Pandemiya dövründə pullu təhsil alan tələbələrə niyə güzəşt edilmədi?

531

Onlayn təhsil müddətində bir çox xərclərdən azad olan universitetlər, fürsətdən yararlanaraq, daha çox qazanc əldə etməyə üstünlük verdilər…

Kamran Əsədov: “Azərbaycanda isə təhsil müəssisələri xərc çəkmədən böyük vəsaitlər əldə edir”

Elçin Əfəndi: “Tələbələrə güzəşt olunması vacib və gözlənilən idi…”

Aynur Hacıyeva: “Tələbələrin və valideynlərin narazılığı hələ də davam etməkdədir”

 “Dünya təcrübəsinə əsaslanaraq, distant təhsilin ödənişi ən azı 50 faiz aşağı endirilməli idi”

 Koronavirus pandemiyası dövründə ali məktəblərdə təhsilin onlayn qaydada həyata keçirilsə də, heç bir təhsil müəssisəsi təhsil haqlarına güzəşt tətbiq etmədi. Doğrudur, Nazirlər Kabineti tərəfindən “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar qəbul edildi. Lakin, bu, ödənişli əsaslarla təhsil alan bütün tələbələri tam şəkildə əhatə etməyib. Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov “Hürriyyət”ə müsahibəsində bildirdi ki, istər bir çox dünya dövlətlərində, istər də qardaş Türkiyədə universitetlər təhsil ödənişlərinə 50 faiz güzəşt edib:

– Pandemiya dövründə ali təhsil müəsissələrində təhsil haqlarına güzəştlər olunmalıydımı?

– Əslində, dünya təcrübəsinə baxsaq görərik ki, belə işlərdə dövlət mövqeyini ortalığa qoyur. Azərbaycanda 52 ali təhsil müəssisəsi var. Burda 182000 tələbə təhsil alır. Bu tələbələrdən 67000-i ödənişsiz təhsil alsa da, yerdə qalan tələbələr öz vəsaistləri hesabına təhsil alır. Universitetlərin də 99 faiz gəlirləri tələbələrin ödədikləri gəlirlərin hesabına müəyyənləşir. Ali təhsil müəssisələrinin gəlirləriylə yanaşı, xərcləri də var. Amma 2020-ci ilin mart ayından bəri ənənəvi təhsil həyata keçirilmir. Məsafədən təhsil təşkil olunur. Bu baxımdan, ali təhsil müəssisələrinin xərcləri azalıb. Yəni siniflərin işıqlandırılması, kommunal və təmizlik kimi xərcləri olmur. Universitetlərin kifayət qədər xərcləri aşağı düşüb. Buna baxmayaraq, təhsil haqları əvvəki qaydada davam edir.

Hesab edirəm ki, dünya təcrübəsinə əsaslanaraq, distant təhsilin ödənişi ən azı 50 faiz aşağı endirilməli idi. Dediyim kimi, burda dövlət öz mövqeyini ortalığa qoymalıdır. Məsələn, Türkiyədə dövlət tərəfindən təhsil müəssisələrinə aid olan ödənişlər (vergi ödənişləri, digər kommunal ödənişlər) alınmayıb. Bu da universitetlərin xərclərini tamamilə azaldıb. Yəni dövlət pandemiyadan əvvəl universitetlərdən aldığı ödənişləri pandemiya ərəfəsində almayıb. Daha sonra universitetlərdən tələb edildi ki, ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqları azaldılsın. Türkiyə universitetləri də öz növbəsində təhsil haqlarını azaltdı.

Azərbaycanda isə təhsil müəssisələri xərc çəkmədən böyük vəsaitlər əldə edir. Əvvəllər tələbələr universitetə gedib, bu baxımdan da universitet də müəyyən xərclər çəkib. Amma, universitet müəllimi pandemiya dövründə öz evində dərs deyir, öz işığından və internetindən istifadə edir. Tələbə əvvəl universitetə gedirdisə, indi evində distant təhsil üçün özünə kompüter almalı və davamlı internetlə təmin edilməlidir. Düşünürəm ki, universitetlər təhsil haqlarını ən azı 50 faiz azaltmalıydılar.

– Bundan sonra, Nazirlər Kabinetindən belə bir qərar gözləmək olarmı?

– Bununla bağlı Nazirlər Kabineti təhsil müəssisələrinə bildirişlər göndərməlidir. 2020-ci ilin yanvar-fevral aylarıyla pandemiya dövrünü müqayisə edən zaman görərik ki, kifayət qədər fərq var. Universitetin xərcləri kəskin şəkildə aşağı düşüb. Bütün bunlar Nazirlər Kabineti tərəfindən diqqətə alınaraq, universitetlərə məlumat göndərilməliydi ki, onlar da təhsil haqlarını azaltsın.

