Müharibə zaman-zaman olur, mübarizə isə daimidir

156

Sahibinə güvənib gəlib-gedənə cuman sandıq tulası kimi Qarabağın meşələrində, fransızların və rusların köməyi ilə otuz il ərzində düzəltdikləri tunellərdə, habelə rus “sülhməramlıları”nın qanadı altında gizlənən kiçik erməni terror qruplarını nəzərə almasaq, müharibə hələlik bitib. Lakin bu, ermənilərlə müharibə daha heç zaman olmayacaq anlamına gəlmir.

Türkün bütövləşməsi yolunda duran maneələrdən biri, həm də çox əhəmiyyətli maneə, ərəbin istehsalı olub, farsın şərik çıxdığı islam düşüncəsidir. Türkü 1500 ildən bəri inzibati parçalanmadan daha çox bütövləşib, bütöv bir MİLLƏT OLMAĞA QOYMAYAN əsas və həlledici maneə məhz islam dini olub, bu gün də o bu funksiyanı yerinə yetirməkdədir. Türkü min illər ərzində parçalayan islam, xristian dinləri, müxtəlif inanclar o qədər geniş yayılıb ki, bu gün türkün millət olaraq bütövləşməsinə real şərait yarandığı dövrdə belə millətin aydınları, bu birliyin tezliklə reallaşmasını təmin etməli olan iqtisadi-ictimai mexanizmləri yaratmağın yollarını, konstruksiyasını düşünüb tapmaq, bunları cəmiyyətə elan və izah etmək əvəzinə, Türk Birliyinin türkçülük yoxsa islamçılıq üzərində qurmaq zəruri olduğu barədə baş sındırırlar. Bu, istər-istəməz bir qocaman uyğur aydınının böyük peşmançılıq hissi ilə dediyi, – «Çinlilər bizim torpaqlarımızı işğal etdiyi vaxt, biz onlara qarşı müqavimət hərəkatı təşkil etmək əvəzinə, məsciddə yığışıb, təsbehin dənələrinin 99 yoxsa 101 ədəd olmalı olduğunu qızğınlıqla müzakirə edirdik», – sözlərini yada salır.

İnsanın türk millətinə mənsubluğu onun türk dilinə mənsubluğu, hər bir insanın türk dilinə mənsubluğu isə onun türk millətinə mənsubluğu deməkdir. Yəni türk milləti və türk dili bir medalın iki üzüdür. Bu gün Türk Milli Birliyinin yaranması qarşısında duran ən böyük maneə türk soyları və boylarının min illər boyunca parçalanaraq dillərinin inkişafının müxtəlif yönlərdə getməsi, çoxunun ayrı-ayrı dövrlərdə ərəb, fars, rus əsarətinə düşərək bu millətlərin dilində olan sözlərin məqsədyönlü şəkildə türk soylarının dilinə pərçim edib, onları öz-özünə yadlaşdırmaq cəhdlərinin nəticəsi olaraq, müxtəlif türk soylarından olan insanların hətta bir-birini başa düşməkdə belə çətinliklərin olması ilə nəticələnmişdir. Buna görə də bu gün Türk Milli Birliyinin qurulması prosesinin bütün iqtisadi, ictimai istiqamətlərində, eləcə də eyni milli mənsubiyyətə malik olsa da türk insanlarının vahid, monolit millət və dövlət olmağı qarşısında da bu məsələ fəvqəladə əhəmiyyətli problem olaraq özünün təcili həllini gözləyir. Bu məsələnin həllinin yeganə yolu isə mümkün olsa BİR, mümkün olmasa İKİ ümumtürk ədəbi dilinin yaradılaraq tədris və təbliğ edilməsidir. On beş-iyirmi ildən sonra isə hər iki dili Turan ərazisində eynihüquqlu dövlət dili elan etmək olar. Türk Birliyi dedikdə ancaq Türk Milli Birliyi, Türk Milli Birliyi dedikdə isə bu türk millətinin dil birliyi anlamına gəlir. Deməli, türk milli dövlətlərinin birliyi dedikdə, bu günə mövcud olan türk dövlətlərinin konfederativ, federativ və ya vahid dövlət sistemində birləşməsindən başqa heç nəyi ifadə etmir. Və gələcəkdə bu gün başqa millətlərin əsarətində olan türk soylarının da azadlığa çıxmasından sonra, öz milli dövlətinin tərkibinə daxil olması üçün heç bir maneə qalmır.

