Moskva irticasına cavab verənlər qəhətə çəkiliblər

69

Mayın 9-da ruslar Xocalıda “Qələbə günü” münasibətilə rəsm-keçid təşkil edəcəklərini bildirdilər. Kimin ağlına gələ bilərdi ki, illər keçəcək, canilər cəzasız qalacaq, bir rus zabitinin adı çəkilməyəcək. Ermənilərin verdiyi tut arağını içib vəhşiyə dönən rus cəlladlar qocaları, körpə uşaqları da qətlə yetiriblər. Bu son müharibədə Xocalı şəhidlərinin qisası qismən alındı. Niyə qismən deyirəm? Ona görə ki, qatil rus zabitlərinin biri də ələ keçmədi.

Koçaryan edam olunmayıb, fürerlik iddiasına düşüb, qaldıra bilmədikləri yükün altına girən “pambuq bəyklərinin”, isavatçı siyasi təlxəklərin birinin də burnu qanamadı. Xocalının müdafiəsiz qalmasında bilavasitə təqsirkar olan, Qarabağ camaatı içində pərxaşlıq salan dələduzların biri də güllələnmədi.

Kreml bir daha inandı ki, istedadlı, hər işini min dəfə ölçüb, bir dəfə biçən şəxsiyyət önə çıxanda Azərbaycan xalqı möcüzə yaradır. Düşmən agenturası onu da gördü ki, vuruşma gedən günlərdə könüllü cəbhəyə getmək istəyənlərin sayı-hesabı yox idi. Bədxahlarımız onu da gördülər ki, səhər, axşam hörmətli Prezident televizorda çıxış edəndə bütün xalq diqqət kəsilirdi, onun uğurlu əməliyyatlar haqqında hər məlumatı bütün xalq tərəfindən şadyanalıqla qarşılanırdı. Qələbə rəsm-keçidi, Ərdoğanın odlu-alovlu çıxışı, qəhrəman əsgər və zabitlərimizin Bakı küçələrində qürurla addımlamaları, balaları şəhadətə çatmış valideynlərin sınmadan, əyilmədən, mən fəxr edirəm ki, oğlum vətən yolunda şəhid olub, var olsun İlham Əliyev, onun hər bir əmrinə hazırıq, demələri ölkədə tamam başqa mənəvi mühitin yarandığını göstərdi. Rusiya əvvəl-axır öz mənhus xislətini aşkar etdi. Rəsm-keçid haqqında qərar bir neçə məqsəd güdür, Moskva demək istəyir ki, o, Qarabağdan çıxmaq barədə düşünmür, erməni kimi nökərini qoruyacaq, xaçpərəst həmrəyliyi onun üçün hər şeydən önəmlidir.

Mən dəfələrlə yazmışam, biz nə hiddətlənməyi bacarırıq, nə kin saxlamağı. Doğrudanmı, heç kim başa düşmək istəmir ki, Xocalıda rəsm-keçidin təşkili Azərbaycanı alçaltmaq, şəhidlərin ruhunu təhqir etməkdir? Axı bu dəqiqənin özündə Xankəndində bayram hazırlığını görən, Laçın koridoru ilə silahlı erməniləri ölkənin içərisinə gətirən, erməni qatillərə, arxayın olun, biz buradayıq, biz sizin xristian qardaşlarınızıq, sizləri müsəlmanların ayağına verməyəcəyik, sözlərini deyən, otuz il bundan əvvəl Xocalı qətlamını törədənlərin soydaşları və din qardaşlarıdır. Məhz bu haramzadaların laqeyd baxışları qarşısında Kəlbəcəri boşaldan erməni köpəkləri evləri yandırır, hətta ağacları belə kəsirdilər. Bu vəhşilik başqa bölgələrdə də baş verdi, bir rus zabitinin səsi eşidilmədi. Niyə də eşidilməli idi?

Qərinələr boyu hansı rus adamında türkə, müsəlmana hörmət hissi təlqin ediblər? Onların hansı dərsliyində bizim dinimiz, imanımız, mədəniyyətimiz barədə bir abırlı cümləyə rast gəlmək olur? Yırtıcı şovinist təbliğat, təhsil sistemi elə qurulmuşdu ki, bir şüşə “Ağdam” çaxırı üçün sinov gedən rus sərsərisi özünü hər yerdə ağa kimi aparırdı. Ali hərbi məktəbləri bitirmiş rus zabitləri isə özgə aləm idilər. İkrah və nifrət hissi imkan vermir ki, bu barədə bir az danışım.

Bu sözlərimdən sonra kim məni günahlandırmaq istəyirsə, qəbulumdur. Bakının özündə doğulub ərsəyə çatmış, yaxşı da güzəran qurub ev-eşik yiyəsi olmuş rusların ələlxüsus, biqeyrətlərimizin pulu ilə neynim demədən yaşayan “matışkaların” lüğətində azərbaycanlı üçün üç söz vardır, “spekulyant”, “çuşka”, “baran”. Ölkədə ən murdar, ən satqın təbəqə isə ruslaşmışlar idi. Moskva irticası məhz bunlardan özü üçün sadiq manqurt “qvardiyası” yaratdı.

