Musiqili Teatrın İnklüziv studiyası ilk məşqlərinə başladı

159

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında YUNESKO tərəfindən təsdiq edilən “İnklüziv teatr” layihəsinin üzvləri ilə məşqlərə start verilib. Eşitmə və danışma məhdudiyyətli uşaq və gənclərin iştirakı ilə həyata keçirilən bu layihənin məşqlərinə simvolik olaraq işarət dili ilə səssiz alqışlarla başlanılıb.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrından Hurriyyet.az-a verilən məlumata görə, layihənin rəhbəri, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev “İnklüziv teatr” barəsində toplaşanlara bir daha ətraflı məlumat verib, layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirib. Teatrın yaradıcılıq studiyasının bədii rəhbəri, görkəmli teatr və kino aktrisası, Xalq artisti Şəfiqə xanım Məmmədova bu studiyanın tərkibində fəaliyyət göstərəcək qrupun iştirakçılarına uğurlar arzulayıb, öz tövsiyələrini verib. Teatr səhnəsinin onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini və müqəddəs olduğunu vurğulayan Şəfiqə xanım karifey sənətkarların ruhlarına ehtiram olaraq, hamını işlərinə məsuliyyətlə yanaşmağa və sənətə hörmət etməyə çağırıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh xanım Acalova və nazirliyin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin məsləhətçisi Araz Bağırlı layihə haqqında fikirlərini bildiriblər. Onlar çıxışlarında nazirlik tərəfindən hər zaman belə layihələrin dəstəkləndiyini xüsusi ilə vurğulayıblar. Azərbaycanda eşitmə və danışma məhdudiyyətli insanların teatrının yaradılması ilə ilkə imza atan Akademik Musiqili Teatrın rəhbərliyinə belə bir humanist addım üçün təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, layihənin baş prodüseri, teatrın beynəlxalq layihələr üzrə koordinatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovdur.

Fiziki məhdudiyyətli bu şəxslərin səhnəyə hazırlanmasında tanınmış aktyor, Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov çalışacaqlar.
Layihədə işarət dilindən xüsusi təlim almış Akademik Musiqili Teatrın könüllüləri də iştirak edəcəklər. Teatrın əməkdaşı Aludə Şəkərovanın rəhbərliyi ilə
könüllü gənclər layihə boyunca “İnkliziv teatr”ın üzvlərinin teatra daha doğma tellərlə bağlı olmalarına kömək edəcəklər.

Teatrın “Yaradıcılıq studiyası”nın tərkibində fəaliyyətə başlayan “İnklüziv teatr” layihəsinin kollektivi ilə görüşlər və təlimlər əsasən onlayn şəkildə və həftənin 2 günü isə teatrda, çox kiçik heyətdə, pandemiyanın tələb etdiyi qaydalara ciddi əməl olunmaqla aparılacaqdır.


YƏHYA