Pandemiyanın tüğyan etdiyi bir zamanda koronavirusu müalicə etdiyini iddia edən Biləsuvar sakini Hürriyyətə danışdı

1293

Pandemiyanın tüğyan etdiyi, hamının sosial məsafə və özüntəcrid etdiyi bir zamanda redaksiyamıza koronavirusu müalicə etdiyini iddia edən Biləsuvar sakini məktub ünvanlayıb. Qurban Abbasovun redaksiyamıza ünvanladığı məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

“Yoluxucu virusu üç gün ərzində zərərsizləşdirə bilirəm. Üç gündən sonra iştah və dadbilmə bərpa olunur. Bütün bunları dərmansız həyata keçirdirəm. Bunun üçün orqanizmdə xüsusi mühit yaradıram. Bu mühitə düşən virus inkişaf edə bilmir və məhv olur. Virusun müalicəsini ev şəraitində ciddi intizam şəraitində həyata keçirmişəm. Ailə üzvlərimi də bu üsulu tətbiq etməklə xəstəlikdən qorumuşam. Odur ki, sizdən xahişim budur ki, bunu qəzetinizdə işıqlandırasınız. İnsanları psixoloji cəhətdən hazırlamaq xatirinə elmi izahı və necə bunu yerinə yetirmək lazım olduğunu ayrıca olaraq sizə göndərəcəm. Bu yeni il münasibətilə sizə sürpriz olacaq. Əvvəlcədən minnətdarlığımı bildirirəm”.

Daha sonra, məsələnin nə dərəcədə doğruluğunu öyrənmək üçün Biləsuvar sakini Qurban Abbasovun özüylə əlaqə saxladıq. O, Hürriyyət-in əməkdaşının suallarını cavablandırıb:

 – Salam Qurban bəy. Hürriyyət qəzetinə koronavirusu müalicə etməyinizlə bağlı məktub ünvanlamısınız. Müraciətinizi işıqlandırmaq istəyirdik.

– Bəli, məktubu mən göndərmişəm.

 – Siz, hansı fəaliyyətlə məşğulsunuz?

– Mən tikinti mühəndisi işləyirəm. Müxtəlif elmləri bilirəm. Yüksək dərəcədə savadım var.

 – Hazırda nə işlə məşğulsunuz?

– Hazırda işləmirəm. Pensiyaya çıxmışam. Düzdür, mən məktubu ünvanlamışam. Amma, elmi izahını yazmamışam. Bu yaxında redaksiyanıza gələcəm, elmi izahını orda canlı göstərəcəm. Məqsədim odur ki, müraciətim qısa olaraq qəzetdə çap edilsin. Özüm indi açıqlamıram. Bir çox elmi ideyalarım olub ki, məndən oğurlanıb.

 – Koronavirusu tibbi baxımdan müalicə edirsiniz?

– Bu möcüzə deyil. Elmi əsaslara söykənib, kimya və fizikanın qanunları ilə müalicə edirəm. Koronavirusa yoluxan həyat yoldaşımı və gəlinimi üç günün ərzində sağaltmışam. Ailə üzvlərimin digərlərində də bu üsulu tətbiq etməklə tədbirlərimi görürəm. Bu üsulu öz üzərimdə tətbiq edirəm. Virusdan qorxum yoxdur.

 – Belə bir müalicə üsulunu bildiyinizlə bağlı dövlət orqanlarına məlumat vermisiniz?

– Xeyr, dövlət orqanlarına müraciət etməmişəm. Mən, bir çox xəstəlikləri də müalicə edirəm. İnsanların üzərində tətbiq etmişəm. Nəticədə effekti də olub. Səhiyyə Nazirliyində olmuşam. Orda mənim bu işimə maraq göstərilmir. Bildirirlər ki, sən bizim “çörəyimizə” bais olursan…Özü də xəstəlikləri dərmansız müalicə edirəm. Heç bir dərmandan istifadə etmirəm. Yalnız ərzaqlardan istifadə edirəm. Redaksiyanıza gələndən sonra, sizin əməkdaşlara da bu üsuldan istifadə etməyi öyrədəcəm.

 – Yalnız ərzaqlarla müalicə edirsiniz?

– Bəli. Ora gəlib tam açıqlayanda, özünüz də bunu təsdiq edəcəksiniz. Hər şeyin izahını verəcəm. Ailə üzvlərimdə də virus aşkarlanmışdı. Üç gün ərzində evdə nizam-intizam yaratdım. Heç kimin bir-biriylə əlaqəsi olmadı. Daha sonra yenidən analiz verəndə, virus aşkarlanmadı. Hətta, bahalı dərmanlar almışdılar. Amma, heç o dərmana ehtiyac qalmadı. Yol bağlı olduğuna görə gələ bilmirəm. Yaxın günlərdə gələcəm. Mən vəkilim vasitəsilə hər şeyi məktubda yazmışam. Vəkilimin adını demirəm. Ona görə də elmi izahı yazmağa qorxuram. Çünki, oğurlaya bilərlər.

 – Qurban bəy, siz elmi izahı verəcəksizsə, hər halda biz sizin adınızı qeyd edəcəyik. Bunu oğurlamaları mümkün deyil…

– Mənim elmi ideyalarım olub ki, oğurlayıblar. Bu baxımdan qorxuram. Sadəcə indi qısa olaraq müraciətimin yayımlanmağımı istəyirəm.

Biz redaksiyamıza gələn hər bir müraciətə nəzər salırıq. Qəzetimizin daimi oxucusu olduğunu deyən Biləsuvar sakini, hər halda ideyalarının oğurlanmasından çəkinir. Qurban Abbasovun dediklərinin doğruluğunu yoxlamaq üçün redaksiyamıza dəvət etdik.

YƏHYA