O boyda Naxçıvanda Hüseyn Cavidin oğlu Ərtoğrulu dəfn etməyə cavan tapılmayıb – Nisgilli xatirələr

276

Görkəmli ədəbiyyatşünas Əziz Şərif  Böyük Vətən Müharibəsi illərində anasına baş çəkmək üçün Moskvadan   Naxçıvana gedərkən Hüseyn Cavidin  oğul yadigarı    Ərtoğrulun Tiflisdə ölüm yatağında olduğunu eşidib, onu da özü ilə ata yurduna apardıqdan sonrakı taleyi ilə bağlı çoxlarına bəlli olmayan bir anını “Ovqat.com”un oxucularına çatdırmağı özümə borc bildim. 
 
Xatirə də bir tarixdir” adlı həmin yazının dəyərini hələ də itirmədiyi  fikrindəyəm.  O xatirənin müəllifi, ana tərəfdən Hüseyn Cavidlə qohum olan əmim İbrahim Bağırovdur (1927-1996).  Sov.İKP yanında Ali Partiya Məktəbinin əlaçı tələbəsi, Stalin təqaüdçüsü, şəkli “Oqonyok” jurnalının 1949-cu il may nömrəsinin üz qabığını bəzəyən bu insan təkcə “Kəngərli yurdunun generalları”  kitabının yox, xeyli məqalə və tarixi tədqiqat əsərlərinin müəllifi, eyni zamanda görkəmli pedaqoq-alim və tanınmış ictimai-siyasi xadim idi. Oxucuların diqqətinə çatdırım ki,  Hüseyn Cavid kimi, səksənlərdə özü də  repressiyalara məruz qalan əmim həmin xatirəni on illik məhbəs həyatından sonra, doxsanıncı illərin əvvəlində  qələmə alıb.   
                                                            
Hörmətlə, Əlabbas                                                              
Yazıçı                                                                        
                                                              
                                                                         
Xatirə də bir tarixdir

İbrahim Bağırov
 
Böyük Vətən Müharibəsinin agır və üzücü günləri idi. Şahbuz rayonunun Nurs kəndinin camaatı da ağır dolanışıq üzündən vaxtaşırı Naxçıvana gəlib, olub-qalanından satar,  bazarlıq edib geri qayıdardılar. Bir gün atam məni də üç nəfər kəndlimizə qoşub evə bəzi xırda-para şeylər almaq üçün  şəhərə göndərdi. Onda mənim on beş yaşım var idi.

Naxçıvanda bizim ailənin düşdüyü yer Şahsənəm adlı ixtiyar bir qadının evi idi. Onun ata tərəfdən bizə qohumluğu çatırdı. Əmimlə mən Şahsənəm xalagilə gəldik. Ertəsi gün kəndimizə qayıtmaq məqamı çatanda Şahsənəm xala məni  getməyə qoymadı və öz xəttimlə  bir məktub yazdırıb əmimə verdi ki,  atama çatdırsın. Məzmunu təqribən belə idi: “Nəsib, biləsən ki,  Cavidin oğlu Ərtoğrul indi bizdə, evdə xəstə yatır, vəziyyəti ağırdı. Mən tez-tez bazara-dükana gedirəm, o, evdə tək qalır. İbrahimi bir neçə günlüyə   burda saxladım ki, mən evdən gedəndə ona həyan olsun. Xəstə babat olan kimi göndərəcəm gəlsin”

Cavidin adını ikinci dəfə onda eşitdim. Birinci dəfə 1937-1938-ci illərdə APİ-ni bitirmiş İmran Süleymanov adlı çox savadlı bir ədəbiyyat müəllimimiz bir gün dərsdə başqa müəllimlər eşitməsin deyə çox yavaş səslə bizə Hüseyn Cavidin bir bənd şerini söylədi və onu “Azərbaycan ədəbiyyatının fəxri” adlandırıb dedi ki, bunu heç kimə deməyin, Cavidi tutublar.

