PA rəsmisi haqqında ittihamlar…

96

Vətəndaşın prokurorluğa ünvanladığı şikayət Fuad Ələsgərovun müavini Gülnar Rəsulovanın göstərişi ilə rədd edilib?

Daməd Ağayev Azərbaycan vətəndaşlığından imtina edərək, siyasi sığınacaq üçün İran səfirliyinə müraciət edib

Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov 32, mərtəbə 11, mənzil 2 ünvanında yaşayan Daməd Ağayev “Hürriyyət”ə müraciət edərək, 2006-cı ildə mənzil aldığı “Aslan” MTK tərəfindən aldadıldığını iddia edir. Onun sözlərinə görə, “Aslan” MTK-nın qanunazidd əməllərinin araşdırılması üçün 2008-ci ildə Prokrorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə və 2012-ci ildə Nəsimi rayon Prokuroluğuna müraciət edib. Damət Ağayev deyir ki, şirkət sahibinin verdiyi rüşvətlərə görə iş ört-basdır olunub. Belə ki, MTK-nın rəhbərliyini müdafiə edən Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdürü (Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – müəl.) Fuad Ələsgərovun birinci müavini Gülnar Rəsulovanın göstərişi nəticəsində cinayət işinin başlanılması rədd edilib.

Şikayətçi hüquqlarının pozulduğunu əsas gətirərək, İranın Azərbaycandakı səfirindən sığınacaq almaq üçün yazılı şəkildə müraciət edib: “2006-cı ildə “Aslan” MTK-dan 81 kv.m ölçüdə, dəyəri 40 500 ABŞ dolları olan 2 otaqlı mənzil almışam. Lakin binanın həm direktoru, həm də komendantı olmuş Mahmudov Əli Sarvan oğlu və “Aslan” MTK-nın sədri, sahibi Abbasov Fərhad Gülbala oğlu əlbir olub, artıq miqdarda kommunal ödənişləri sakinlərdən alaraq mənimsəmişlər. Habelə, mənə təhvil verilmiş mənzilin ölçüsü müqavilədə göstərildiyi kimi 81 kv metr deyil, faktiki 64 kv metr olmuşdur. Sonra məlum oldu ki, şirkət sahibi bizi aldatmış və binanı heç bir dövlət qurumundan icazə almadan özbaşına, qanunsuz inşa etmiş və məskunlaşmanı da heç bir dövlət qürumundan icazə almadan həyata keçirmişdir. Bir sözlə, müqavilədə göstərilən texniki şərtlərə əməl etməmişdir və Tarif Şurasının tətbiq etdiyi qiymətlərdən 5-6 dəfə artıq komunal xərclər almışdır”.

D.Ağayev deyir ki, “Aslan” MTK-nın sahibi Fərhad Abbasovun qanunsuz əməllərinin arxasında Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərovun müavini Gülnar Rəsulova durur: “Qeyd olunan faktlar barədə “Aslan” MTK-nın qanuna zidd əməllərinə görə 2008-ci ildə Prokrorluğun Ağır Cinayətlərə dair İstintaq idarəsində və 2012-ci ildə Nəsimi rayon Prokroluğunda araşdırmalar aparılsa da, yüksək rütbəli məmurların və şirkət sahibinin verdiyi rüşvətlərə görə bu iş ört-basdır olunmuşdur. 2017-ci ildə Nəsimi rayon Prokroluğuna, Nəsimi RPİ-nə, Bakı şəhər Prokurorluğuna və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə cinayət işinin başlanması üçün müraciət etmişəm. Müraciətimdən uzun müddət keçsə də, araşdırmanın nəticəsi barədə heç bir məlumat ala bilmirdim. Yalnız mənə məlum oldu ki, 27 mart 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qanuna zidd olaraq MTK-nın rəhbərliyini müdafiə edən Prezident Aparatı Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdürü (keçmiş-red.) Fuad Ələsgərovun birinci müavini Gülnar Rəsulovanın göstərişi nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

Hesab edirəm ki, həmin qərarda bir sıra hallara düzgün hüquqi qiymət verilmədiyi üçün əsassız olaraq cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, həmin qərarda “Aslan” MTK-nın sahibi Fərhad Abbasov və yaşadığım binanın komendantı Əli Mahmudov tərəfindən kommunal xərclərin qanunvericiliyin tələblərində göstərilən hallara uyğun tutulduğu və “Aslan” MTK-nın vəzifəli şəxslərinin əməllərində “cinayət tərkibinin olmadığı” göstərilmişdir”.

