MTN generallarının həbsi Eldar Mahmudovun da sonunu gətirə bilər

231

Çünki sabiq milli təhlükəsizlik nazirinin Mövlan Şıxəliyev və Nizami Şirinovun qanunsuz əməllərindən xəbərsiz olması inandırıcı görünmür

Ərəstun Oruclu: “Azərbaycandakı casus şəbəkəsinə təkcə silahlı qüvvələrin, hüquq-mühafizə orqanlarının rəhbərliyində deyil, həm də digər dövlət və hakimiyyət orqanlarında, media və vətəndaş cəmiyyəti instutlarında yerləşdirilmiş minlərlə agent daxildir”

Xəbər verdiyimiz kimi, aprelin 5-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinov saxlanılıb. Belə ki, onlar Baş Prokurorluğun İstintaq İdarəsində dindirildikdən sonra hər iki general barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən verilən informasiyada deyilir ki, MTN-nin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalmalarına dair ayrı-ayrı şəxslərin müraciətləri ilə əlaqədar əvvəllər başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

MTN generalları hədə qorxu ilə tələb etmə, sübutları saxtalaşdırma, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham edilirlər

Eyni zamanda, o da qeyd olunur ki, istintaqla Mövlan Məmmədismayıl oğlu Şixəliyevin MTN-nin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib: “Həmçinin, istintaqla həmin nazirliyin Hərbi Əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Şirinov Nizami Talış oğlunun qeyd olunan vəzifədə işlədiyi müddətdə müxtəlif şəxslərdən MTN-nin Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, habelə tabeliyində olan əməkdaşın işdən çıxarılması üçün müvafiq tədbirlərin görülməməsi, xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 3 halda külli miqdarda rüşvət tələb edərək almasına, 3 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməsinə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib. Mövlan Şıxəliyev və Nizami Şirinov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), 341.2.1, 341.2.3 (ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilmiş və barələrində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Məlumat üçün bildirək ki, 2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında beş general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Generallardan hazırda yalnız ikisi – Elçin Quliyev və Teymur Quliyev həbsdədir. Akif Çovdarov və Sübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb. Natəvan Mürvətovaya isə şərti cəza təyin edilib. Onu da nəzərinizə çatdıraq ki, iş adamlarının fəaliyyətinə qanunsuz müdaxilə edib, onlardan pul qoparan, həbs etdirməklə hədələyən, həbs olunanlara isə işgəncələr verdirən MTN-in Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyev, o cümlədən adı daha çox rüşvət qalmaqallarında hallanan sözügedən nazirliyin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin keçmiş rəhbəri Nizami Şirinov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən yaxın adamlarından olub. Məhz bu səbəbdən də ehtimal etmək olar ki, adıçəkilən MTN generallarının həbsi Eldar Mahmudovun da sonunu gətirə bilər. Çünki sabiq milli təhlükəsizlik nazirinin Mövlan Şıxəliyev və Nizami Şirinovun qanunsuz əməllərindən xəbərsiz olması inandırıcı görünmür.

“”Gözəgörünməz əl” tərəfindən müdafiə olunan Eldar Mahmudovun cəzasız qalması Mövlan Şıxəliyevin də toxunulmazlığını təmin edirdi”

Beləliklə, “Hürriyyət” xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən MTN-in keçmiş əməkdaşı, siyasi şərhçi Ərəstun Oruclunun sözlərinə görə, Mövlan Şıxəliyev və Nizami Şirinovun həbsi üzun müddətdir müzakirə edilən işgəncələr kontekstində son dərəcə əhəmiyyətlidir: “Mövlan Şıxəliyevin İstintaq İdarəsinin rəisi olduğu dövrdə MTN-nin istintaq təcridxanasında işgəncələrin kütləvi tətbiqi və onların nəticəsində azı 5 nəfərin öldüyü haqda 2016-cı ildən başlayaraq dəfələrlə yazmışdım, müsahibələrimdə bildirmişdim.

