“Moskva Qarabağda hərbi əməliyyatların bərpa olunmasını istəmir” -politoloq

135

Elxan Şükürlü: “Rusiya istəməz ki, Ermənistanı yenidən qazanmaq istədiyi bir vaxtda Azərbaycan kimi açar ölkəni itirsin”

“Prezident İlham Əliyevin Zəngəzur və ”İsgəndər-M” raketləri ilə bağlı məlum açıqlamaları, bir tərəfdən, seçkiyə hazırlaşan və Qərb-Rusiya münasibətlərinin çözülmə məkanlarından olan Ermənistanın daxili siyasi vəziyyətinə, o biri tərəfdən də Rusiya ilə dəyişən münasibətlərə hesablanmış bəyanatlar və ilkin reaksiyalardan da görünən odur ki, artıq hər iki istiqamət üzrə konkret nəticələr əldə edilib”.

Bu fikirləri Prezident İlham Əliyevin AzTV-yə son müsahibəsini “Yeni Müsavat” qəzetinə şərh edərkən, Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini, politoloq Elxan Şükürlü söylədi. E.Şükürlünün fikrincə, Əliyevin Zəngəzur dəhlizi ilə bağlı bəyanatı 44 günlük savaşdakı məğlubiyyətin ağır təsirindən hələ çıxa bilməyən və Üçtərəfli Bəyanatın bəndlərini yerinə yetirməyi süni şəkildə ləngidən Ermənistanda müharibənin yenidən başlayacağı qorxusu yaradıb ki, bu qorxu da seçkilərdə ən çox Nikol Paşinyanın və qərbpərəstlərin işinə yarayacaq: “Çünki Paşinyanın əsas dəstəkçiləri məhz müharibə istəməyən ermənilər, əleyhidarları isə Paşinyanı Türkiyə və Azərbaycana təslim olmaqda, Qarabağı satmaqda ittiham edən revanşistlərdir. Fikir verirsinizsə, elə son günlər Paşinyan özü də Ermənistan cəmiyyətini yenidən hərbi əməliyyatların başlana biləcəyi ilə təhdid edir, qorxudur. Paşinyan yeni itkilərə hazır olmayan, qorxmuş Ermənistan cəmiyyətini ona vadar edir ki, həm seçkidə çoxluğun dəstəyini əldə etsin, həm də Üçtərəfli Bəyanata uyğun olaraq, Azərbaycanla nəqliyyat-kommunikasiya xətlərini açsa və sülh sazişi imzalasa, daha heç kim onu təslimçilikdə suçlamasın. Onun bu mövqeyi isə Azərbaycanı tam qane edir. Azərbaycan maraqlıdır ki, qarşıdakı seçkilərdə revanşistlər yox, məhz Paşinyan qalib gəlsin və atəşkəs razılaşması qalıcı sülh sazişinə çevrilsin.” E.Şükürlü hesab edir ki, həm Ermənistanda, həm də Azərbaycanda müharibənin yenidən başlaya biləcəyi haqda çağırışlar əslində daha çox Rusiyanın ziyanınadır: “Rusiya Qarabağda hərbi əməliyyatların bərpa olunmasını istəmir. Çünki hərbi əməliyyatlar yenidən başlasa, tərəflər arasında Putinin vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşması pozulacaq və beləliklə, Rusiyanın sülhməramlı missiyası sual altına düşəcək, Rusiyanın təkbaşına bu missiyanı yerinə yetirə bilməyəcəyi haqda Qərbin arqumentləri daha da güclənəcək və nəticədə, Kremlə basqılar artacaq”.

Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü:

Elxan Şükürlü

Prezident İlham Əliyevin “İsgəndər-M” raketləri ilə bağlı Rusiyadan konkret cavab tələb etməsinin ciddi səbəblərinin olduğunu deyən E.Şükürlünün fikrincə, bu addım daha çox Rusiyanın Üçtərəfli Bəyanatda üzərinə düşən öhdəliklərini yerinə yetirməməsindən və rəsmi Bakıya Avrasiya İqtisadi Birliyinə qoşulması üçün təzyiqlərini artırmasından qaynaqlanır: “Rusiya Ermənistanda Paşinyan hakimiyyətini legitim yolla yıxmaq və öz qüvvələrini hakimiyyətə gətirmək istəsə də, buna nail ola bilmir və bu səbəbdən də Dağlıq Qarabağda elə mövqe tutur ki, seçkiqabağı Ermənistanda anti-Rusiya meylləri daha da güclənməsin. Bu isə haqlı olaraq Azərbaycanı narazı salır. Üstəlik, Rusiya Azərbaycana çox ciddi təzyiq göstərir ki, rəsmi Bakı gələcəkdə Ermənistanla eyni blokda – Avrasiya İqtisadi Birliyində təmsil olunmağa razılıq versin. Rusiyanın bu təzyiqlərindən yaxa qurtarmaq üçün də Azərbaycan Prezidenti məcburən həm ”İsgəndər-M” məsələsini gündəliyə gətirdi, həm də xatırlatdı ki, rus sülhməramlıları məhz Azərbaycanın razılığı əsasında onun torpaqlarında – Qarabağda yerləşib. Elə hesab edirəm ki, Rusiya da Azərbaycan Prezidentinin bu sərt mövqeyindən ciddi nəticə çıxaracaq. Rusiya istəməz ki, Ermənistanı yenidən qazanmaq istədiyi bir vaxtda Azərbaycan kimi açar bir ölkəni itirsin. Onsuz da Rusiyanın qorxusu var ki, Azərbaycan     Türkiyə     vasitəsilə, gec-tez, NATO ilə yaxınlaşacaq. Rusiyanın bizim milli maraqlarımıza sayğısız davranışları Azərbaycanın Qərblə yaxınlaşmasına əsas yarada və bu prosesi sürətləndirə bilər”.

Politoloq hesab edir ki, Azərbaycan hakimiyyəti planlaşdırılan Bayden-Putin görüşünədək Rusiyanın təzyiqlərinə davam gətirməli, bunun üçünsə ölkənin içərisində milli və siyasi birliyin qorunub saxlanmasına xüsusi diqqət yetirməlidir.

E.PAŞASOY,
“Yeni Müsavat”