Peyvənd olunmayan jurnalistlərə məhdudiyyət tətbiq olunacaq?

126

Mətbuat Şurasının sədr müavini Əvəz Rüstəmov: “Əgər ölkə üzrə məhdudiyyət olacaqsa, bu, mümkün ola bilər”

Azərbaycan Mətbuat Şurasının “COVID-19” xəstəliyi əleyhinə vaksinasiyanın aparılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanladığı müraciətə aidiyyatı üzrə  Azərbaycan Respublikasını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində baxılıb. Bu haqda Mətbuat Şurasından məlumat verilib.

Məlumata əsasən, agentlikdən Şuraya daxil olan məktubda bildirilir ki, jurnalistlərin vaksinasiya olunması ilə əlaqədar müvafiq tapşırıq verilib. Məktubda həmçinin vaksinasiya olunacaq jurnalistlərin siyahısının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (TƏBİB) təqdim edilməsinin vacibliyi vurğulanıb.

Mətbuat Şurası bununla əlaqədar olaraq KİV redaksiyalarından yaşı 18-dən yuxarı olan və vaksinasiyadan keçməyən əməkdaşlarının siyahısını Şuraya ünvanlamağı xahiş edir.

Bəs, vaksinasiya könüllülük prinsipi əsasında həyata keçiriləcək, yoxsa peyvənd olunmağa razı olmayan media işçilərinə hansısa məhdudiyyət tətbiq olunacaq? Həmçinin, xarici vətəndaşlığı olan jurnalistlər də peyvənd olunacaqmı?

Suallarımıza cavab almaq üçün Mətbuat Şurasının sədr müavini Əvəz Rüstəmovla əlaqə saxladıq. O, “Hürriyyət”ə açıqlamasında  deyib ki, peyvəndlənmə könüllülük prinsipi əsasında həyata keçiriləcək. Onun sözlərinə görə, peyvənd olunmayan jurnalistlərə jurnalistlik fəaliyyətinə heç bir məhdudiyyət tətbiq olunmayacaq:

“Bəli, bu, könüllülük prinsip əsasında həyata keçiriləcək. Vaksin olunmayan jurnalistlərə isə jurnalistlik fəaliyyətinə heç bir məhdudiyyət tətbiq olunmayacaq. Bu mümkün də deyil. Əgər, ölkə üzrə ümumi məhdudiyyətlər tətbiq olunacaqsa, bunu jurnalistlik fəaliyyətinə məhdudiyyət kimi qiymətləndirməyək. Jurnalist hər şeydən əvvəl vətəndaşdır.

Bildiyim qədəriylə vaksin Azərbaycan vətəndaşlığı olanlara vurulur. Kimsə gedib pulla vaksin oluna bilər, bu, tamam başqa məsələdir. Məsələn, Gürcüstan dövləti vaksinasiya olunmayan şəxsləri ölkəyə buraxmayacaq. Belə bir tələb qoyub. Jurnalist də peşəsiylə əlaqədar hansısa ölkəyə getsə, belə məhdudiyyətlər ola bilər. Dediyim kimi, bunu jurnalistlik fəaliyyətinə məhdudiyyət kimi qiymətləndirməyək. Əgər ölkə üzrə məhdudiyyət olacaqsa, bu, mümkün ola bilər. Bu da vaksin olunmayan jurnalistin fəaliyyətinə təsir göstərə bilər. Əgər məhdudiyyət olacaqsa. İndiki məqamda belə bir məhdudiyyət yoxdur. Artıq dünəndən başlayaraq redaksiyalardan jurnalistlərin siyahısı daxil olur”.

YƏHYA