Şahsənəm xala hər gün bazara və ya qohumlarıgilə gedər, Ərtoğrul üçün müxtəlif yeməklər tapıb gətirərdi. O evdə olmayanda Ərtoğrul mənimlə söhbət edər, çay, ya su istər, bəzi başqa tapşırıqlar verərdi. O, xəstə yatan otaqda qapısı uzun illərdən bəri açılmayan bir şkaf var idi. Onun içinə çoxlu dəftər-kitab yığılmışdı. Ərtoğrulun göstərişi ilə mən kitabları həyətə aparıb onların tozunu aldım və yenidən səliqə ilə şkafa yığdım. Çox diqqətlə gözdən keçirdiyi  müəyyən kitab, fotoşəkil və kağızları seçib ayrı qoyan Ərtoğrul H.Cavidin  bir neçə kitabını mənə verib tapşırdı ki, onları apararsan kəndə, qoyma onun-bunun əlinə düşsün, sonralar lazım olacaq. Bundan başqa, o mənə iki fotoşəkil də  verdi. Onun biri keçmiş poçtlarda satılan açıqca idi. Arxa tərəfində sırğa,   boyunbağı və digər zinət əşyaları ilə bəzənmiş gözəl bir qadın şəkli var idi. Ərtoğrul dedi ki, bu, onun anası Müşgünaz xanımın şəklidir.  Digər fotoşəkil isə deyəsən,  Naxçıvan şəhərində bir məktəbin müəllim və şagirdlərinin əksi idi. Şagirdlərin hamısı papaqlı idilər. Mənim qənaətimə görə, şəkil iyirminci illərin əvvəllərinə, bəlkə də, inqilabdan əvvələ aid idi. Çox təəssüf ki, o şəkillər indi məndə yoxdu. Kitabları isə Şahsənəm xala mən kəndə qayıdanda vermədi ki, aparma, bunun üstündə Nəsibi incidərlər.

Ərtoğrulla günlərimiz adi qaydada keçirdi. O, atası və özü haqda mənə çox az danışar, əsasən ağrılı-acılı müharibə həyatından söhbət salardı. O mənim yadımda sısqa, rəngi ağ, sarıya çalan, arıqlıqdan almacıq sümükləri kənardan bilinən bir adam kimi qalıb.

Ərtoğrul  Şahsənəm xalanın hörmətini saxlar, ona çox əziyyət və başağrısı verməz, hətta o evdə olanda da  əsasən mənimlə danışardı. Düzünə qalsa, mən də Şahsənəm xaladan çəkinərdim. Qəddi azacıq əyilsə də, o, çox hökmlü, çəld hərəkətli və iti danışan bir qadın idi. Oxuculara aydın olsun deyə, xatırladım ki, Şahsənəm xala Müşgünazın anası, Ərtoğrulun nənəsi idi.

O vaxtdan yadımda qalan bir də odur ki, Ərtoğrulun yanına ara-sıra Şahbuz şərabçılıq zavodunun direktoru Məhəmməd kişi də gələr və ona dadlı yeməklər gətirərdi. Mən sonralar öyrəndim ki, o, Müşgünaz xanımın əmisi imiş. Hərdən kömək əli uzatdığına görə Şahsənəm xala Simuzər adlı   bir qadından da  razılıq edərdi.  Qorxa-qorxa olsa da, qonşular da hərdən xəstəyə baş çəkməyi unutmurdular.

Ərtoğrul dünyasını dəyişən gün dəfnə gələn qonum-qonşuların  hamısı yalnız qoca arvad və kişilər idiOnun cənazəsini qəbir evinə aparmağa adam yox idi. Tərslikdən qəbiristanlıq da uzaqda idi. Bir neçə qoca onu çətinliklə yerdən qaldırıb yaxınlıqdakı arabaya qoydu. O arabanın necə aramla, cırıltı salaraq   həyətdən çıxdığı indi də xatirimdədi.

Bu yazdıqlarımın üstündən yarım əsrdən çox vaxt keçir. Mən ancaq yaddaşıma həkk olunanları qələmə aldım. Çox təəssüf edirəm ki, Ərtoğrulla aramızda  olan söhbətlərin çoxu yadımda qalmayıb, onun mənə  bağışladığı iki fotoşəkil isə məsuliyyətsizliyim  üzündən itib.

Ərtoğrulla birlikdə  keçirdiyim o günlərdə  mən hələ də yaxşı bilmirdim ki, bu adam kamil təhsil görmüş, çox istedadlı, hərtərəfli biliyə, dünyagörüşə və gözəl musiqi savadına malik bir insan imiş. Mən Hyseyn Cavid haqqında az məlumata malik olduğumdan dərk edə bilmirdim ki, bu adam Azərbaycan ədəbiyyatının peyğəmbəri, adı dünya klassikləri ilə yanaşı çəkilən dahi bir sənətkarın oğludur.

Bu hadisə 1943-cü ildə olmuşdur”.

Ərtoğrul Cavidin Türkmən Xalq şairi Kəminənin sözlərinə bəstələdiyi “Leylanın vəsfi” mahnısı. Bəstəkarın öz ifasında \\Ovqat