Nazirlikdən Hürriyyətin yazısına reaksiya – LƏNKƏRANA ARAŞDIRMA KOMİSSİYASI EZAM EDİLDİ

105

Lənkəran rayonun Sinovlu kəndinin sakinlərinin illərdir əkib-becərdikləri ağacların kökündən qopardılıb yandırılmasıyla bağlı Hürriyyətdə gedən materialdan sonra Ekologiya və Təbii Sərvətlər nazirliyi məsələni nəzarətinə götürüb. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimovanın Hürriyyətə verdiyi açıqlamaya görə, məsələylə bağlı artıq araşdırma komissiyası yaradılıb və Lənkəran rayonuna ezam edilib.

Qeyd edək ki, Allahşükür Paşazadənin yeznəsi olduğunu iddia edən Bəxtiyar Hüseynov sakinlərin əkib-becərdiyi əraziləri bisnes məqsədiylə ələ keçirib. O, höküməti saymadığını və arxasında Allahşükür Paşazadənin durduğunu deyib.  Bəxtiyar Hüseynovun əməllərindən təngə gələn kənd sakinləri Meşə İdarəsinin müdiri Füzuli Məmmədovun yanına üz tutublar. Füzuli Məmmədov cavabında Bəxtiyar Hüseynovun təyin edilməsindən xəbərinin olmadığını, əmrin Bakıdan gəldiyini vurğulayıb.

YƏHYA