Nə müharibə, nə də mübarizə bitməyib!

162

Qələbəni bizə bəxş edənlərə olan borcumuzun bir hissəsini də olsa qaytarmaqla, yeni qəhrəmanlar yetişdirməliyik

 İlk öncə qeyd etmək lazımdır ki, Şəhidlərin və Qazilərin statusunu, onlara verilən güzəştlərin, xidmətlərin, habelə döyüşlərdə yaralanaraq bu və ya digər dərəcədə əmək qabiliyyətini itirən hərbçilərin əlil olaraq qəbul edilib, qiymətləndirilməsində bəzi məqamlara düzəlişlər edilməsi zəruridir.

Vətən müharibəsində, hətta dinc dövrdə dövlətin qanunlarının, cəmiyyətin təhlükəsizliyi və sabitliyini, ayrı-ayrı vətəndaşların həyatını, hüquqlarını müdafiə edən zaman həyatlarını və ya sağlamlığını itirən insnaların statusunu, adını və onlara edilən güzəştlərini anadangəlmə sağlamlıq problemləri olan, məişətdə və istehsalda baş verən bədbəxt hadisələr zamanı həlak olan, sağlamlığını itirən insanlarla eyniləşdirilməsi, heç bir prizmadan, ədalətli, haqlı görünmür. Təbii, məişət, istehsal və s. adi, təsadüfi hallar nəticəsində sağlamlığını itirən insanları əlil adlandırdığımız halda, əvvəlcədən ölə, sağlamlığını itirə biləcəyini bilib, vətəni, cəmiyyəti və başqa vətəndaşı təhlükədən, ölümdən xilas etmək naminə öz həyatından keçən, sağlamlığını itirən insanları necə eyniləşdirmək, əlil adlandırmaq olar?

Şəhidlərin adı isə artıq onların hansı kateqoriyadan olan insan olmasını aydın göstərir. Lakin vətən, cəmiyyət, vətəndaş, qanun naminə, təhlükəni bilərəkdən, sağlamlığını təhlükəyə ataraq öz sağlamlığını itirən insanları “əlil” adlandırmaq təkcə onların özü üçün deyil, cəmiyyətimiz, dövlətimiz, insan və vətəndaş olaraq hər birimiz üçün təhqir və alçaqlıqdır. Biz bununla bu insanların əməlində olan QƏHRƏMANLIĞI AŞAĞILAMAQLA dövlətimizin və qanunlarımızın ƏDALƏTSİZ, ayrılıqda hər birimizin, ümumilikdə cəmiyyətimizin ŞÜUR və ƏXLAQ səviyyəsinin çox aşağı olduğunu sərgiləmiş oluruq. Əslində, Qazilərimiz sağlamlığını itirmə dərəcəsinə görə belə bölünməlidir.

  1. Ən azı gözünün birini və ya qolunu, yaxud ayağının bir hissəsini və s. itirməsi səbəbindən özünə tək, sərbəst, heç bir çətinlik çəkmədən qulluq edə bilməyən, əmək qabiliyyətini tam itirən qazilərimiz DİRİ ŞƏHİD statusu almalı və bu statusa uyğun onun normal yaşaya bilməsi, daim, heç bir məhdudiyyət qoyulmayan pulsuz tibbi yardım və müalicə alması təmin edilməlidir. Onların cəmiyyətdə tanınaraq, hamı tərəfindən onların statusuna uyğun davranması üçün xüsusi, adı, soyadı göstərilməklə DİRİ ŞƏHİD döş nişanı təsis edilməlidir.
  2. Əmək qabiliyyətini qismən itirən Qazilərimizə isə səhhətinin əməyə yararlılığına görə I dərəcəli I QAZİ, II dərəcəli QAZİ statusu verilməklə, adı, soyadı göstərilən döş nişanı təsis edilməli, uyğun maddi təminat və güzəştlər, pulsuz tibbi yardım, müalicə hüququ verilməlidir.
  3. Müharibədən sağlam qayıdan Qazilərimizə pulsuz təhsil hüququ, işə qəbul edilmə və sairədə güzəştlər müəyyən edilməlidir. Əgər buna etiraz edən kəs tapılarsa, onun ən azından gedib minalanmış sahələrdə qarın üstündə yatıb qayıtdıqdan sonra etirazını məmuniyyətlə qəbul edərəm.

Şəhidlərimizin ailə üzvləri, Diri Şəhidlərimizin özləri və ailə üzvləri, birinci və ikinci dərəcəli Qazilərimizin mənzil, maşın, maddi təminatı, təhsil və tibbi xidmət üzrə bütün ehtiyacları dövlətimizin və cəmiyyətimizin imkanı çərçivəsində ƏN YÜKSƏK SƏVİYYƏDƏ təmin edilməlidir. Bu, həm də təkcə dövlətin BORCU və VƏZİFƏSİ olmayıb, eyni hüquqla CƏMİYYƏTİMİZİN də borcu və vəzifəsidir. Belə ki, dövlət büdcəsi dartdıqca uzanan, dibsiz, rezin torba deyil ki, dövlətin üstünə hücum edib onu bu torbanı dartıb böyütməyə məcbur edək. Dövlət bu kateqoriyadan olan insanlara imkanı daxilində təminat verib və verməkdədir. Bundan başqa, müharibənin və 30 illik erməni vəhşiliklərinin nəticələrinin aradan qaldırılması kimi böyük və çətin yük də dövlətin boynundadır.

