Paşinyanın əleyhdarları Yerevanı iflic vəziyyətinə salmaq QƏRAR VERDİLƏR

264

Yerevandə baş nazir Nikol Paşinyan və onun komandasının istefası tələbi ilə keçirilən mitinq hökumət binasının qarşısında başa çatıb.
Bu barədə TASS məlumat yayıb.

“Daşnaktsütyun” partiyası idarə heyətinin təmsilçisi İşxan Saqatelyan bildirib ki, bazar ertəsi bütün ölkə boyu itaətsizlik aksiyalarına başlamağı planlaşdırırlar.

Yeri gəlmişkən, bu gün keçirilən mitinqdə təxribata cəhd olub. Belə ki, ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyanın mitinq iştirakçıları qarşısında çıxışı zamanı bir nəfər tribunaya qalxaraq qışqırmağa və təxribata cəhd göstərib. Mitinqə gələnlər onu tribunadan aşağı endiriblər.
Təxribata cəhdin hakimiyyət tərəfindən planlaşdırıldığı iddia olunur.
**17:46
Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyətin devrilməsinə nail olmaq üçün qeyri-stop (fasiləsiz) rejimdə kütləvi itaətsizlik aksiyaları elan edib.

Bunu “Vətənin xilası hərəkatı”nın koordinatoru İşxan Saqatelyan mitinqin sonunda deyib.
“Fevralın 20-də hərəkatımızın yeni səhifəsini elan edirik. Biz razılığa gəlmişik ki, mövcud hakimiyyətin devrilməsi barədə ümumxalq tələbi ümumxalq mübarizəsi olacaq”, – deyə Saqatelyan vurğulayıb.
Onun sözlərinə görə, şəhər iflic olmalıdır.

“Nə qədər ki, Nikol Paşinyan ölkəmizdədir, burada sabitlik və əmin-amanlıq olmayacaq”, – deyə Saqatelyan bəyan edib.
Daha sonra müxalifət və tərəfdarları dörd qrupa bölünüb. Bir hissə “Maştots” prospekti və Amiryan küçəsi, ikincisi Sayat-Nova-Abovyan küçələri istiqamətində, üçüncü qrup Baqramyan prospekti, dördüncü isə “Nairi” kinoteatrına doğru hərəkət edib. \\Virtualaz

**15:21
Ermənistanda müxalifətin ümumxalq mitinqi başlayıb.
Yerevandakı Azadlıq meydanında keçirilən mitinqi “Vətənin qurtuluşu hərəkatı” təşkil edib.
Mitinqdə baş nazir Nikol Paşinyanın istefası tələb olunur.

“Ermənistan uçurumun astanasındadır, ölkə iqtisadiyyatı hər gün düşməyə davam edir. Bütün bunlara dözməyin, mübarizə aparın. Yalnız bir tələb var – xainin istefası. Birlikdə vətənimizi xilas edəcəyik ”, – deyə hərəkatın müraciətində vurğulanıb.

Yerli KİV-in yazdığına görə, hazırda Yerevanın mərkəzi küçələrinə çox sayda polis cəlb olunub. Xüsusilə, parlamentin binasının yaxınlığında, Maştots prospektində, Respublika meydanında və digər yerlərdə içərisində polislər olan avtobuslar saxlanılıb. \\Virtualaz