“Ölkəmiz aparıcı Qərb ölkələrinin regionda ən böyük iqtisadi tərəfdaşıdır”

87

Vüqar Bayramov: “ABŞ-ın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin yarıdan çoxu Azərbaycanın payına düşür”

“Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatından sonra sözügedən ölkənin dövlət katibi Entoni Blinken prezident İlham Əliyevə telefonla zəng etməsi ABŞ-ın Azərbaycanla əlaqələrə önəm verməsinin göstəricisidir. Rəsmi məlumatda deyilir ki, ABŞ-ın dövlət katibi Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirib, enerji təhlüksizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib”.Hürriyyət”in məlumatına görə, bunu iqtisadçı ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov deyib.

Entoni Blinkenin bu il də “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını qeyd etdiyini deyən millət vəkili bildirib ki, ABŞ-ın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin yarıdan çoxu Azərbaycanın payına düşür: “Belə ki, ABŞ-ın Cənubi Qafqazın 3 ölkəsi ilə illik ticarət dövriyyəsi 1 milyard 485 milyon dollardır. Bunun 791.8 milyon dolları Azərbaycanın. 541 milyon dolları Gürcüstanən və 152 milyon dolları Ermənistanın payına düşür. Qeyd edək ki, Avropa Birliyinin Cənubi Qafqaz ilə ticarət dövriyyəsinin 75 faizi Azərbaycanın payına düşür. Göründüyü kimi, ölkəmiz aparıcı Qərb ölkələrinin regionda ən böyük iqtisadi tərəfdaşıdır. Digər tərəfdən, ABŞ-ın əsas mütəffiqlərindən olan Avropanın enerji təhlukəsizliyinin formalaşmasında Azərbaycanın rolu artmaqdadır. Son 3 ayda Azərbaycan İtaliyaya mavi qaz ixracatını 77 faiz artırıb və bütövlükdə bu il ölkəmizdən “qədim qitəyə” 5 milyard kub metr mavi qaz nəql ediləcək. Yaxın illərdə həmin rəqəm 2 dəfə artacaq. İkinci mərhələdə isə bu illik 20 milyard kub metrədək yüksələcək”.

Vüqar Bayramov onu da əlavə edib ki, Qərb ölkələri ilə iqtisadi və ticari əlaqələrin inkişafı ilə yanaşı, Azərbaycan hər zaman Türkiyənin yanındadır: “Dövlət katibi Entoni Blinken ilə söhbətdə Azərbaycan prezidenti bugünlərdə ABŞ prezidentinin “erməni soyqırımı” ilə bağlı bəyanatı ilə əlaqədar qeyd edib ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayir və ABŞ prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanmışdır. Bu isə Azərbaycan üçün Türkiyənin nə dərəcədə vacib tərəfdaş və əziz qardaş olduğunun göstəricisidir”.

Valeh TÜRKSOY