Keçmiş MTN zabiti kimi bu orqanın işgəncə səviyyəsinə enməsi mənim üçün çox ağır idi. Amma təəssüf ki, “gözəgörünməz əl” tərəfindən müdafiə olunan Eldar Mahmudovun cəzasız qalması Mövlan Şıxəliyevin də toxunulmazlığını təmin edirdi. Amma belə görünür ki, cinayətkarların immuniteti artıq tükəndi. Bu isə istənilən halda müsbət dinamikadır və inanaq ki, davam edəcək. Tərtər qətliamını gündəmə gətirənlərdən və gündəmdə saxlayanlardan biri olaraq, bir daha açıq şəkildə bildirirəm ki, yeganə hədəfim cinayətkarların cəzalandırılması, günahsızların bəraət alması, insanların dövlətə, ədalətə, xalqına, ordusuna inamının bərpa olunmasıdır. Kimin nəsə deməsi, hansı qarayaxmalar danışması, məqsədli uydurmaları isə tamamilə əhəmiyyətsizdir. Bunların hamısının cavabını vermək fikrim də yoxdur, çünki o cavabı bu gün vicdanlı insanlarımız özləri verirlər, yaxın gələcəkdə isə hadisələrin gedişatı bütün bu spekulyasiyaların hamısına birdəfəlik nöqtə qoyacaq”.

“Həbslər və ifşalar axarına düşən kimi Azərbaycandakı casus şəbəkəsi hərəkətə keçəcək, həmin həbsləri həyata keçirən müvafiq dövlət orqanlarını hədəfə alacaqlar”

Həbs olunan generalların istintaqının həbslərin və ifşaların davamına yol açacağına ümid etdiyini vurğulayan Ərəstun Oruclunun fikrincə, bu, heç də o demək deyil ki, biz rahatlaşıb gözləməliyik: “Xeyr, bunu heç bir halda etmək olmaz, özü də bir neçə çox ciddi səbəbdən. Birinci səbəb odur ki, əvvəl də qeyd etdiyim kimi, Azərbaycan ordusuna qarşı törədilmiş silsilə cinayətlər təkcə kriminal çətənin deyil, həm də onun arxasında dayanan xarici xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir. Elə buna görə də düşmən öz casus şəbəkəsini qorumaq üçün əlindən gələni edəcək. Onun Azərbaycanda qurduğu casus şəbəkəsi isə nəhəng infrastruktura malikdir. Bu infrastruktura təkcə silahlı qüvvələrin, hüquq-mühafizə orqanlarının rəhbərliyində deyil, həm də digər dövlət və hakimiyyət orqanlarında, media və vətəndaş cəmiyyəti instutlarında yerləşdirilmiş minlərlə şəxs – agent daxildir. Həbslər və ifşalar axarına düşən kimi bütün bu nəhəng ordu hərəkətə keçəcək və həmin həbsləri həyata keçirən müvafiq dövlət orqanlarını hədəfə alacaqlar. Bir daha açıq şəkildə deyirəm ki, bu məsələdə heç bir siyasi marağım olmayıb və yoxdur, ona görə də bu işi aparan dövlət orqanlarını açıq şəkildə müdafiə etməyə hazıram. Yeganə şərtimiz də budur ki, iş ədalətli aparılsın, günahsız insanların tapdanmış haqqı və təmiz adı bərpa olunsun, qətlə yetirilənlərə şəhid statusu verilsin və əlbəttə ki, cinayətkarlar layiqli cəzasını alsınlar. Əminəm ki, on minlərlə heç bir siyasi iddiası olmayan həmvətənlərim də belə edəcəklər. Bütün bu şərtlərin həyata keçməsi isə həm vətəndaşlarımızın dövlətə inamı, həm də dövlət-vətəndaş münasibətlərinin sağlam məcraya düşməsi üçün son dərəcə vacibdir. Bu da öz növbəsində, başıbəlalı ölkəmizin gələcəyi, inkişafı və sadəcə mövcudluğu üçün son dərəcə önəmlidir”. MTN-in keçmiş əməkdaşının qənaətincə, rahatlaşmamaq üçün ikinci səbəb isə odur ki, dövlət və hakimiyyət orqanları bütün bu ağrılı, riskli addımları o zaman atacaqlar ki, vətəndaşlardan tələb və təpki görsünlər: “Tərtər qətliamının gündəmə gəlməsi dediyimə əyani sübutdur. Məsələ bu qədər böyüməsəydi ona diqqət də olmayacaqdı. Üçüncü səbəb bu, ümummilli faciədən öz çirkin niyyətlərinə çatmaq üçün istifadə etmək cəhdlərində bulunanların olmasıdır. Bizim ayaqda qaldığımızı, məsələni gündəmdə saxladığımızı gördükcə belələri də ehtiyatlı davranmağa, geri çəkilməyə məcbur olacaqlar”.

Valeh TÜRKSOY