Niyə indi özümüzə sərmayə qoymaq həmişəkindən daha vacibdir?

258

Amerika Birləşmiş Ştatlarının qurucu atalarından olan Bencamin Franklin bir dəfə belə deyib: “Biliyə qoyulan sərmayə ən yaxşı divident gətirir”. Bu gün həmin güclü deyim daha çox məna kəsb edir. Niyə? Suala cavab verməzdən əvvəl gəlin bir az təfsilatlara varaq.

Ötən bir neçə il ərzində bizim fokuslaşma qabiliyyətimiz ciddi şəkildə pisləşib. Biz beş dəqiqəlik yazını sonadək oxumayacaq qədər səbirsiz olmuşuq. Hətta oxumaq istədiyimiz məqalə azca təfsilatlı olduqda onu oxumaq həvəsimiz belə ölür.

Microsoft şirkətinin bir araşdırması bunun səbəbini get-gedə rəqəmsallaşan həyat tərzinin beynimizə təsiri ilə izah edir. Bu araşdırmaya görə orta statistik insanın diqqətini cəmləyə bilmə müddəti 2000-ci ildə 12 saniyə idisə 2013-də bu göstərici 8 saniyəyə düşüb – 13 ildə 67% azalma!

Araşdırmanın müsbət tərəflərindən birində qeyd olunur ki, “beynin vaxt keçdikcə dəyişə bilmək kimi məcüzəvi bir qabiliyyəti var. O, insanın həyatı boyunca yenilənə və yeni bacarıqlar formalaşdıra bilir. Bu qabiliyyət insanlara həm yeni, həm də dəyişən vəziyyətlərə uyğunlaşmaq imkanı verir”.

Hazırki evdə təcrid olunduğumuz bir vaxtda bizim diqqətimizi cəmləmə qabiliyyətimiz yeni bir forma alır. Həyatın yeni normal halı (özünütəcrid və virtual ünsiyyətdə olmaq) diqqətimizi müəyyən məqamlar üzərində daha çox cəmləməyə vadar edir. Son vaxtlar daha tez-tez insanların “geriyə əsas olanlara” qayıtdığının şahidi oluruq.

İnsanlar sadə və daha vacib məqamlara daha çox vaxt sərf etməyə başlayıb – biz daha çox kitab oxuyur, köhnə və klassik filmlərə baxır və onları həvəslə müzakirə edirik. Biz artıq başqlarına qarşı daha diqqətli olmuşuq. Özümüz və yaxınlarımızın qeydinə daha çox qalırıq, mənsubiyyətindən asılı olmayaraq hamı ilə həmrəylik göstəririk.

Bu, beynimizin növbəti dəfə dəyişdiyinin göstəricisi ola bilər. Nəzəri olaraq bu o deməkdir ki, bizim beynimiz indi daha uyğun informasiyanı seçməyi və az vacib olanı gözardı etməyi bacarır. Biz indi bir növ daha “seçici”yik və yayındıran məqamların təsirinə daha az məruz qalırıq. Bu nəzəriyyənin etibarlığını sübut etmək üçün fundamental araşdırmağa ehtiyac olsa da bir şey aydındır: indi özümüzə investisiya etməyin ən yaxşı vaxtıdır. Gəlin bu fürsəti əldən verməyək!

Pandemiya sonrası dövrü fikirləşin

Dünya bir çox böhranın, epidemiyanın və iqtisadi çöküşlərin şahidi olub və hamısının öhdəsindən gəlib. Şübhə yox ki, hazırki böhran da dəf ediləcək. İndi sual budur: Covid-19 problemi bitdikdən sonrakı dövr necə olacaq və biz özümüzü o zamana ən yaxşı necə hazırlaya bilərik?

Bir şey dəqiqdir, böhran sonrası dünya daha çox avtomatlaşacaq. Avtomatlaşmanın bir yaxşı tərəfi də odur ki, bu zaman yeni işlər də yaranacaq. Zaman keçdikcə maşınların öhdəsindən effektiv gələ bilmədiyi qabiliyyətlər olacaq. Tanınmış Guthrie Jensen məsləhətçiləri tərəfindən hazırlann bu infoqrafikdə gələcəyin 10 bacarığı haqda öyrənə bilərsiniz.

Ağıllı investisiya edin

Artq gələcəyin bacarıqları haqda azca da olsa fikrimiz var. Bəs bu bacarıqlara yiyələnmək üçün lazım olan bilikləri hardan əldə edə bilərik? Hazırki rəqəmsallaşmış dünyanın üstünlüklərindən biri də odur ki, biz istənilən yerdə, istənilən vaxt öyrənə bilərik. Yetər ki, kompyuterimiz və internet əlaqəmiz olsun, onlarla pulsuz öyrənmək və inkişaf etməklə bağlı platformalar sizin ixtiyarımızdadır.

Mənim ən çox sevdiyim iki platforma xeyli uyğun kurs və ixtisaslaşma təlimləri təklif edən Coursera və LinkedIn Learningdir. Bu iki platformada öyrənmək çox asan və maraqlıdır. Burada bütün kurslar dünyada tanınmış universitetlərin və şirkətlərin təlimçiləri tərəfindən təqdim olunur. Ən əsası da odur ki, bu resurslar sizə karyeranızın gələcəyini qorumağa kömək edəcək.