Dövlətin, cəmiyyətin, ayrılıqda hər birimizin Şəhid ailələrinə, Diri Şəhidlərimiz və onların ailələrinə, eləcə də Qazilərimizə qarşı etdiyimiz ikinci, ən böyük TƏHQİR və RƏZİLLİK isə bu kateqoriyadan olan insanlarımızın təminatının əsas hissəsini «Yaşat» kimi xeyriyyə fondunun ianələri ümidinə buraxmağımızdır. Bu, dövlət yetkililərinin, millət vəkillərinin, siyasi partiya rəhbərlərinin, millətin ziyalılarının ümumilikdə isə millətin nə dərəcədə ədalətsiz, şüurunun və əxlaqının isə nə dərəcədə aşağı olmasını əks etdirən göstəricidir.

İANƏ SƏDƏQƏDİR. Sədəqəni dilənçiyə, bacarığı olmadığından və ya özündən asılı olmayaraq bədbəxt hadisə ilə üzləşdiyindən irəli gələn imkansızlara verirlər ki, onlar da mövcud olsunlar. Biz onlara ona görə sədəqə veririk ki, bizim onlara heç bir borcumuz olmadığı halda biz onlara güzəşt, yardım edirik.

Şəhid ailələrinin, Qazilərin heç bir sədəqəyə ehtiyacı yoxdur. Biz isə ölkənin Prezidentindən tutmuş dilənçisinə qədər hamımız, həyatımızla, sağlamlığımızla, nəhayət başımıza qoyduğumuz PAPAĞIMIZLA ONLARA BORCLUYUQ. Bu borcu tam qaytarmaq mümkün deyil, lakin mümkün olanını qaytarmalıyıq və hökmən qaytarmalıyıq.

Mətbuatda millət vəkillərinin Milli Məclisdə əhalinin həyat səviyyəsinin aşağı olması, partiya sədrlərinin, millətin alim və ziyalılarının Ali Baş komandanın, hərbçilərimizin rəşadətindən, əskər və zabitlərimizin BİR ÖLÜB MİN DİRİLMƏSİNDƏN bol-bol, alovlu nitqlər söylənilir. Əgər reallıqda biz Şəhid və Qazilərimizə olan borcumuzu millət və vətəndaş olaraq qaytarmırıqsa, icra başçısı şəhid valideyninə, – «Ağlı var idi, gedib ölməyəydi», «Onu müharibəyə mən göndərməmişəm ki,» deyirsə, şəhid valideyninin şəhid övladınına baş daşı verməsi xahişinə icra başçısı rədd cavabı verirsə, Qazilərin valideyni yaralı övladına tibbi yardım edilməsi üçün hakimiyyət yetkililərinə yalvarırsa, Tolik kimilər əskərimizə dilənçi payı verib, sonra onu təhqir edirsə və s. qandonduran hallar mövcuddursa biz bundan sonra necə “bir ölüb, min dirilə bilərik”? Bu günkü qələbəmiz naminə BİR ÖLƏNLƏRİN, SƏDƏQƏ ÜMİDİNƏ qalan QAZİLƏRİN bu vəziyyətini görən bu günkü nəsilin sabahkı döyüşlərdə vətən, cəmiyyət uğrunda ölümə getməsi mümkündürmü?

Nə müharibə, nə mübarizə qurtarmayıb! Heç vaxt qurtarmayacaq da! Əgər bu qurtarırsa, deməli, bəşərin mövcudluğunun sonudur. Müharibə zaman-zaman təkrar olacaq və hökm deyil ki, erməni ilə olsun. Bu gün qələbədən ruhlanaraq səsləndirdiyimiz bu şüarlar maddiləşdirilib, qələbəni bizə bəxş edənlərə olan borcumuzun bir hissəsini də olsa qaytarmaqla yeni qəhrəmanlar yetişdirməsək, sabahkı döyüşlərdə məğlub olacaq, papağımız yenə ayaq altına atılacaq qız-gəlinlərimiz 1992-ci ildə olduğu kimi başqa ölkələrin fahişəxanalarına qul olaraq satılacaq. Bu gün biz özümüzə xərclədiyimizin 5 faizini ödəyib sabahın qələbəsini təmir etmiriksə, sabahkı Ali Baş Komandan gecə ikən ölkəni qoyub qaçmalı olacaq.

