Müharibə zaman-zaman olur, mübarizə isə daimidir

270

Sahibinə güvənib gəlib-gedənə cuman sandıq tulası kimi Qarabağın meşələrində, fransızların və rusların köməyi ilə otuz il ərzində düzəltdikləri tunellərdə, habelə rus “sülhməramlıları”nın qanadı altında gizlənən kiçik erməni terror qruplarını nəzərə almasaq, müharibə hələlik bitib. Lakin bu, ermənilərlə müharibə daha heç zaman olmayacaq anlamına gəlmir.

 Hər bir dövlətin ərazisində yerləşən bütün dini qurumların mövcudluğu, bu dinlərin siyasi təşkilat olması, ölkə əhalisinin önəmli hissəsinin, xüsusilə yetkinlik yaşına çatmamış vətəndaşlarda elmi şüurun formalaşması qarşısında böyük və təhlükəli maneə olmaqla bərabər, vətəndaş cəmiyyətinin vəhdətini pozaraq, onu parçalayan amilə çevrilir. Bununla yanaşı, başqa dövlətlərin leqal casusluq mərkəzi olub, həmin dövlətə qarşı təzyiq vasitəsidir. Engels Anti-Dürrinq əsərinin 355-ci səhifəsində yazır ki, – «Köləlik üzərində qurulan hər bir istehsal və onun üzərində qurulan hər bir cəmiyyət, həmin ziddiyyət üzündən məhv olur».

Məşhur türk yazarı Əziz Nemi isə yazırdı ki, – «Dünyada ən karlı ticarət din ticarətidir. Sərmayəsi yalan, müştərisi isə nadanlıqdır». Hər bir cəmiyyətdə ictimai şüurun səviyyəsi cəmiyyətin ayrı-ayrı qabaqcıl insanlarının şüur səviyyəsindən xeyli aşağı olduğundan, kütləni aldadaraq hansısa din şüarı altında bir yerə toplamaq, onlara həqiqəti başa salmaqdan çox-çox asan olur. Odur ki, hər bir hakimiyyətin öz məqsədlərinə nail olmaq üçün dinin xidmətindən istifadə etməsi başa düşüləndir. Lakin Türk Dövlətləri Birliyinin hər hansı bir dini inanc üzərində qurulması nəinki Türk Dövlətləri Birliyinin davamlı mövcudluğunu, habelə Turan dövlətinin yaradılmasını təmin edə bilməz. Türk Dövlətləri Birliyinin yaranmasının, eləcə də onun Turan dövlətinə çevrilməsinin ən səmərəli vasitəsi mütərəqqi iqtisadi-ictimai dövlət quruluşu bərqərar etməklə bərabər, bütün vətəndaşların fərdi vicdan azadlığının qanunla təmin edilməsidir. Tolerantlıq da məhz bundan ibarət olub, heç bir halda cəmiyyətdə hər hansı bir dinin təşkilati mövcudluğu deyil.

Türk Milli Birliyinə gəldikdə isə, bu ifadə bu günədək parçalanaraq, danışanda bir-birini bəzi hallarda başa düşməyəcək halına gətirilmiş bütün türklərin ümumtürk ədəbi dilinin müəyyən edilərək tədrisi, təbliği və tətbiqi vasitəsilə bütün türkləri monolit, vahid türk milləti halına gətirməyi nəzərdə tutur. Bu vəzifəni heç bir din yerinə yetirə bilməz. Azərbaycanda bir çox məhəlli dil ləhcələri, şivələri olduğu halda, 1936-cı ildə yaradılmış Azərbaycan ədəbi dili bütün Azərbaycan əhalisinin bu dildə yazıb-oxumaq, elmi işlərin, sənədləşmə, mətbuat və s. bu ədəbi dil vasitəsilə həyata keçirilərək hamının başa düşməsi kimi, ümumtürk ədəbi dili də tətbiq edildikdən çox qısa bir zaman ərzində Türk Milli Birliyini təmin etmiş olacaq. Turan dövlətinin ayrı-ayrı bölgələrində isə yerli ləhcələrin hələ hətta bir neçə yüzilliklər, bəlkə də daha çox mövcud olması Türk Milli Birliyinə heç bir xələl gətirməyəcək. Bütün yerli ləhcələrdə mövcud olan, söz və ifadələrin sistemləşdirilərək ümumtürk ədəbi dilinə daxil edilməsi türk dilini dünyanın bir neçə zəngin dilindən birinə çevirmiş olacaq.

