Nikol Paşinyanın vəsatəti təmin olunmadı

84

Ermənistanın İnzibati Məhkəməsi ölkənin baş naziri Nikol Paşinyanın nümayəndəsi Tatevik Saruxanyanın vəsatətini təmin etməyib.

“Report” xəbər verir ki, bu barədə məhkəmənin “Datelex” informasiya saytı bildirib.

Məlumata görə, Onik Qasparyan məhkəmənin yekun qərarınadək Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsində qalacaq.

Qeyd edək ki, martın 18-də vəkil Artur Ovannisyan O.Qasparyanın Baş Qərargah rəisi kimi səlahiyyətlərinin icrasını davam etdirəcəyini bildirmişdi. Vəkil məhkəmənin saytında O.Qasparyanın şikayətinin təmin olunduğu barədə qərar yerləşdirildiyini deyib. A.Ovannisyanın sözlərinə görə, bundan sonra müvəkkilinin Baş Qərargah rəisi vəzifəsini qanuni olaraq icra etməsinə dair heç bir sual qalmayıb.

Martın 18-də Ermənistan Nazirlər Kabineti general-polkovnik Onik Qasparyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsində saxlanılmasına dair məhkəmə qərarına münasibət bildirmişdi. Qeyd olunmuşdu ki, o, Baş Qərargah rəisi vəzifəsindən azad olunub.

Qeyd edək ki, fevralın 24-də Ermənistanın baş naziri Nikol Paşinyanın təqdimatı əsasında ölkə prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiqran Xaçatryanın vəzifəsindən azad olunması haqqında fərman imzalayıb. Buna səbəb onun baş nazir N.Paşinyanın İkinci Qarabağ müharibəsi dövründə ermənilərin Azərbaycan ərazilərinə atdıqları “İsgəndər” raketlərinin yalnız 10 faizinin partlaması ilə bağlı səsləndirdiyi fikirlərə lağ etməsi göstərilir. Belə ki, T.Xaçatryan jurnalistin “İskəndər” raketlərinin 10 faizinin partlaması mümkündürmü?” sualına əvvəlcə xeyli gülüb, sonra isə deyib: “Əlbəttə, mümkün deyil. Necə? “İskəndər”? Bir atəş? … 10 faiz?… Bağışlayın, amma bu qeyri-ciddidir”.

Müdafiə Nazirliyi bundan bir neçə saat sonra geniş bəyanat yayaraq iddia edib ki, T.Xaçatryanın sözləri “təhrif olunub”.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik O.Qasparyan müavininin işdən çıxarılmasına etiraz edib. Fevralın 25-də Baş Qərargah baş nazir N.Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Sənədi O.Qasparyan və 40-dan yüksək rütbəli hərbçi imzalayıb. Onlar arasında 19 general və ordu korpuslarının komandanları da olub.

Elə həmin gün N.Paşinyan O.Qasparyanın istefaya göndərilməsi ilə bağlı ölkə prezidenti Armen Sarkisyana təqdimat göndərib. Lakin dövlət başçısı təqdimatı etirazla birlikdə baş nazirə qaytarıb. N.Paşinyan geri çəkilməyib və Baş Qərargah rəisinin vəzifədən azad olunması üçün ikinci dəfə prezidentə təqdimatla müraciət edib. A.Sarkisyan bu dəfə də qərarı imzalamayıb və geri göndərib. Hökumət başçısı O.Qasparyanın işdən çıxarılması üçün üçüncü dəfə dövlət başçısına təqdimat verib. Prezident baş nazirin təqdimatını bu dəfə də imzalamayaraq Konstitusiya Məhkəməsinə müraciət edib.

O.Qasparyan isə baş nazirin təqdimatı ilə bağlı İnzibati Məhkəməyə şikayət etmişdi.