Ombudsmanın illik məruzəsi Milli Məclisdə geniş müzakirə olundu və qəbul edildi

54

Deputatlar vətəndaşları narahat edən məsələlərlə bağlı müvafiq qurumlara müraciət etdilər

Aprelin 2-də Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Cari məsələlərin müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı bu günlərdə dövriyyəyə buraxılmış pul əskinaslarından bəhs etdi.

Deputat bildirdi ki, yenicə dövriyyəyə buraxılan 5 manatlıqlar əvvəlkilərdən fərqlənir. Belə ki, yeni əskinaslar üzərində bizim milli rəmzlərin hamısı çıxarılıb. Deputat qeyd etdi ki, bu yaxınlarda Azərbaycan Prezidenti Azıx mağarasına baş çəkib və xalqımızın min illiklərlə tarixi keçmişə malik olduğunu bəyanlayıb: “Ermənistan saxtakarlıq edib başqa dövlətlərin tarixini götürüb öz əskinaslarında verib. Düzdü, əskinasda Azərbaycan dövlət himni yazılıb. Ancaq bəzi sözlər çıxarılıb. Müvafiq qurumlardan bunun səbəbini öyrənmək istəyirəm. Ən azından Azıx mağarası orada əks olunmalı idi”.

Deputat Siyavuş Novruzov 2016-cı ilin Aprel döyüşlərində qazanılan qələbə münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, 44 günlük qələbəmizin əsası məhz 5 il öncəki döyüşlərdə qoyuldu. Daha sonra S.Novruzov dövlət bayrağının asılma qaydası il bağlı fikirlərini çatdırdı. Bildirdi ki, biz parlamentdə dövlət atributları haqqında qanun qəbul etmişik. 44 günlük müharibə dövründə və ondan sonra Azərbaycan vətəndaşları dövlət bayrağımıza böyük ehtiram nümayiş etdirərək, unikal bayrağımızı yaşadığı, işlədiyi ünvanlarda asdılar. Ancaq S.Novruqov dedi ki, müəyyən müddət keçdikdən sonra dövlət atributlarının necə, harada asılmalı olmasına diqqət etməliyik. Onun sözlərinə görə, bir sıra hallarda bayrağımızın asıldığı eyvanlardan başqa əşyaların da asıldığı müşahidə olunur ki, bu da normal deyil. Deputat dedi ki, bayrağa bütün xalqımızın böyük məhəbbəti var. Bu məhəbbəti biz ürəyimizdə bildirməklə yanaşı, onun bayram günlərində asılmasına diqqət yetirməli, digər günlərdə isə parlamentin qəbul etdiyi qaydalara uyğun olaraq dövlət bayrağına münasibətimizi ifadə etməliyik.

Deputat Fazil Mustafa da əvvəlcə 2016-cı ilin Aprel döyüşlərində həlak olan qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etdi. Bildirdi ki, o döyüşlər Qarabağın azad olunmasının qapısının açılışı dövrü idi. Ancaq ardınca deputat o zaman orduda baş verən cinayətlərə diqqət çəkdi: “Aprel döyüşlərindən sonra orduda bir sıra neqativ halların baş verməsi, bir neçə insanın qanunsuz olaraq istintaqa cəlb edilməsi sosial şəbəkələrdə müzakirə olunur. Dövləti sevməyən insanlar indi bunu dövlətə qarşı ittiham kimi səsləndirirlər. Ayrı-ayrı şəxslərin vəzifə səlahiyyətlərindən istifadə kim-kimlə yaxındır, dostdur, bunları kənara qoymaq lazımdır. Elə etmək lazımdır ki, dövlət bu ittiihamların hədəfinə çevrilməsin”. F.Mustafa bu məsələlərə dövlət orqanlarının nəzarət etməli olduğunu dedi: “Aidiyyəti qurumlar bunu araşdırmalıdır. Dövləti ittiham etmək olmaz. Ordu müqəddəsdir. Bu müqəddəsliyi qoruyub saxlamaq və sağlam mühit yaratmaq lazımdır”. Daha sonra F.Mustafa qeyd etdi ki, dünən ölkə başçısı Səlcuk Bayraktarı qəbul edib və ona “Qarabağ” ordenini təqdim edib: anasının südü kimi ona halaldır. Çünki Azərbaycanın qələbəsində bu nemət bizim üçün çox faydalı oldu”.