Bəs bu gün Türk Birliyinin türkçülük və ya islamçılıq əsasında birləşməli olduğunu zikr edərək, nəyi adınlaşdırmaq istəyirlər?

Məlumdur ki, bu günə mövcud olan dünya türklərinin bir hissəsi islam dininin daşıyıcılarıdır. Bunlar da öz növbəsində islam dininin sünnü, şiə və digər cərəyanlarının daşıyıcılarına bölünür. Bundan başqa, xristian dininin, müxtəlif inancların daşıyıcıları olan türklər da mövcuddur.

Bu günə real olaraq Turan dövlətində birləşə biləcək Türkiyə, Pakistan, Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkistan və Qırğızıstanın əhalisi birlikdə 373 milyon nəfərdir. Bu 373 milyon nəfər ümumilikdə müsəlman adlandırılsa da, reallıqda bunların mütləq əksəriyyəti ateistlərdir. Türk birliyinə bu və ya digər formada hökmən qoşulacaq babur türkləri və müsəlman hindulardan ibarət Pakistanın əhalisi də rəsmən müsəlman adlandırılsa da, çox hissəsi reallıqda islam dininin daşıyıcıları deyil. Bundan əlavə, İranda yaşayan 50 milyon türkün demək olar ki, 49 milyondan çoxu, islam rejiminin əcaibliklərini gördüyü səbəbindən ən qatı ateistə çevrilmiş əhalidir.

Türk Birliyinin türkçülük və ya islamçılıq əsasında yaradılması sualına gəldikdə isə, bu sual türk birliyinə daxil olan dövlətlərin dövlət quruluşunun şəriət və ya dünyəvi qanunlara əsaslanması sualıdır. Türk Birliyinə daxil olmağa bu gün real namizəd olan, Şimali Kipr Türk Respublikası da daxil olmaqla səkkiz ölkənin ancaq biri, Pakistan İslam Respublikasıdır. Qalanları isə həm rəsmiyyətdə, həm də reallıqda dünyəvi dövlət və dünyəvi cəmiyyətlərdən ibarətdir. Pakistana gəldikdə isə Pakistanın dövləti quruluş etibarı ilə tam dünyəvi, qanunvericiliyi isə şəriətdən daha çox dünyəvi dəyərlərə əsaslanır.

Hər hansı bir dinin təşkilati mövcudluğu anından insanların dünyagörüşü anlamından çıxaraq, başqa insanlar üzərində hökmranlıq, hakimiyyət uğrunda mübarizədə siyasi vasitəyə, cəmiyyətdə ayrı-seçkilik, ziddiyyət, düşmənçilik toxumu səpmək vasitəsinə çevrilməsini nəzərə aldıqda və şəriət qanunları əsasında cəmiyyətin idarə edilməsi müasir həyatın tələbləri ilə daban-dabana zidd olduğunu nəzərə aldıqda, bəzi başabəla mütəxəssis və filosofların irəli sürdüyü, – «Türk birliyi, türk millətçiliyinə yoxsa islamçılığa əsaslanmalıdır?» – sualı çox savadsız, əsassız olmaqla bərabər, Türk Milli Birliyinin qurulması prosesini real əsaslardan uzaqlaşdıraraq, Türk Birliyinin qurulmasını əngəlləyən çox ciddi və təhlükəli ideoloji diversiyadır. Bu fikir, türk düşmənlərinin çox ustalıqla bizim diletant «mütəxəssislərimiz» vasitəsilə, məhz Türk Birliyi prosesini əngəlləmək məqsədi ilə dəbə mindirilmişdir. İctimai rəyi düzgün yoldan sapındırmağın bu üsulu, cinayət işinin təhqiqatını səhv yola yönəltməklə cinayəti ört-basdır etmək üçün geniş istifadə edilən bir üsuldur.

Türk dövlətləri birliyinin islam dini əsasında qurulması mümkün deyil. Birincisi, bu islam dinini qəbul etməyən türklərinin Türk dövlətləri birliyindən kənarda qalması deməkdir. İkincisi, türk dövlətləri birliyinin, və ya vahid Turan dövlətinin islam dini əsasında qurulması, türk dövlətləri birliyi anlamından çıxaraq islam dövləti anlamına gəlib, həmin ölkədə dövlətin və cəmiyyətin islam qanunları, yəni şəriət qanunları ilə idarə edilməsi deməkdir ki, bu da islama etiqad etməyən başqa milli azlıqların və ya başqa din və inancların daşıyıcıları olan türklərin vicdan azadlığı hüququnun pozulması deməkdir. Bu halda vətəndaş cəmiyyətinin monolitliyindən və ya dövlət-cəmiyyət münasibətlərinin vəhdətindən danışmaq belə mümkün deyil.

