərbçinin həyat yoldaşıdır…

Bəsti xanım, ailə həyatı qurduğu vaxtdan İsmayılın dayağı, sirdaşı, dostu olub. O, İsmayıl haqda xatirələrini danışdıqca, xəyallara dalırdı: “2018-ci ildə Türkiyədə dünyanın 25 ölkəsinin seçilmiş hərbçilərinin keçdiyi “Efess” hərbi təlim yarışlarında İsmayılın rəhbərlik etdiyi bölük yüksək məharət və peşəkarlıq göstərərək, qalib oldu. Qazanılan bu uğura görə ona növbəsiz kapitan rütbəsi verildi. Gürcüstan dövlətində keçirilən beynəlxalq hərbi-təlim yarışlarında onun çəkdiyi əziyyət öz bəhrəsini verdi. İsmayılın rəhbərlik etdiyi dəstə birinci yeri tutdu. Lakin İsmayıl bu təlimlərdən, uğurlardan danışmazdı…”.

Nəhayət, sentyabr ayının 27-də ikinci Qarabağa savaşı başladı. İsmayıl Səmədovun dəstəsi Murov dağından sonra Cəbrayıl, Füzuli istiqamətlərində gedən döyüşlərdə igidlik göstərərək, yurd yerlərimizin azad olunmasında fəal iştirak edirdilər. Kapitan təcrübəli zabit kimi döyüşlərdə tabeçiliyində olan hərbçiləri irəliyə aparır, döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi, sonda düşmən mövqelərinin, istehkamlarının, silah-sursatlarının, döyüş texnikalarının və yüzlərlə canlı qüvvələrinin məhv olunması ilə nəticələnirdi…

“Bir canımız var, Allah nə yazıbsa, o da olacaq. Şərəfli və doğru yolu seçin, yalnız 3 məqsədimiz olsun: ya qalib olaq, ya qazi olaq, ya da şəhid. Azərbaycan əsgərinin başqa seçimi ola bilməz…” – Kapitan İsmayıl Səmədov bu sözləri ilə hərbçilərimizə ruh verirdi…

İsmayılın döyüş yoldaşı, Quba rayonunun Alpan kəndindən olan Cavad Nasir oğlu Babayevin mətbuata verdiyi açıqlaması: “Ruhun şad olsun, Allah rəhmət eləsin İsmayıl qardaş! Sən bizim həm komandirimiz, həm yol göstərənimiz, sipərimiz olmusan… O, ən ağır döyüşlərdə belə öndə gedib, bizi qorudu, döyüşlər zamanı beynəlxalq taktikalardan yararlandı və uğurlu əməliyyatlar qurdu.

Oktyabr ayının 4-də Cəbrayıl, Füzuli, Hadrut istiqamətlərində şiddətli döyüşlər başladı. Cəsur komandirimizin bölüyü, yəni biz, oktyabr ayının 3 –dən 4 -ə keçən gecə Cəbrayıl istiqamətində düşmənin televiza qülləsini qoruyan bir tankını və 8 nəfərlik canlı qüvvəsini məhv etdik. Oktyabr ayının 7 –də komandirimiz İsmayıl Səmədovun əmrinə əsasən, gecə saatlarında Füzuli-Hadrut yolunu düşməndən təmizlədik. Bizim bölüyümüzün nəzarətçi qrupu ərazidə düşmən snayperlərin olduğunu müəyyənləşdirdi. Əvvəlcə bu snayperlərdən 3-ünü və sonra isə arxadan bizə atəş açan düşmənləri məhv etdik. Qeyd edim ki, biz növbəti tapşırığı oktyabr ayının 10 –da Füzuli rayonu Gorazıl kəndinin və Horadiz – Füzuli – Hadrut yolunu tutmağı tapşırığını aldıq. Bu əməliyyat zamanı biz, gərgin anlar keçirdik. Əvvəlcə düşmənin 10 –a yaxın texnikasını zərərsizləşdirərək, yolu təmizlədik və həmin kəndə daxil olduq. Ertəsi gün, yəni, oktyabr ayının 11 –də Hadrut qəsəbəsinin azad olunması uğrunda düşmənlə bizim taborumuzun daha ağır, şiddətli döyüşləri oldu. Həmin döyüşdə xain ermənilər bizə qarşı, daha çox saylı canlı qüvvəi ilə hücum etdilər. Düşmənin çoxlu sayda texnikasını, onların döyüşçülərini darmadağın etməyimizə baxmayaraq, biz tərəfdən xeyli itki verdik. Həmin döyüşdə çox təəssüflər olsun ki, bizim fəxrimiz, Silahlı Qüvvələrimizin dəyərli, təcrübəli zabitimiz, bölük komandiri, Xüsusi Təyinatlıların öncülü, kapitan İsmayıl Səmədov da namərd düşmənin snayperlə açdığı atəş nəticəsində qəhrəmancasına həlak oldu. Çox, çox heyf ondan, o, bizim Xüsusi Təyinatlıların gələcəyi, vüqarı idi… Allah onun əzizlərini, balalarını qorusun! İsmayıl, heç təəssüflənmə, o dığalardan sənin qisasını aldıq, onlara yerlərini göstərdik… Qələbə qazandıq… Bütün şəhidlərimizin qisasını almışıq, cənab Kapitan..! Rahat uyu, əziz qardaşımız, əsil qəhrəmanımız”.

İsmayılın oktyabrın 11 –dəki son döyüşündə onunla birlikdə daha 3 nəfər zabitimiz şəhid olub. Ümumiyyətlə yüksək təcrübəli Xüsusi Təyinatlılardan ibarət 133 nəfərdən şəxsi heyətdən cəmi 63 nəfər sağ qaldı. Onların da əksəriyyəti ağır yaralanaraq, qazi oldular. Gizir Cavad Babayev kimi. Hadrut uğrunda gedən döyüşlərdə İsmayıl Səmədovun dəstəsi 80 nəfər azğın düşməni və müxtəlif növ texnikaları zərərsizləşdirib. Onların səyi nəticəsində Hadrut düşməndən azad olunub…

Bəli, həmin gün… Təəssüflər olsun ki, Həlmət ananın narahat günləri və gecələri gerçəkləşdi… Azərbaycan Xüsusi Təyinatlılarının gələcəyi, yüksək təlimlər keçmiş, düşmənə od püskürən cəsur zabitimiz, qəlbi yaratmaq, yaşatmaq eşqi ilə döyünmüş, min cür arzularla yaşamış İsmayıl Səmədov beləcə qəhrəman kimi ömrünü bir vətənpərvər kimi döyüş meydanında bitirdi… İllər keçəcək, əsrlər ötəcək, ancaq İsmayılın keçdiyi hərb yolunu dönə-dönə öyrənəcəklər…

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19.12.2020 –ci il  tarixli Srəncamı ilə Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə çoxlu sayda düşmən və hərbi sursat texnikasını məhv etdiyinə görə, ikidlik və mərdlik nümayiş etdirdiyinə görə İsmayıla “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verildi.

İsmayıl Səmədov döyüş əməliyyatlarına qatılaraq, döyüş tapşırıqlarını yüksək səviyyədə şərəflə və fədakarlıqla yerinə yetirdiyinə görə isə ölkə başçısının digər sərəncamları ilə “Vətən uğrunda” və “Cəbrayılın azadlığı uğrunda” medalları ilə təltif olunub… Bu, təltiflərə qədər, hərbi xidməti dövründə o, “Nümunəvi və Qüsursuz xidmətlərinə görə” III dərəcəli, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubileyi medalları, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə təltif olunmuşdu…

Elman Maliyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü