PAŞİNYAN PUTİNDƏN İSTƏDİYİNİ ALA BİLDİMİ? – “Kreml sahibi seçimini edib…”

48

Aprelin 7-də Moskvada Rusiya prezidenti Vladimir Puitinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqların məğzi açıqlanıb.

“AzPolitika.info” erməni mediasına istinadən xəbər verir ki, görüşdə Paşinyan bir daha Azərbaycanda saxlanan erməni hərbçiləri məsələsini qaldırıb:“Bizim dəfələrlə müzakirə etdiymiz kimi 9 noyabr bəyanatına görə bütün girovlar, hərbi əsirlər və başqa saxlanan şəxslər vətənlərinə qaytarılmalıdır. Təəssüf ki, Azərbaycanın hələ də saxladığı şəxslər var. Mən şadam ki, bu məsələnin həllinə dair bizim mövqelərimizdə fərq yoxdur”.

Rəsmi Moskva dəfələrlə bəyan edib ki, Qarabağ müharibəsinin bütün hərbi əsirlərinin məsələsi hamını hamıya prinsipi ilə həll olunmalıdır. Rusiyanın RBK agentli iddia edib ki, Azərbaycanda hələ də 140-dək erməni hərbi əsiri saxlanır.

Bu məsələ ilə bağlı rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, saxlanılan hərbçilər əsirlər deyil, onlar müharibə bitdikdən sonra Azərbaycan ordusunun mövqeyinə hücum çəkmiş diversantlardır. Onlar barəsində qanunvericiliyə uyğun olaraq hüquqi ölçü götürüləcək.

Erməni mediası yazır ki, Moskva və İrəvanın mövqeləri bir məslədə də üst-üstə düşür: “Bu Qarabağ münaqişəsinin yekun tənzimlənməsi məsələsidir.Ermənistan bu məsələnin hələ də həll olunmadığını dəfələrlə bəyan etsə də, Moskva bu məsələnin hələ vaxtının çatmadığını bildirir”.

Aprelin 7-də keçirilən görüşdə Nikol Paşinyan bu məsələni bir daha qaldırdığını bildirib: “Çox mühümdür ki, biz Dağlıq Qarabağ probleminin həlli ilə bağlı baxışlarımızı müzakirə edək. Təəssüf ki, problem həll olunmayıb və biz bu məsələ barədə danışmalı, gələcəyə olan baxışlarımızı müzakirə etməliyik”.

Həmçinin Paşinyan Putinlə görüşdə Ermənistanda yeni atom elektrik stansiyasının tikilməsinin mümkünlüyü məsələsi barədə də danışıb.

O xatırladıb ki, Türkiyə tez-tez “Metsamor” stansiyasının bağlanması məsələsini qaldırır. Danışıqların əsas hissəsi bağlı qapılar arxasında aparılıb.

Lakin Paşinyan söhbətin açıq hissəsində Rusiya-Ermənistan birgə qoşun birləşməsinin fəaliyyəti ilə bağlı bəzi nüansları müzakirə etmək istədiyini bildirib. Ermənistan baş naziri konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb, lakin əlavə edib ki, Rusiya və Ermənistanın hava hücumundan birgə müdafiə sistemi var.

Putin öz növbəsində əsasən regionda ticari-iqtisadi əlaqələrin, nəqliyyat marşrutlarının bərpasından və bunun Ermənistan üçün açdığı perspektivlərdən və faydalardan danışıb. Putin bir daha xatırladıb ki, Ermənistan iqtisadiyyatına qoyulan bütün investisiyaların 40 faizə qədəri Rusiyanın payına düşür.

Bundan əvvəl RBK öz mənbələrinə istinadən bildirmişdi ki, mövcud fikir ayrılıqlarına görə üçtərəfli komissiya regionda nəqliyyat marşrutlarının açılması barədə qərar qəbul edə bilmir. Ermənistan tərəfi Meğriyə dəmir yolu tikintisi ilə eyni vaxtda İcevana dəmir yolu xəttinin çəkilməsini və Bakı-Tbilisi-Yerevan dəmir yolu xəttinin bərpasını istəyir.

