Naxçıvanda 6 təşkilat üzrə maliyyə hesabatları düzgün tərtib edilməyib

93

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası (MR) üzrə İdarəsinin 2020-ci il üçün İş planına uyğun olaraq Naxçıvan MR büdcəsinin xərclərinə büdcə-maliyyə nəzarəti tədbirləri çərçivəsində 11 təşkilat üzrə audit keçirilməsinə hazırlıqla əlaqədar müvafiq təşkilatlar üzrə planlaşdırma, proqram və işçi planları hazırlanıb.

“Report”un xəbərinə görə, “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabat sənədinə əsasən, iş planına uyğun olaraq Naxçıvan MR Yazıçılar Birliyində, Babək rayon icra başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində, Naxçıvan MR Gənclər və İdman Nazirliyində, Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında, Şahbuz rayon Baytarlıq İdarəsində, Naxçıvan Tibb Kollecində, Şərur şəhər FizikaRiyaziyyat Təmayüllü Liseyində, Naxçıvan MR İnzibati Məhkəməsində, Naxçıvan MR-in Dövlət Nəqliyyat Xidmətində, Dövlət İmtahan Mərkəzi Naxçıvan MR Regional Bölməsində və Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kənar dövlət maliyyə nəzarəti tədbirləri həyata keçirilib.

Hesablama Palatasının Naxçıvan MR üzrə İdarəsinin İş planında göstərilən 8 müəssisə, idarə və təşkilat üzrə təhlillər aparılıb. Təhlillərdə 6 təşkilat üzrə maliyyə hesabatlarının düzgün tərtib edilmədiyi müəyyən olunub. Aparılan təhlillərin nəticələrinə dair müvafiq rəylər tərtib olunub.

Hesabat ilində nəzarət tədbirləri ilə əhatə edilmiş vəsaitin məbləği 75281,4 min manat təşkil edib ki, bu da 2019-cu ilin müvafiq göstəricisindən 35585,5 min manat və ya 89,6% çoxdur. Nəzarət təbirlərinin əhatə etdiyi dövr üzrə vəsaitlərin 21126,7 min manatı və ya 28,1%-i audit tədbirlərinin və 54154,7 min manatı və ya 71,9%-i isə təhlillərin payına düşüb.

2020-ci ildə İdarə tərəfindən aparılan auditlər nəticəsində aşkar edilən nöqsanların aradan qaldırılması üçün aidiyyəti təşkilatlara məktub göndərilmiş, eyni zamanda Naxçıvan MR Ali Məclisinə və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə müvafiq məlumatlar təqdim edilib. 2020-ci il üçün təsdiq olunmuş İş planına uyğun olaraq “Naxçıvan Muxtar Respublikasının 2019-cu il büdcəsinin icrası haqqında illik hesabat”a dair Rəy hazırlanaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim edilib.

Hesabat ilində “Naxçıvan Muxtar Respublikasının 2021-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinə dair Rəy hazırlanaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim edilib.

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.