Polad Həşimovun rütbəsinin mayora endirilməsinin PƏRDƏARXASI…

462
Nəcməddin Sadıkovdan sonra Rövşən Əkbərovun ən tanınan generallardan olduğunu desək, yəqin ki, yanılmarıq. O, bundan öncə 8 il əvvəl cəzalandırılmışdı. Bu, Rövşən Əkbərovun Şəmkir hərbi birləşməsinin komandiri olarkən baş vermişdi.
Sözügedən cəza ilə bağlı, 2013-cü ildə baş vermiş hadisə ətrafında araşdırma aparılıb.
Qısa arayış olaraq bildirək ki, 2013-cü ilin yanvarın 7-də Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən, Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış Ceyhun Zaman oğlu Qubadov qəflətən vəfat edib.
Ekspertiza rəyində əsgərin ürək çatışmazlığından dünyasını dəyişdiyi qeyd olunsa da, əsgər anası Samirə Qubadova bununla barışmayıb və oğlunun döyülərək öldürüldüyünü iddia edib. Həmin il sosial şəbəkələrdə və mətbuatda yayılan fotolar da bu iddianı daha da gücləndirib.
Bu hadisəyə görə həmin vaxt Müdafiə naziri olan Səfər Əbiyev Rövşən Əkbərova şiddətli töhmət verib. Hadisənin baş verdiyi hərbi hissənin komandiri Polad Həşimovun rütbəsi isə polkovnik-leytenantdan mayora endirilib.
2013-cü ildə həmin hərbi hissədə əsgər kimi xidmət etmiş Fariz Qəhrəmanov bildirib ki, əsgərin ölümündə nə hərbi hissə komandiri Polad Həşimovun, nə də tabor komandirinin günahı olub:
“Həmin vaxt posta qalxırdıq. 93 nömrəli posta da əmr gəldi ki, siz qalın, bu gün hava soyuqdur, qardır, sabah qalxarsız. Biz qalxandan sonra MAXE tabor kombatının əmrinə tabe olmayaraq, özbaşına gənc əsgərləri posta tərəf qaldırıb. Rəhmətə gedən əsgər Ceyhun Qubadov da yuxarı qalxmaqda çətinlik çəkib. MAXE də onun üstünə qışqırıb ki, sürətli qalx, yoxsa ikimiz də soyuqdan donub öləcəyik. Əsgər də deyib ki, ayağımda taqətim qalmayıb, qalxa bilmirəm. Əsgər sonra buzun üstündə sürüşərək aşağı gəlib. Donvurmadan vəziyyəti yaxşı deyildi. MAXE də arxasınca gəlib bunu döymüşdü, başından təpiklə vurmuşdu. Çox güclü döymüşdü. Sonra postdan əlavə kömək gəldi, əsgəri yuxarı qaldırdılar. Elə o vaxt ağzından köpük gəlib rəhmətə getmişdi. Həmin vaxt Polad Həşimovun, tabor kombatının heç bir günahı olmayıb. Orada günah bir post rəhbərində idi, bir də MAXE-də. Onlar özbaşına qərar verib posta qalxmışdılar. Bundan nə Polad Həşimovun, nə də tabor kombatının xəbəri var idi”.
Hadisə şahidinin də açıqlamasından başa düşülür ki, Polad Həşimova verilən cəza əslində haqsız imiş. Görünür, bu məsələ Müdafiə Nazirliyi tərəfindən həmin vaxt dəqiq araşdırılmayıb və nazir Səfər Əbiyev ona yönəlmiş tənqidlərdən qaçmaq üçün zabitlərə tələsik cəza verməklə məsuliyyətdən boyun qaçırıb. Hər halda rütbəsi polkovnik-leytenant ikən mayora endirilən Polad Həşimovun sonradan general-mayor rütbəsinə qədər yüksəlməsi, ən əsası xalqın qəhrəmanına çevrilməsi, Tovuz döyüşlərində şəhid olması ilə mübarizəmizi daha da gücləndiriməsi, onun sağlığında  haqsızlıqla barışmamasının, iradəsinin göstəricisidir.
Onu da qeyd edək ki, ölkə gündəmini zəbt edən hadisə ilə bağlı həmin vaxt Müdafiə naziri olan Səfər Əbiyevin də cəzalandırılması, məsuliyyətə cəlb edilməsi ilə bağlı fikirlər yayımlanırdı. Maraqlıdır ki, general-polkovnikin vəzifədən azad edilməsi də məhz 2013-cü ilə, hadisədən 9 ay sonraya təsadüf edir.
Məsələ burasındadır ki, hadisə ilə bağlı Səfər Əbiyevin şiddətli töhmət verdiyi general-leytenant Rövşən Əkbərovla sabiq nazirin ulduzu barışmayıb. Əbiyev və Əkbərov arasında daha bir qalmaqal isə 2013-cü ilin iyununda olmuşdu. Mətbuatın yazdığına görə, Müdafiə Nazirliyi digər ordu birləşmələrinin komandanlarını Azərbaycan ordusunun yaranmasının 95 illiyinə həsr olunan parada dəvət etsə də, Rövşən Əkbərov təntənəli mərasimə çağırılmayıb. Lakin general bununla barışmayıb və paradda iştirak edə bilib. O, buna məlumatı ölkə rəhbərliyinə çatdırmaqla nail olub. Daha sonra Əbiyevə Əkbərovun parada çağrılması tapşırığı gəlib və bu, icra olunub. Həmin vaxt yayılan iddialara görə, Rövşən Əkbərov özünü postƏbiyev dövrünə layiqli namizədlərindən biri kimi tanıtdırması Əbiyevin xoşuna gəlməmişdi.
Qeyd edək ki, əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılmışdı. Prosesin davamında əsgər ölümünə görə hərbi hissəsinin zabiti, baş leytenant Veysəl Ağayev və gizir Müqəddəs Qurbanov həbs edilmişdilər. Veysəl Ağayev 3 il, MAXE Qurbanov isə 5 il azadlıqdan məhrum edilmişdi. Bundan başqa, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini və bölük komandiri vəzifələrindən azad olunmuşdu. (Qafqazinfo)