Türk dövlətləri birliyinin qurulmasında din problemi var və bunu inkar etmək sadəlövhlük olardı. Belə ki, ayrı-ayrı türk soyları nəinki islam, xristianlıq, həm də digər inancların daşıyıcılarıdır. Bundan başqa da türk dövlətlərində öz etiqadları və inancları ilə birlikdə başqa millətlərin nümayəndələri də yaşayır və onlar vətəndaşları olduğu türk dövlətləri ilə birlikldə Türk birliyinə qatılmaqla təbii ki, Turan dövlətinin vətəndaşına çevriləcəklər. Bu gün dünyada elə bir dövlət yoxdur ki, o ancaq eyni dinin eyni cərəyanına etiqad edən vətəndaşlardan ibarət olsun. Beynəlxalq hüquq normaları və müasir həyatın tələbləri də hər bir vətəndaşın vicdan azadlığının təmin edilməsini tələb edir. Bu baxımdan, Türk dövlətləri birliyinin vətəndaşlarının da vicdan azadlığı qanunvericiliklə təmin edilməlidir. Lakin bu heç də nəinki Türk dövlətləri Birliyinin hər hansı bir dini əsaslarla qurulması, hətta məscid, kilsə, sinaqoq və s. dini infrastrukturlarının, dinin təşkilati mövcudluğunun təmin edilməsi, mövcudluğu anlamına gəlmir. Dövlət qurumlarının, qanunvericiliyin, təhsilin, təbliğatın və s. hamısı elmi əsaslarla təşkil olunub fəaliyyət göstərməli, eyni zamanda da hər bir vətəndaşın vicdan azadlığı qanunvericiliklə təmin edilməlidir. Məhz bu qayda Turan daxilində hər hansı bir dinin, inancın siyasi alətə vasitəyə çevrilmədən nəinki müxtəlif din və inancların daşıyıcıları olan türklərin monolit milli birliyini möhkəmləndirməyə, eləcə də ölkə daxilində yaşayan və müxtəlif dinlərin daşıyıcıları olan digər millətlərin nümayəndələrinin də Turan dövləti daxilində vətəndaş cəmiyyətinin tərkib hissəsi olaraq sıx birliyini də təmin etmiş olacaq.

Bəs Türk Milli Birlik prosesi bu gün hansı mərhələdədir? Həyatın bütün sahələrində gedən fiziki, kimyəvi, iqtisadi, ictimai və s. proseslərin müxtəlif ölçü, tərkib və s. parametrlərindən asılı olaraq bu prosesləri idarə edən obyektiv qanunlar əsas üç hissəyə, lokal (fərdi), regional (xüsusi) və qlobal (ümumi) qanunlara ayrıldığı kimi, hər bir cəmiyyətin iqtisadi, sosial sistemində, ayrı-ayrı beynəlxalq və ümumilikdə dünyada baş verən proseslər də mahiyyət etibarilə bu qayda və ölçülərdə baş verir və idarə olunur.