 

 

Putin-Paşinyan görüşünü şərh edən politoloq Elxan Şahinoğlu bildiribki, görüş başlayarkən media qarşısında diqqəti çəkən 3 açıqlaması var idi: “Birincisi, o dedi ki, guya əsirlər məsələsində Rusiya Ermənistanla ortaq baxışa malikdir. İkincisi dedi ki, Dağlıq Qarabağ məsələsi hələ tam həll olunmayıb. Üçüncüsü də bildirdi ki, Rusiyanın Ermənistanda yeni atom elektrik stansiyasının inşaasını istəyir.

Paşinyanın görüşdən əvvəl əsirlər barədə dediyi erməni cəmiyyətinə ünvanlanmışdı. Paşinyan bununla göstərmək istəyirdi ki, erməni cəmiyyətini narahat edən mövzunu Rusiya prezidenti ilə geniş müzakirə edəcək. Halbuki, Putin görüşdən əvvəl bu barədə heç nə demədi. Bu mövzu Moskvanı narahat etmir. Bu mövzunu səsləndirmək parlament seçkisi öncəsi Paşinyana lazımdır”.

Atom elektrik stansiyası təklifinə gəldikdə, poltoloq qeyd edib ki, bu da Paşinyanın taktiki gedişidir. Onun sözlərinə görə, Ermənistanın baş naziri bu təklifi səsləndirməklə Putinə göstərmək istədi ki, Moskvaya əliboş gəlməyib. Ancaq kasıb Ermənistanda ikinci atom elektrik stansiyası tikmək Rusiyanın nəyinə lazımdır?

“Birincisi, mütəxəssislərin ilkin hesablamalarına görə Ermənistanda ikinci atom elektrik stansiyasının tikintisi 3-7 milyard dollara başa gələ bilər. Bunu kim maliyyələşdirəcək? Ermənistanın pulu yoxdur. Demək, İrəvan tikintinin maliyyəsini Rusiyaya yükləmək istəyəcək. Rusiya həmin pulu xərcləyib o şərtlə Ermənistanda atom elektrik stansiyası tikmək istəyər ki, qoyduğu investisiyanı geri qaytara bilsin. Ancaq bunun üçün mifik stansiya tikildikdən sonra əhaliyə elektrik enerjisi baha satılmalıdır ki, Rusiya pulunu geri qaytara bilsin. Ermənistanın kasıb əhalisi baha qiymətə elektrik enerjisi ala biləcəkmi?

İkincisi, rusiyalı eksperlər bildirirlər ki, atom elektrik stansiyasının koprusları Rusiyadan Ermənistana daşınmalıdır. Ancaq Rusiyanın Ermənistanla sərhəddi yoxdur. Həmin korpuslar isə ya dəniz, ya da dəmiryolu ilə Rusiyadan Ermənistana çatdırıla bilər. Ermənistan hər ikisindən məhrumdur. Rusiya Abxaziyanın ilhaqıyla bağlı Gürcüstan dəmiryolundan istifadə edə bilmir. Demək yerdə qalır, həmin korpusları Azərbaycan üzərindən Ermənistana daşımaq. Ancaq bunun üçün Ermənistan Zəngəzur üzərində vaxtilə sökdüyü dəmiryolunu bərpa etməlidir və Azərbaycanla münasibətləri normallaşdırmağa başlamalıdır ki, Rusiya Azərbaycan dəmiryolu üzərindən həmin koprusları Ermənistana çatdıra bilsin”,-deyə Şahinoğlu vurğulayıb.

Ekspert qeyd edib ki, Nikol Paşinyanın Rusiyaya səfəri heç bir sənəd imzalanmadan başa çatdı:”Moskvada Putindən çox Paşinyan danışdı. Seçki öncəsi çox danışmaq Paşinyana lazımdır. Əsirlər mövzusuna maraq göstərməyən Moskvaya Azərbaycanla Ermənistan arasında nəqliyyat xətlərinin açılması lazımdır. Bunu isə Paşinyan seçkiyə qədər uzatmağa çalışır ki, müxalifətin təzyiqi ilə üzləşməsin. Digər tərəfdən, Paşinyanın beynini hələ də bu sual məşğul etməlidir: “Vladimir Putin məndən bir gün əvvəl əsas rəqibim Robert Köçəryanı Moskvaya dəvət edib onunla 1 saat müzakirə aparmaqla nə demək istədi?”

“AzPolitika.info”