“Paşinyanın gedişi Xankəndi məsələsində Moskva və İrəvanın eyni xətt aparmalarına gətirib çıxaracaq” – ZAUR MƏMMƏDOV

819

“ABŞ və Aİ Ermənistanın mövcud hakimiyyətinə dəstək verməlidir, əks halda bu ölkə 2025-ci ilə qədər Belarusiya ilə birlikdə Rusiyanın quberniyasına çevriləcək”

“20 fevral Ermənistanda keçiriləcək ümumxalq mitinqləri öncəsi Paşinyan ilə Putin arasında telefon danışığı baş tutub. İctimaiyyətə açıqlanan tərəflərini qoysaq kənara, böyük ehtimalla Ermənistandakı daxili vəziyyət də müzakirə edilib. Qeyd edim ki, Ara Abramyanın başçılığı altında Ümumrusiya erməni diasporası Paşinyanın devrilməsi və bu mitinq üçün Köçaryana milyonlarla rubl göndərib. Bəzi mənbələrdə 30 milyondan söhbət gedir”. Hurriyyet.az xəbər verir ki, bu fikirlər Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədova məxsusdur.

Politoloqun sözlərinə görə, qeyd olunan məbləğın bəzi hissəsi mitinqdə kütləviliyi təşkil edənlərə paylanılacaq: “Bəs Paşinyan gedərsə nə baş verəcək? Rusiyaya yaxınlığı ilə seçilən qüvvələrin hakimiyyətə gəlişləri Qafqazdakı yeni proseslərə təsirsiz ötüşsə də, Xankəndi məsələsində Moskva və İrəvanın eyni xətt aparacaqlarına gətirib çıxaracaq. Bu sülhməramlıların nəzarətindəki torpaqların de-fakto Donbas ssenarisinə yaxınlaşmasına gətirib çıxara bilər. Amma əgər hakimiyyətdə Paşinyan və ya Ter Petrosyanın ideoloji görüşünü bölüşən şəxs olarsa, bu Ermənistanın Xankəndi haqqında düşünmədən dövlətçiliyinin qorunması və gələcəyə baxmasına gətirib çıxara bilər. Hər halda, Qarabağ ətrafında artıq danışıqların əsas tərəfi Ermənistan tərəfi deyil, Rusiyadır”.

Köçaryanın məqsədinin bəlli olduğunu vurğulayan Bakı Politoloqlar Klubunun rəhbəri hesab edir ki, o, Ermənistanın İvanişvilisi olmaq iqtidarındadır: “Top Baydendədir. ABŞ və Avropa İttifaqı Rusiya ilə geosiyasi mübarizə kontekstində indiki hakimiyyətə dəstək verməlidirlər. Əks halda, Ermənistan suverenliyini tam itirəcək və 2025-ci ilə qədər Belarusiya ilə birlikdə Rusiyanın quberniyasına çevriləcək. Digər tərəfdən, Ermənistandakı hadisələr avtomatik olaraq Qərb üçün Azərbaycanın yerini daha da möhkəmləndirəcək. Vaşinqton Bakı ilə münasibətlərdə ciddi addımlar atacaq. Bu isə ölkəmizin şimal və qərb istiqamətlərində manevr imkanlarını genişləndirəcək”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.az