Əgər Türk dövlətləri birliyi və ya Turan dövləti dünyəvi, yəni elmi əsaslarla idarə ediləcəksə və dövlət dindən ayrı olacaqsa, onda cəmiyyətdə hər hansı bir dinin tolerantlıq adı ilə təşkilati mövcudluğuna yol verilməsi hansı məqsədi güdür? Cəmiyyətdə dinin təşkilati mövcudluğu heç də vətəndaşların vicdan azadlığı olmayıb, dinin siyasi qurum kimi vətəndaşları aldatmaq yolu ilə mövcud dini qurumlar ətrafında toplamaqla onların təfəkkürünü bu qurumların məqsədi çərçivəsində cilovlayaraq idarə etməkdir. Başqa sözlə, cəmiyyətdə mövcud olan hər bir dini qurum cəmiyyətin müəyyən hissəsini aldatmaq yolu ilə onu öz məfkurəsi vasitəsilə özünün qulu, nökərinə çevirməklə, yəni hüquqi dil ilə desək dələduzluq vasitəsilə insan alveri ilə məşğuldur. Həm də dövlətin dünyəvi və ya dini əsaslarla idarə olunmasından asılı olmayaraq dini qurumların fəaliyyət tərkibi həm mənəvi, həm də maddi cinayət tərkibindən ibarətdir.

Ən acınacaqlısı da budur ki, buna dünyəvi əsaslarla idarə edilən dövlətin qanunları tolerantlıq pərdəsi altında bu cinayətlərin açıq, leqal olaraq törədilməsinə imkan verir. Bu isə öz növbəsində dövlətin hətta dünyəvi əsaslarla da olsa, siyasi sistem vasitəsilə cəmiyyəti idarə etməsi səbəbindən irəli gəlir. Yəni cəmiyyətin müxtəlif dini və ateist qruplarının siyasi partiyalar və dini qurumları idarə edənlərin vasitəsilə dövlətin idarə edilməsinin bir əldə və yaxud rəqabət aparan bir neçə əldə mərkəzləşdirilməsindən başqa bir anlama gəlmir. Əslində siyasi partiyalar və dini qurumlar cəmiyyətdə eyni işi görmüş olurlar.

Tarixə qısa nəzər saldıqda belə dinin təşkilati mövcudluğunun cəmiyyətin müəyyən hissəsini təbliğat vasitəsilə özünə tabe etdirməklə bərabər, təmsil etdiyi qrupun rəhbəri kimi, dövlət başçısına itaət və xidmət etmişlər. Buna misal olaraq məscidlərdə padşahlara xütbə oxunmasını, elə 1981-ci ildə Qafqaz müsəlmanları idarəsi sədri A.Paşazadənin Təzə Pir məscidində, aşura günü, – «Allah dövlətimizi başımızın üstündən əskik eləməsün. Bir tərəfdə dövlətimizin (SSRİ-nin – müəll.), yanında da dinimizin bayrağı yellənir», deyimini misal çəkmək olar. Yəni dinin təşkilati mövcudluğu vətəndaşların vicdan azadlığının təmin edilməsi üçün yox, dövlət yetkililərinə həmişə hakimiyyətin mövcudluğunu təmin etmək və möhkəmləndirmək üçün siyasi vasitə kimi zəruri olub.

Bu gün isə hər bir cəmiyyətdə, xüsusilə kiçik dövlətlərin ərazisində mövcud olan dini qurumlar böyük dövlətlər tərəfindən zəif dövlətlərə demokratiya, insan hüquqları, vicdan azadlığı kimi şüarlar altında təpki göstərmək, hətta bəzən onların ərazisini tamamilə və ya qismən işğal etmək üçün bəhanə rolunu oynayır. Məsələn, beynəlxalq təşkilatların, Putinin, Azərbaycan prezidentinə Qarabağda xristian kilsələrinin «qorunmasının vacibliyi», Rusiya «sülhməramlılarının» Dədəvəng monastırını və erməni keşişini qorumaq adı ilə öz səlahiyyət həddlərini aşması, Rusiya və digər xarici dövlət mətbuatından Azərbaycana edilən psixoloji hücumları misal göstərmək olar.

 

(Ardı var)

Şapur QASİMİ