“Nikol Paşinyana mane olmağa çalışan əsas fiqur Armen Totoyandır” – ELXAN ŞAHİNOĞLU

15

“Bu şəxs daşnaklardan daha çox irəli gedib, Azərbaycan və azərbaycanlılar əleyhinə irqçi təbliğat aparır, vaxtilə işğal edilən sərhəd məntəqələrinin Azərbaycana təhvil verilməsinin əleyhinə çıxır”

“Aylardır müşahidə edirəm və gəldiyim qənaət budur ki, Ermənistanın baş naziri Nikol Paşinyana ən böyük problem yaradan mitinq keçirən daşnaklar və ya 74 yaşlı Vazgen Manukyan deyil”. Hurriyyet.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun fikrincə, Paşinyana müharibədən sonra Azərbaycanla münasibətləri normallaşdırmağa mane olmağa çalışan əsas fiqur Ermənistanın Ombudsmanı Armen Totoyandır: “Bu şəxs daşnaklardan daha çox irəli gedib, Azərbaycan və azərbaycanlılar əleyhinə irqçi təbliğat aparır, vaxtilə işğal edilən sərhəd məntəqələrinin Azərbaycana təhvil verilməsinin əleyhinə çıxır və iki ölkə arasında sərhədlərin müəyyənləşməsinə mane olur. Bundan başqa, Armen Totoyan başda prezidenti İlham Əliyev olmaqla, Azərbaycan rəsmilərinin açıqlamalarını diqqətlə izləyir və guya həmin açıqlamalarda erməni millətinə qarşı nifrət olduğunu nümayiş etdirməyə çalışır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, Armen Totoyan Nikol Paşinyanın siyasətini bəyənmir, ancaq bunu hələ ki, açıq söyləmir: “Totoyan etirazını o zaman bildirdi ki, Ermənistan hökuməti Ombudsman aparatının büdcəsini azaltmaq istədi. Totoyan seçkiyə qədər Paşinyanın adını çəkmədən onun siyasətinə qarşı təbliğatını davam etdirəcək”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.az