Polis rəisinin Məhbub Zülfüqarlını məhkəməyə verməsiylə bağlı DİN-dən RƏSMİ AÇIQLAMA

366

ADP İmişli rayon təşkilatının sədri, keçmiş siyasi məhbus Məhbub Əvəz oğlu Zülfüqarlı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olmasıyla bağlı məlumat vermişdik. Prezident İlham Əliyevə müraciət edən şikayətçi İmişli rayon Polis şöbəsinin rəisi Füzuli Şıxəliyevin onu  məhkəməyə verdiyini bildirib. Məhbub Zülfüqarlı Füzuli Şıxəliyevin sahibkarlıqla məşğul olduğunu və onu ikinci dəfə həbs etməyə çalışdığını vurğulayıb. Məsələylə bağlı Daxili İşlər Nazirliyindən redaksiyamızla əlaqə saxlanılaraq, Məhbub Zülfüqarlının məhkəməyə verilməsinin qanunvericiliyə uyğun olaraq, hüquqi norma olduğu qeyd edilib:

“Məhbub Əvəz oğlu Zülfüqarlının məhkəməyə verilməsi qanunvericiliyə uyğun olaraq, hüquqi normadır”.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hər bir şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlarla bağlı məhkəməyə müraciət etmək hüququ var:

“Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, M.Zülfüqarlı sosial şəbəkə seqmentlərində İmişli rayon polis şöbəsinin əməkdaşları və rəhbərliyi haqqında həqiqətə uyğun olmayan əsassız məlumatlar yayıb. Hazırda proses məhkəmə baxışındadır”.

YƏHYA