Azerbaijani parliament voices appeal to government due to France

Komitə sədri Zahid Oruc əvvəlcə beşinci ildönümü tamamlanan Aprel döyüşlərindən danışdı. Z.Oruc qeyd etdi ki, ermənilər SSRİ yaranandan və dağılandan sonra azərbaycanlıların qədim şəhərində özlərinə siyasi mərkəz-dövlət binası tikə bilmədilər: “Əvvəlcə Levon Ter-Petrosyanı, sonra digər prezidentləri nifrətlə hakimiyyətdən düşürməklərinin, indi isə Paşinyanı Mandela kimi qəbul edib Çauşesku kimi yola salmaq istəmələrinin başlıca səbəbi orada minillik azərbaycanlı irsinin dağıdıla bilinməməsidir”. Deputat qeyd etdi ki, erməni liderlərin İrəvanın Azərbaycanın həqiqi siyasi paytaxtına çevriləcəyi ilə öz cəmiyyətlərini qorxutması hakimiyyəti ələ almaq planının tərkib hissəsidir: “Ona görə də hərbi çevriliş və vətəndaş müharibəsi qarşısında olan bir xalqın yeganə çıxış yolu bölgədə sülh və əməkdaşlıq üçün bizim ”xoş gəlmisiniz” lövhəmizi Zəngəzur dəhlizinə asıb, azərbaycanlıların İrəvana dinc qayıdışına mane olmamasıdır!”

Deputat Aqil Abbas Milli Məclisin plenar iclasında çıxış edərkən mətbuatda müşahidə olunan qazilərin şikayətlərindən bəhs etdi. Bildirdi ki, bu şikayətlər haqlıdır. “Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının işi ürəkaçan deyil”, deyən A.Abbas bildirdi ki, taksi tutub rayonlardan Bakıya, müalicə üçün gələn qazilər hospitalda problemlərlə üzləşirlər. “5 aydır müharibə qurtarıb. Hələ bunlara əlillik verilməyib. İki gözü tutulan hələ ordudan tərxis edilməyib, guya onların gözləri bərpa olunacaq”, – deyə, A.Abbas etirazını bildirdi. A.Abbas Müdafiə Nazirliyinin rəhbərliyinə müraciətlə tədbirlər görməyə çağırdı. Bildirdi ki, qazilərə münasibət müzəffər qələbəmizə kölgə salır.

Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi haqqında məsələ müzakirə olundu. Ombudsman Səbinə Əliyeva parlament tribunasından çıxış edərək məruzəsini təqdim etdi. O, öncə keçən il qazanılan şanlı qələbə münasibətilə Prezidenti, şanlı ordumuzu, uzun illərdən əvvəl o torpaqlardan didərgin düşmüş məcburi köçkünlərimizi təbrik etdi. Ombudsman bildirdi ki, ötən il Ali Baş Komandanın rəhbərliyi altında işğalda olan torpaqlarımızın azad olunması istiqamətində rəşadətli Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbə şanlı tariximizdə əsl qəhrəmanlıq salnaməsidir.  Ombudsman yekunda müvafiq qurumlara 33 təklif ünvanladığını bildirdi.

Deputat Əli Məsimli illik məruzəsi haqda danışarkən  bir sıra vacib məsələlərə diqqət çəkdi. Bildirdi ki, vətəndaşların işsizliklə bağlı müraciətlərinə həssaslıqla yanaşılması zəruridir. Deputat qazilərə qarşı etinasız davrananlara etirazını bildirdi: “Biz o insanlara borcluyuq. O insanları get-gələ salmaq həm qanuna, həm də insanlığa ziddir. YAŞAT Fonduna gördüyü işlərə görə təşəkkür edirik. Ancaq onları get-gələ salanlara da layiqli cavabların verilməsi lazımdır”.