Şikayətçi deyir ki, Gülnar Rəsulovanın qanunsuz əməllərinə görə İran səfirliyinə müraciət edərək, sığınacaq istəyib: “2017-ci il oktyabr ayından “ASLAN” MTK-nın Azərbaycan Respublikasının CM-nin 178-ci, 308.2-ci və 222-1,2-ci maddələri ilə qanunazidd əməllərinə görə etdiyim şikayətə baxılmır və 2019-cu ilin yanvar ayından işə baxılması üçün materiallar Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Hələ də idarədə işə baxılmır və müxtəlif bəhanələrlə iş uzadılır. Mən bu haqsızlıqlara görə dəfələrlə sosial şəbəkələr vasitəsilə cənab Prezidentə, Mehriban xanıma, eləcə də bütün dövlət qürumlarına müraciət etmişəm və saysız hesabsız ərizələr yazmışam. Bu günə qədər etdiyim müraciətlərdə və yazdığım ərizələrdə qeyd etmişəm ki, bu işə baxılmasına maneəçilik törədən PA-nın Hüquq mühafizə şöbəsinin sədr müavini Gülnar Rəsulovadır. Bütün bu haqsızlıqlara görə mən Tibilisi, Qars və İstanbul şəhərlərində Ulu öndərin abidəsini ziyarət edib, abidənin önündə onun ailə üzvlərinə müraciət etmişəm Ankarada, İstanbulda Ak Partiyanın və digər partiyaların əməkdaşları ilə görüşmüşəm. Ankarada çəkilişlər etmişəm və Ağ Saraya daxil olub, Rəcəb Tayyib Ərdoğanın adına ərizə yazmışam və Türkiyənin Milli Məclisində millət vəkili Şamil Ayrımla görüşüb, səsimi ölkə başçısına çatdırmağı xahiş etmişəm. Hətta mən bu haqsızlığa görə yaşadığım binanın damına çıxaraq, Prezident Administrasiyasının qarşısında üstümə benzin tökərək özümə qəsd etmək istəmişəm. Bütün bu etdiyim hərəkətlərdən sonra da Gülnar Rəsulova yenə bu işin baxılmasına maneəçilik törətmişdir. Artıq bu haqsızlıqlara görə bezmişəm sonuncu dəfə sosial şəbəkədə cənab Prezidentə, Mehriban xanıma, eləcə də bütün dövlət qürumlarına etdiyim müraciətdə və Nəsimi rayonunun İcra Hakimiyyətinə ünvanladığım ərizədə qeyd etmişəm ki, yaxın vaxtlarda İstanbul şəhərində BMT-nin və ATƏT-nin baş ofisinə və İran İslam Respublikasının Təbriz şəhərinə gedib Dövlət Televiziya kanalı vasitəsilə əlimdə olan bütün faktları onlara təqdim edəcəm ki, səsimi cənab Prezidentə, Mehriban xanıma çatdırsınlar, sonra da onlardan bütün bu haqsızlıqlara görə sığınacaq istəyəcəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, mənə qarşı olan haqsızlıqlara görə İstanbul şəhərində BMT-nin və ATƏT-nin baş ofisinə və İran İslam Respublikasının Təbriz şəhərinə gedib, dövlət televiziya kanalında çıxış edib onlardan sığınacaq istəməyimi Ağ Partiyanın sədri Tural Abbaslı da sosial şəbəkə vasitəsilə səsləndirib.

Göstərilənləri nəzərə alaraq, xahiş edirəm ki, Abbasov Fərhad Gülbala oğlu və Mahmudov Əli Sarvan oğlunun əməllərinin Azərbaycan Respublikası CM-nin 178, 308.2 və 222-1.2-ci maddələri ilə qanuna zidd olaraq Gülnar Rəsulovanın və Prokrorluq orqanını əməkdaşlarının şirkəti himayə edərək cinayət işi açmadığına görə və mənim hüquqlarım pozulduğu üçün ərizəmdə qeyd etdiyim şirkətin qanunazidd əməllərini sübut edən bütün sənədləri yazdığım ərizələrin surətlərini bütün video-müraciətlərimi və Əli Mahmudovun səs yazısını və digər faktları sizə təqdim edib, sizin vasitənizlə İran İslam Respublikasına müraciət edərək ölkədən sığınacaq istəyib, İran vətəndaşlığını qəbul etmək istəyirəm. Mənə qarşı olan bütün haqsızlıqları Azərbaycan Respublikasının Prezidentinə və Birinci vitse-prezidentə, eləcə də Baş Prokror Kamran Əliyevə çatdırmaq istəyirəm”.

YƏHYA

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.