Bundan başqa, hər bir cəmiyyətdə baş verən ictimai hadisə və prosseslər həmin cəmiyyətin iqtisadi sistemində yaşanan hadisə və proseslərin güzgü kimi sosial müstəvilərdə əks olunan formasıdır. Bu baxımdan, hər bir dövlətin iqtisadi sistemindəki istehsal prosesləri vaxtaşırı böhran, depressiya, canlanma, yüksəliş dövrlərinə məruz qaldığı kimi, ictimai proseslər də bu qanuna uyğun qaydada baş verir. Tarixdən türk milli böhranı və yüksəlişi dövrləri məlumdur. Türk milli böhranının son və çox böyük miqyaslı böhranı Osmanlı və Qacar imperiyasının çökməsi ilə başlayıb, SSRİ dağılana qədər depressiya vəziyyətində olub. SSRİ dağıldıqdan sonra isə türk milli proseslərində baş verən oyanmalar, canlanmaya çevrilməklə Türkiyənin, Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın itqtisadi, hərbi gücünün artması, Türkiyənin dünya siyasətində regional gücə çevrilməsi, Azərbaycanın Ermənistanın işğal etdiyi ərazilərini azad etməsilə, artıq bu böhrandan çıxaraq dirçəliş mərhələsinə atdığı ilk addım oldu. Türk milli proseslərinin böhranının depressiya mərhələsindən çıxmasını, eləcə də canlanma prosesini boğmağa dünya gücləri daim cəhd göstərib, göstərir və göstərməkdə davam edəcəklər də. Lakin bu proseslər ağılla beynəlxalq güclərin məqsədlərinə xidmət edən məzmunda ortaya atdıqları «beynəlmiləlçilik», «tolerantlıq», «insan hüquqları» şüarları kor-koranə həyata keçirməklə deyil, bunları Türk Milli Birliyi və mənafeləri baxımından elmi əsaslarla reallaşdıraraq idarə edilərsə, bütün müqavimət və təpkilərə baxmayaraq, Türk Milli Birliyinin yaranmasını və yüksəlişini ən azı bir neçə min illiyə təmin etmək mümkündür. Türk Milli Birliyinin dirçəliş prosesini inkişaf etdirərək, onu yüksəliş mərhələsinə keçməsini və davamlı mövcudluğunun təmin edilməsinin əsas şərtlərindən biri hər bir türk cəmiyyətində, bütövlükdə Türk Milli Birliyində bütün iqtisadi-ictimai sahələrdə sabitliyin, inkişafın dönməzliyinin təmin edilməsidir. Türk dövlətləri birliyi daxilində sabitlik zor tətbiqi vasitəsilə deyil, inkişafın nəticəsi olaraq, bolluğun yaradılması vasitəsilə əldə edilməlidir.

Lakin hər yaradılan bolluq da sabitliyin əsası ola bilmir. Furye yazırdı ki, – «Bolluq dönüb ehtiyac və məhrumiyyətlər mənbəi olur». Cəmiyyətin kəskin əks qütbləşməsi hesabına yaradılan bolluq hökmən cəmiyyətdə həm iqtisadi, həm ictimai böhran yaratmaqla bərabər, nəticə olaraq cəmiyyətin sabitliyini pozmuş olur. Buna görə də yaradılan bolluq cəmiyyəti nə qədər az qütbləşdirirsə, sabitlik bir o qədər dayanıqlı olur. Məhz buna görə də ən azı Türk dövlətləri birliyinin vahid Turan dövlətinə çevrildiyi gündən ölkədə mütərəqqi, ədalətli mülkiyyət və bölgü münasibətlərinə əsaslanan iqtisadi-ictimai sistem qurularsa, ölkə daxilində davamlı sabitliyin və inkişafın təmin edilməsində heç bir əsaslı problem olmayacaq. Türk Milli Birliyi dedikdə, çox zaman bu ifadəni türk həmrəyliyi və ya türk dövlətləri birliyi kimi başa düşürlər. Əslində isə türk milli birliyi türk millətinin dil birliyi deməkdir. Türk dövlətləri Birliyində ümumtürk ədəbi dili tədris və təbliğ edilərək, vahid Turan dövləti yarandığı andan dövlət dili statusunda tətbiq edildikdə ümumtürk ədəbi dili bütün türk soylarından olan türklərin vahid, monolit millətə çevrilməsi ilə yanaşı, türk dilinin tətbiqi, öyrənilməsi sahələri genişlənəcək və başqa millətlərin bu dili öyrənməsinə marağını da artıracaqdır.

Bir qədər də Şəhidlərin, Qazilərin statusu haqqında.

(Ardı var)

Şapur QASİMİ