Nazir “birinci qrup əlil statusu verilsin” dedi, amma…

195

 İmişli sakini övladını ikinci qrup deyil, birinci qrup olduğu ilə bağlı müraciət etdi, pensiyasını birdəfəlik dayandırdılar.

“Həyat yoldaşım Yaşar da əsəb xəstəsi, huşsuz olsa da, o da pensiya almır”

İmişli şəhəri, Pənah Həsənov küçəsi, 47 saylı evin sakini Sadıqova Şövkət Əsgər qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Biz, ailə olaraq çox yoxsul yaşayırıq. Xəstə övladım Əzizov Rəşad Yaşar oğlu birinci qrup əlil olsa da, ikinci qrup əlil statusu verilir. Səhiyyə naziri Oqtay Şirəliyev İmişli rayonunda səfərdə olanda  Rəşad Yaşar oğluna baxdı və tələb etdi ki, bu uşaq birinci qrup əlildir, buna birici qrup əlillik verin. Nazir övladımın pensiyasının birinci qrup olması barədə təcili göstəriş versə də, əksinə, ötən il pensiyanı birdəfəlik dayandırıb, altı ayını vermədilər.

Elə olur ki, günlərlə çörək tapmırıq. Həyat yoldaşım Yaşar da əsəb xəstəsi, huşsuz olsa da, o da pensiya almır. Evimiz də qəzalıdır, sel zamanı döşəmə çürüyüb. Hətta hamamımız olmadığına görə, döşəməsi çürük otaqda yuyunuruq. Əlil oğlum Rəşad da həmin çürümüş döşəməsi olan otaqda yatır.

Bizim bu qəzalı evimizdən İkinci Qarabağ Vətən Müharibəsində Sabir Hikmət oğlu Əzizli şəhid olub. Bizi axtaran yoxdur. İmişli Rayon İcra Hakimiyyətində hər iki başçısının qəbulunda olmuşuq. Bizi eşidən olmadı. “Messenat Holding” prezidenti Hacı Tofiq İsayev dəstə ilə gəlmişdilər. 20 mart 2021-ci ildə – Bayram günü gəlsələr də, bir çürük qoz belə gətirməmişdilər.

Hörmətli Mehriban xanım!

Oğlum Əzizov Rəşad Yaşar oğlunun döşəməsi çürümüş otağın içərisində çəkilmiş şəklini də bu məktuba əlavə edirəm. Bizim çətin vəziyyətimizi nəzərə alıb, özümün və həyat yoldaşım Yaşarın işsiz olmağımızı, əlil oğlumuza görə mənə də pensiya kəsilməsini, hətta mümkünsə sosial yardım verilməsini, bu evdən müharibəyə gedən, şəhid olan oğul xatirinə bizim harayımızı eşitmənizi xahiş edirəm”.

Hazırladı: KƏNAN

Redaksiyadan: Mövzunu araşdıracağıq.