Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən azad edildi

72

Prezidentin sərəncamı ilə nazir vəzifəsi yeni təyin olunan birinci müavinə tapşırıldı

Dünən Oqtay Kazım oğlu Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.

Hurriyyet.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib. Prezidentin imzaladığı digər sərəncamla Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.

  1. Musayev Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri idi.

Onu da qeyd edək ki, Səhiyyə Nazirliyinin aparatının işçilərinin sayı da artırılıb. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Səhiyyə Nazirliyinin aparatının işçilərinin say həddi bir vahid artırılaraq 88 ştat vahidi müəyyən edilib.

Bundan başqa, fərmana əsasən Səhiyyə Nazirliyində nazirin birinci müavini vəzifəsi təsis edilib. Bununla da səhiyyə nazirinin müavinlərinin sayı 5-ə çatdırılıb.

Xatırladaq ki, O.Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. O, 2005-ci ilin oktyabr ayından Azərbaycanın səhiyyə naziri idi.

Oqtay Şirəliyevi əvəz edən Teymur Musayev kimdir?

Məlumat üçün bildirək ki, T.Musayev 1987-94-cü illərdə ATU-da tibb təhsili alıb. O, 2003-2004-cü illərdə Strastburq Universitetində Laparoskopik cərrahiyyə ixtisası üzrə biliyini artırıb. 2013-15-ci illərdə isə RISEBA və Riga Stradins Universitetində təhsilini magistr səviyyəsində davam etdirib.

2007-2015-ci illərdə N.Tusi adına Klinikada direktor, 2015-2018-ci illərdə Dobromed Baku Hospitalda direktor, 2016-2019-cu illərdə Qəbələdə yerləşən Chenot Palace Health Wellness Hotelində tibbi direktor, 2019-2020-ci illərdə İtaliyada, Medwellness& SPA mərkəzində baş beynəlxalq məsləhətçi, 2020-ci ildən isə Səhiyyə Nazirliyində Səhiyyənin Təşkili Şöbəsinin müdiri vəzifəsində çalışıb.

KƏNAN