Mövlud Çavuşoğlu ilə Sergey Lavrov telefonla DANIŞIBLAR

315

Rusiya və Türkiyə Prezidentlərindən sonra Xarici İşlər nazirləri arasında da telefon söhbəti baş tutub.

Prezidentlərdən fərqli olaraq, Sergey Lavrovla Mövlud Çavuşoğlunun əsas müzakirə predmeti Suriya məsələsi olub.

Rusiya XİN-dən verilən məlumata görə, Xarici İşlər nazirləri söhbət zamanı Suriyadakı vəziyyət, İdlib vilayətindəki terror təhlükəsini sona çatdırmaq üçün ortaq səylərin artırılması barədə fikir mübadiləsi aparıblar.

“Nazirlər bir gün əvvəl Soçidə başa çatan 15-ci Astana sammitində əldə edilən razılıq əsasında Suriyadakı münaqişənin sülh yolu ilə həllinə kömək göstərməyə hazır olduqlarını bildiriblər”, – məlumatda deyilir.

Söhbət zamanı beynəlxalq və ikitərəfli gündəliyin digər məsələlərinə də toxunulub və qarşıdakı ikitərəfli təmasların cədvəli “ən yüksək səviyyədə” nəzərdən keçirilib.

Qeyd edək ki, bu gün Putin və Ərdoğan arasında da telefon danışıqları olmuş və liderlər əsasən Dağlıq Qarabağ məsələsini müzakirə etmişdilər. \\Ovqat.com