“Ordumuz Donbassa hücuma hazırdır” – Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı

21

“Ukrayna ordusunun Donbassa hücumu mümkündür, hərbçilər buna hazırlaşır”.

Ovqat.com xəbər verir ki, Ukrayna ordusunun Baş komandanı Ruslan Xomçak “Qordon” nəşrinin baş redaktoru Ales Batsmana müsahibəsində belə deyib.

Ukraynanın şərqində döyüş təcrübələrinin olduğunu vurğulayan general əsgərlərin mənəviyyat baxımından da müharibəyə hazırlaşdıqlarını deyib. Bununla belə, o, bütün riskləri ölçüb-biçmək lazım gəldiyinə inanır. Dediyinə görə, bu qiymətləndirməni düzgün aparmaq üçün Ukrayna ordusu daimi təlimlər keçirir və təlimlərdə hücumları əks etdirə bütün ssenarilər saf-çürük edilir.

“Ukrayna Silahlı Qüvvələri bu gün müxtəlif variantlara hazırlaşır və əlbəttə ki, biz hücuma hazırlaşırıq. Biz tədris bazaları yaradırıq, tərəfdaşlar bizə kömək edirlər. Çünki başqa cür olmaz. Soruşsanız ki, biz bu gün hazırıqmı? Bəli, hazırıq”, — deyə baş komandan bildirib.

Baş Komandanın dediyinə görə, Donbass əməliyyatının başlamaması, heç də təxmin edildiyi kimi, Prezidentin əmrindən asılı deyil.

“Bu gün problem əmrdə deyil. Sadəcə olaraq, müharibənin nəticələrini, ordunun gücünü, ehtiyatlarını, qabiliyyətini hesablamaq lazımdır. Donetsk çoxmilyonlu şəhərdir, əgər hücuma keçsək, çoxlu sayda mülki əhalinin həlak olma riskləri var. Riskləri qiymətləndirmək lazımdır. Əgər biz bu gün orada olan adamlarla müharibə aparsaq, – əlbəttə, məqsədə çatmaq üçün çox böyük şanslarımız vardır. Lakin biz kimin bizə qarşı olacağını başa düşürük … Biz bunu 14-cü ildə görmüşük”, — deyə o əlavə edib.