O, kənddə olan və dövlət tərəfindən heç bir müavinət və sosial yardım ayrılmayan insanlara diqqət və qayğı göstərilməsini zəruri saydı. Ə.Məsimli autizimdən əziyyət çəkən uşaqlara ayrılan müavinətin kəsilməsinə də etirazını bildirdi: “Bu cür insanlara xüsusi qayğı lazımdır. Həmin uşaqlara verilən simvolik müavinətlər də kəsilib. Onlara diaqnoz qoymaq çox asan məsələdir. Gərək həmin məmurların ailəsində elə uşaqlar elə olsun ki, görsünlər ki, onlara nə qədər vəsait xərclənir”.

Deputat Tahir Kərimli Ombudsman haqqında Konstitusiya qanununun yenidən qəbul edilməsinə və dəyişdirilməsinə ehtiyac olduğunu bildirdi. Deputat qeyd etdi ki, ana qanun bundan 20 il əvvəl qəbul edilib və onun yeni əlavələrlə qəbuluna zərurət var.

“Azərbaycanda Ombudsman təsisatının  institisional səlahiyyəti çox deyil. Mən ümumiyyətlə, bütün sahələrin bir Ombudsmana həvalə edilməsini düzgün saymıram”.  Bunu isə deputat Erkin Qədirli söylədi.

Azerbaijan's Parliament expands list of excisable products

Deputat Sabir Rüstəmxanlı əvvəlcə gündəmdə olan video qalmaqaldan bəhs etdi. Dedi ki, siyasi mübarizədə mənasız mübahisələrə kiminsə arvad-uşağını hədəfə çevirmək qəbuledilməzdir: “Bu, bizim milli mentalitetimizə və dövlətçilik əxlaqımıza yaraşan iş deyil. Mən hesab edirəm ki, hakimiyyət də bunda maraqlı deyil, bu, hansısa təxribatçı qüvvələrin işidir”.

S.Rüstəmxanlı Ombudsmanın məruzəsindən bəhs edərkən məruzəni təqdir etdi: “İş olmasa, 100 səhifəlik hesabat hazırlanmazdı, mən hesabatla tanış oldum. Bu, həm dövlətimizin beynəlxalq imici, həm də ölkə daxilində insanların problemlərinin həlli, hüquqlarının müdafiəsi baxımından millətimiz və dövlətimiz üçün mühüm sahədir”. Deputat qeyd etdi ki, insan hüquqları dünyada ali dəyərdir və hökmən qorunmalıdır: “Ombudsmanın məruzəsində insan hüquqları ilə bağlı maraqlı faktlar da var. Məruzə bütün problemləri, real vəziyyəti əks etdirir. Bura uşaq, qadın hüquqları və digər məsələlər yer alıb. Müsbət haldır ki, ombudsman problemlərə öz münasibətini bildirib. Milli dövlət varsa, insanların hüquqları qorunmalıdır. Ombudsmanın səlahiyyəti artırmalıdır”.

Deputat Elman Nəsirli dedi ki, dövlətin ali məqsədi vətəndaşlarımızın ləyaqətli həyat səviyyəsinin təşkilidir: “Bu məqsədin necə həyata keçirilməsinin qiymətləndirilməsi ilə bağlı ən önəmli vəzifə Ombudsman təsisatının üzərinə düşür”. Deputat təklif etdi ki, Ombudsman vaksinasiya prosesi çərçivəsində şəhid ailələrinin, qazilərin, qazi ailələrinin növbədənkənar peyvənd olunmasını diqqətdə saxlasın.

Deputat, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsini təmsil edən Ceyhun Məmmədov Milli Məclisdəki çıxışı zamanı bir neçə gün bundan əvvəl dünyanın aparıcı media qurumlarından birinin guya Cəbrayılda erməni kilsəsinin dağıdılması ilə bağlı yaydığı məlumatdan bəhs etdi: “Cəbrayılda heç zaman nə erməni, nə də erməni kilsəsi olub. Bu, Azərbaycana qarşı qərəzli münasibətin və ikili standartlarla yanaşmanın növbəti təzahürüdür. Hansısa ərazinin tarixi erməni torpağı olduğunu iddia etmək üçün orada kilsə tikmək bir müddətdən sonra isə bu kimi yalan iddialarla çıxış etmək ermənilərin uzun illər dünyanın ayrı-ayrı bölgələrində həyata keçirdikləri saxtalaşdırma siyasətinin növbəti bir nümunəsidir”.