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi isə “Hürriyyət”ə müsahibəsində bildirdi ki, dövlət tərəfindən sosial həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar qəbul edilsə də, bu, ödənişli əsaslarla təhsil alan bütün tələbələri əhatə etməyib: “Əslində, tələbələrə güzəşt olunması vacib idi. Hətta bu gözlənilirdi. Təəssüf ki, təhsil ödənişlərində heç bir güzəşt olunmayıb. Dövlət tərəfindən təxminən 15000 tələbənin təhsil haqlarında müəyyən güzəştlər olunub. Bu da dövlət büdcəsi hesabına ödənilib. Düşünürəm ki, bunu etməklə müəyyən qədər dəstək verilmiş oldu. Ümumi götürdükdə isə ödənişli əsaslarla təhsil alan tələbələrin hamısına şamil edilməyib. Bu da problemli məsələ olaraq qalıb. Nəzərə almaq lazımıydı ki, tələbələr evlərində oturur və universitetə getmir. Universitetlərin pandemiya dövründə heç bir xərcləri olmayıb. Bütün bunları nəzərə aldıqda, hər bir universitet tələbələrə təhsil haqlarında müəyyən dərəcədə endirim etməli idi. Məsələn, 2500 manat təhsil haqqı ödəyən tələbəyə 500 manat güzəşt edilə bilərdi. Ən azı, hər bir tələbənin təhsil haqqında 500 manat güzəşt edilə bilərdi. Düzdür ki, dövlət tərəfindən 15000 tələbəyə təhsil haqlarında güzəşt edilib. Amma bu, ümumi ödənişli əsaslarla təhsil alan tələbələrə şamil edilməyib. Burda da müəyyən fərqləndirmə aparıldığını düşünürəm. Yalnız sosial həssas qruplara güzəşt edilib. Çox təəssüf ki, bu barədə doğru qərar verilmədi. İstənilən halda, bununla bağlı qərar ya Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah, ya da Təhsil Nazirliyi tərəfindən verilməli idi. Çox təəssüf ki, bu qərarlar olmayıb. Təhsil Nazirliyi tərəfindən tələbə təhsil kreditləri təqdim edilir. Yəni bu faizsiz təhsil kreditləri olacaq. Ödənişli əsaslarla təhsil alan tələbələr təhsil kreditindən istifadə edə bilər. Tələbə müəyyən bir vaxt ərzində götürdüyü təhsil kreditini ödəyə biləcək”.

Dövlət tərəfindən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb. Bəs, dövlət büdcəsindən ayrılan vəsait bütün sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələri əhatə edibmi? Sosioloq Aynur Hacıyeva “Hürriyyət”ə bildirdi ki, bu cür vəziyyətlərdə qəbul ediləcək qərarlar və proqramlar hər bir tələbəyə şamil edilməlidir və təhsil haqqlarının ödənilməsində müəyyən faiz güzəştlərin olunması vacibdir:

“Bu, çox geniş və təzadlı mövzudur. Eyni zamanda, geniş müzakirə tələb edən mövzudur. Çünki hər hansı tələbat varsa və bu təlabat bütün cəmiyyəti əhatə edirsə, tətbiq ediləcək müdaxilədə bir neçə istiqamətdən nəzərdən keçirilməli və dəyərləndirilməlidir. Baxmayaraq ki , Azərbaycan Respublikasında da pandemiya şəraitində təhsil sahəsində müəyyən güzəştlər tətbiq olundu, lakin tələbələrin və valideynlərin narazılığı hələ də davam etməkdədir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin verdiyi rəsmi məlumata əsasən, pandemiya dövründə Nazirlər Kabineti tərəfindən “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar qəbul edilib. Qərar 30 mindən artıq tələbəni əhatə edib. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb. Lakin biz bilmirik ki, bu güzəşt hər bir ehtiyacı olan tələbəni əhatə edə bilibmi?! Ehtiyac duyan hər bir tələbə müraciət edə bilibmi? Və ya müracət edən hər bir tələbənin müraciəti qəbul olunubmu? Əlbəttə, xeyr, hələ də təhsil haqqını ödəməyə çətinlik çəkən tələbələrimiz var. Bu, onun göstəricisidir ki, bu cür vəziyyətlərdə qəbul ediləcək qərarlarda və proqramlarda hər bir tələbə nəzərə alınmalı və təhsil haqqlarının ödənilməsində müəyyən faiz güzəştlər, hansı ki, tələbələr distant (məsafəli təhsil) təhsil zamanı istifadə etmədikləri xidmətlərin ödənişindən azad olunmalıdır. Biz beynəlxalq təcrübələrdə müşahidə edə bilərik ki, pandemiya şəraitində digər ölkələrdə də təhsil ödənişlərinə müəyyən güzəştlər edilib və bu güzəştlər yalnız müəyyən qrup tələbələrə deyil, bütün tələbələrə şamil olunmuşdur”.

Hazırladı: YƏHYA

P.S. Növbəti sayımızda ödənişli təhsil alan tələbələr arasında mövzu ilə bağlı apardığımız sorğunun nəticəsini də oxucularımıza təqdim edəcəyik. Bizi izləyin.