“Müsavat Partiyası məndən qəsb olunub” – Rauf Arifoğlu

369

“Space” telekanalında yayımlanan “Qırmızı xətt” verlişində “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu maraqlı iddialar səsləndirib.

Verilişdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu ilə sərt polemikaya girən Arifoğlu Müsavat Partiyasını indiki rəhbərliyin ondan qəsb etdiyini vurğulayıb: “Partiya yaratmaq 1989-cu ildə bir qəzet ideyasından doğaraq mənim tərəfimdən ortaya qoyulub. İsa Qəmbər və Müsavat Partiyasının rəhbərliyi isə hakimiyyətdə olarkən mənim və partiyanın katiblərindən biri olan Niyazi İbrahimovun dəvəti ilə bizim qurduğumuz partiyaya gəliblər. Sovet hakimiyyəti dövründə Müsavat adına partiya təsis olunması cinayət sayılırdı. Mən təqib olunurdum, adım general Qromovun siyahısında idi. Mən Sovet dövründə Müsavat adına təsisat qurmuş adamam. O qəzet hələ də davam edir, adı mən 30 ildir daşıyıram. Müsavat partiyasının kökünü, əsasını qoyan adam mənəm. Təvəzökarlıqdan indiyə qədər demirəm. Amma biləsiz ki, indiki rəhbərlik sonradan gəlib, partiyanı məndən qəsb ediblər. Sabah məhkəmə ilə iddia qaldırsam, partiya mənə keçəcək”.

 

 

R.Arifoğlunun dedikləri ilə bağlı Müsavat başqanı Arif Hacılıya müraciət etdik. Hacılı bu barədə suala cavab verməkdən imtina edərək partiyanın təşkilat şöbəsinə müraciət etməyi tövsiyə etdi.

Müsavatın təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı isə “AzPolitika.info”-ya bildirib ki, Rauf Arifoğlu Müsavat Partiyasının üzvü olub və 2015-ci ildə öz ərizəsi ilə partiyadan istefa verib. Onun partiya ilə bağlı iddiasının heç bir əsası yoxdur.