Paşinyan polisin maaşını 2 dəfə artırdı – Seçki ərəfəsində müxalifət etiraz edir

129

Ermənistanda siyasi gündəmi çalxalayan yeni mövzu hökumətin polisin maaşını gözlənilmədən 100 faiz artırması oldu.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatı hökumətin bu qərarına etiraz edən müxalif siyasətçilərin fikirlərinə geniş yer verir.

Parlamentdə çıxış edən hakim partiyanın təmsilçisi, deputat Artak Manukyan müxalifətin sərt sualları qarşısında aciz qalıb. Müxalif deputatlar hakim partiya təmsilçisindən nədən hüquq-mühafizə orqanları əməkdaşlarının maaşlarının məhz indi, yəni seçkiyə az vaxt qalmış artırılmasına dair qərar verildiyini soruşublar. Onların fikrincə, Nikol Paşinyan bu yolla polisi ələ almaq istəyir. Çünki seçki dövründə və seçkidən sonra hökumətin polisin xidmətinə çox ehtiyacının olacağını yaxşı bilir.

Hakim partiyanın deputatı müxalifətin ittihamlarına cavab olaraq bildirib ki, hüquq-mühafizə orqanlarının maaşının ikiqat artırılmasına siyasi don geyindirmək doğru deyil və bu addım dövlət orqanlarında işləyənlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair proqramın tərkib hissəsidir. Lakin müxalifət bu izahla razılaşmayıb. Ona görə ki, hazırda ölkədə uzun müddətdir səhiyyə işçilərinin və hərbçilərin bir hissəsinin əmək haqları ödənmir. Onların maaşlarının artırılması barədə isə bir şey deyən yoxdur.