Milli Məclisin plenar iclasında çıxış edən deputat Qənirə Paşayeva bir sıra vacib məsələlərdən bəhs etdi. Xanım deputat 2 aprelin Autizm Sindromlu Uşaqların günü olduğunu bildirərək bu məsələyə diqqət çəkdi: “Bu ailələrə dəstək artırılmalıdır. Həmçinin, onlayn təhsillə bağlı problemlər var”. Q.Paşayeva ölkədə internetlə bağlı problemin olduğunu vurğuladı: “Mən özüm kənd rayonlarını təmsil edən millət vəkillərindənəm. Kənd rayonlarından ali məktəblərdə təhsil alan tələbələr və şagirdlər ciddi problemlərlə üzləşir. Tovuz rayonu ilə bağlı da aidiyyəti qurumlara bir neçə dəfə səslənmişəm. Biz bilmirik, pandemiya səbəbindən onlayn dərslər nə qədər davam edəcək. Bu problem həllini tapmalıdır”. Q.Paşayeva seçildiyi Tovuz rayonunun bir sıra problemlərindən, o cümlədən məktəblərin durumu ilə bağlı məsələlərdən bəhs etdi, əlaqədar təşkilatları addımlar atmağa çağırdı.

Yekunda Omudsman Səbinə Əliyeva səslənən təkliflərlə bağlı fikirlərini bölüşdü, deputatlarla əməkdaşlıq şəraitində işləməyə hazır olduğunu bildirdi. Hesabat səsə qoyularaq qəbul edildi.

Milli Məclisdə “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarıldı.

Komitə sədri Ziyafət Əsgərov layihə barədə danışarkən bildirdi ki, Saziş 25 maddədən ibarətdir. Z.Əsgərov Pakistan-Azərbaycan əlaqələrindən danışarkən qeyd etdi ki, Qarabağ torpaqlarının işğaldan azad edilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri məhz Pakistanın sədrliyi dövründə qəbul olunub. “Bu günə qədər Pakistanın Ermənistanla diplomatik əlaqələri yoxdur. Belə bir şərt qoyulub ki, Azərbaycan torpaqları işğaldan azad edilməyincə Ermənistanla nə de-fakto, nə de-yure əlaqələr qurulmayacaq. Bax, Pakistanın bizə münasibəti budur. Bizim də Pakistana münasibətimiz adekvatdır” – komitə sədri bildirdi. Z.Əsgərov qeyd etdi ki, Pakistanla imzalanmış Saziş Azərbaycanın maraqlarına tam uyğundur və qanun layihəsinə səs verməyə çağırdı.

Deputatlar Fəzail Ağamalı, Siyavuş Novruzov və Qənirə Paşayeva da Pakistanın Azərbaycana dost dövlət olduğunu bildirdilər və sənədin lehinə səs verməyə çağırdılar. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Qanun layihəsini deputat Məlahət İbrahimqızı təqdim etdi. Deputatlar Tahir Kərimli, Aydın Hüseynov, Sahib Alıyev, Nigar Arpadarai, Əli Məsimli, Fəzail Ağamalı çıxış edərək şəhidlərin adlarının əbədiləşdirilməsi və 90-cı illərdə döyüşmüş şəxslərə şəhid və veteran statusunun verilməsilə bağlı təkliflərini irəli sürdülər. Deputat Elnur Allahverdiyev müharibə veteranlarına verilən təqaüdlərin artırılmasını zəruri saydı. Deputat Aqil Abbas da 90-cı illərdə könüllü olaraq döyüşmüş şəxslərin müharibə veteranı statusunu ala bilmədiyini qeyd etdi. Millət vəkillərin şəhid ailələrindən adların əbədiləşdirilməsilə bağlı çoxsaylı müraciətlər aldıqlarını da dedilər. Bildirdilər ki, bu məsələnin müsbət həlli üçün qanunvericiliyə yenidən baxılması zərurəti yaranıb.

Qanun layihələri səsə qoyularaq qəbul edildi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”