Mən nə yuxarıda qeyd olunan icra başçılarını, nə də Toliki qınamıram. Çünki qarğadan qaz yerişi gözləməyin özü böyük axmaqlıqdır. Bu onların şəxsi əxlaqının göstəricisidir. Digər tərəfdən, bu məsələnin əsaslı surətdə həll edilməsi onların imkanı daxilində də deyil. Bunun əsaslı və qanuni formada bu günədək həll olunmamasına görə ölkə prezidentinə də, millət vəkillərinə də, partiya sədrlərinə də, millətin ziyalılarına da və ümumilikdə hər birimizə AR OLSUN!

Əgər pərakəndə ticarət dövriyyəsinə 5 faizlik xüsusi vergi qoyulub «Xüsusi fonda» yığılsa, ayda özünə 190 manat pul xərcləyən bu fonda 9,5 AZN, 100000 manat xərcləyən isə 5000 AZN ödəmiş olacaq. Bu heç kimin maddi durumunun pisləşməsinə və ya acından ölməsinə səbəb ola bilməz. Əvəzində isə biz millət və dövlət olaraq sabahkı savaşlarda qələbəmizi təmin etmiş olarıq. Millətin ziyalılarının, partiya sədrlərinin borcu bu addımın vacibliyini, zəruriliyini xalqa izah etmək, Prezidentin borcu bu barədə sərəncam imzalamaq, parlamentin borcu isə «Şəhidlər və Qazilər haqqında» qanun qəbul etməklə bu məsələnin hüquqi müstəvidə, Şəhidlərin ailələrinin, Diri Şəhidlərin, Qazilərin özlərinin və ailə üzvlərinin şəxsiyyətlərinin alçaldılmadan, özlərinin layiq olduğu hüquqlara sahiblənməsini təmin etməkdir. Bu gün bunları yaddan çıxarıb boş-boş sözlərlə obyektivlik pozasında dayananlar haqqında hələ 144 il əvvəl Engels Anti-Dürinq (Bakı, 1967, səh.159) əsrəində yazır ki, – «Siyasi qruplaşmanı onun özü üçün mövcud olan bir şey kimi, başlanğıc nöqtəsi kimi deyil, öz MƏDƏSİNİ DOLDURMAQ üçün yalnız bir vasitə hesab edir».

Siyasi partiyaların, millətin ziyalılarının əsas və müqəddəs işi kimlərisə mədh etməklə, kimlərisə, nəyinsə xatirinə tənqid etməklə, ucuz şöhrət xatirinə alovlu nitqlər söyləmək yox, öz şəxsi mənafelərini, hətta həyatlarını belə təhlükəyə atmaqla da olsa cəmiyyəti, milləti qələbəyə apara biləcək həqiqətləri kütləyə, bunu dərk etməyə anlatmağa davamlı cəhd etməkdir. Ən dəhşətli, qatı cinayətkarları belə məddahlıq edərək tərifləyib bu hesaba özünə zəngin həyat quranlar həmişə olub, var, olacaqdır. Tənqidə gəldikdə isə, istənilən insanı, hərəkəti, sözü və s. müxtəlif prizmadan həmişə tənqid etmək mümkündür. Lakin K.Marks demişkən, «Bizim məqsədimiz dünyanı izah etmək yox dəyişməkdir». Millətin qabağda gedənləri mövcud eybəcərlikləri tənqid etməklə öz işini bitmiş hesab etməməlidir. Vəziyyəti dəyişmək üçün tədbirlər təklif edilməlidir. Həm də şir ürəkli oğullarımızı, onların yaxınlarını alçaldan sədəqə təklifi yox. Millətin, dövlətin problemini həll etmək üçün həyatını, sağlamlığını qurban verən igidlərimizin yaxınlarının bütün problemini həll etmək üçün indi bütün millət çiynini bu problemin altına verib, nə qədər ağır olsa belə, bu problemləri həll etməlidir. Hamı başa düşməlidir ki, biz bu gün qarşımızdakı ataları kimi qartal geni daşıyan bu körpələri layiqincə becərib, böyüdüb, ataları kimi qartala çevirməsək, sabah millət aciz, sahibsiz qoyun sürüsündən fərqlənməyəcək.

Engels elə həmin Anti-Dürinqin 163-cü səhifəsində yazır ki, – «Kapitalist üçün mülkiyyət özgəsinin haqqı verilməmiş əməyini mənimsəmək hüququdur, fəhlə üçün isə – özü yaratdığı məhsulu mənimsəyə bilməməyidir». Bu gün Azərbaycanda Şəhid və Yaralı Qazilərin yaratdığı qələbənin nəticələrindən MİLLƏT faydalanmaqdadır, onların öz yaxınları isə millətin onların borcunu qaytarmaması səbəbindən öz qanuni hüquqlarını əldə edə bilməyərək SƏDƏQƏ ümidinə buraxılıb. Bu gün hər birimiz süfrə başında yeməyə əl atmadan öncə bunu düşünüb, qərar qəbul etməliyik.

Bəs biz erməni məsələsini necə həll etməliyik?

(Ardı var)

Şapur QASİMİ