Bu dəstəyə daxil olanlar ustalıqla rəiyyətin damarını tuta bildilər. Bunun üçün çox zəhmət çəkmək lazım gəlmədi. Hələlik burada nöqtə qoyub əsas mətləbə qayıdıram.

Satqın oliqarx zümrəsini, sabiq nomenklaturanın buqələmun xislətli nümayəndələrini öz qanadı altına alıb təhlükəsizliklərini təmin edən Moskva nə qədər əlləşib-vuruşdusa ölkə daxilində milli zəmində nifaq yarada bilmədi. Prezident İlham Əliyev böyük ustalıqla gələcək fəlakətin qarşısını kəsdi.

Müharibə başlayanda Azərbaycan ordusunda talışlar, tatlar, avarlar, inqiloylar, ləzgilər, yəhudilər, albanlar çiyin-çiyinə durdular. Kimi dindirsəydin, eyni cavabı eşidirdin, Azərbaycan vətənimizdir, Qarabağ bizimdir! Bu isə Moskvanın planlarına daxil deyildi. Baş verən həngamədə uduzan erməni-rus alyansı və bir də fars şovinistləri oldu.

Bizim iqtidar nəciblik göstərib 30 il ərzində İranın işğal olunmuş ərazilərdə nələr törətdiyini tamam açmadı. Onsuz da camaat çox xoşagəlməz məsələlərdən hali idi. Çıxın küçəyə, adi bir eksperiment keçirin, İran barəda soydaşlarınıza sual verin. İran hökümətinin xeyrinə bir kəlmə eşitməzsiniz.

Moskvanın Qarabağda erməni faşistlərinin törətdikləri cinayətlərdən xəbərdar olması faktdır. Mən Xocalı qətliamından danışmıram. Qarabağda açıqdan- açığa işləyən rus rezidentləri Başlıbel kəndində müqavimət göstərə bilməmiş qocaların, qız-gəlinlərin, uşaqların qətlə yetirilməsini görmüşdülər.

Dəhşət 1993-cü ilin aprel ayının əvvəlində baş vermişdə qatil erməni idisə, onun hamisi, tərəfkeşi, ağası rus idi. Bu gün kimi həqiqiət göz qabağındadır. Bakıda isə özünü vətənpərvər hesab edənlər mətbuat səhifələrində ağzına gələni yazırdı.

Çox keçməyəcək ki, bu psevdoinqilabçılar İlham Əliyevin rikabdarı olmaq üçün dəridən qabıqdan çıxacaqlar. Soruşa bilərsiniz, dadaş, bu rikabdar nəmənədir? Mənası, üzəngitutandır. Uzaq keçmişdə bu şərəfli vəzifə sayılırdı.

Əziz qarelərim mənə tənə vuracaqlar, ay qoca, olan olub, keçən keçib, nə qədər danışsan da xeyri yoxdur. Bəyənmədiyin ağalar maşallah artıq rəyasətə çatıblar, ayaqları altında qalanları heç adam da saymırlar, dünya malından da sirab olublar. Mimikriya məharətinə görə bunlara bir canlı çata bilməz. Dünənləri Ramiz Mehdiyevin gözünə sataşmaq üçün nəzir verənlər, indi özlərini elə aparırlar ki, guya onun heç adını eşitməyiblər.

Bu qərinə ərzində hələ heç kim deyə bilməz ki, bu havayı yeyənlərin içindən Rusiya irticasına qarşı mərdi-mərdanə çıxış edən tapılıb. Ümumi sözlər, şablon ifadələr, ütülənmiş cümlələr, boş, mənasız gəvəzələmə- buğlana- buğlana əda ilə gəzən bu güruhun danışıq məharəti bundan o yana getmir.

Başqa “siyasət bahadırlarını” demirəm, elə Asim Mollazadənin, Rasim Musabəyovun danışıqlarına qulaq asın. Məşədi İbadın təbirincə desək, “Tarixi-Nadirini” yarıya qədər oxumuşam, amma mən, hələ indiyə kimi bu ağacların “nitqlərindən” heç nə anlaya bilməmişəm. Məni bir məsələ də maraqlandırıb, hansı xidmətlərinə görə bu ağaları gətirib Milli Məclisdə oturdublar.

… Başqa telekanalları, qəzetləri demirəm, amma o həftə yoxdur ki, bədnam “Zvezda” kanalında Qarabağdan, rus ordusunun illər boyu Qafqazda keçirtdiyi əməliyyatlardan söhbət açılmasın. Mən özüm Moskvada nəşr olunan beş elmi-tarixi məcmuə alıram. Hər yerdə də söz düşəndə Şuşanın qədim erməni şəhəri olması xüsusi vurğulanır. Hələ indiyə qədər bir dəfə eşitmədim ki, Rasim Musabəyov, Asim Mollazadə kimi təyin olunmuş deputatlar bir kəlmə desinlər, efirdə, mətbuatda aləmi bir-birinə vursunlar. Belələri dolanmağın təhərini çoxdan tapıblar. Prezident bir saat da olsun bir yerdə oturmur, hər yerə baş çəkir, heç kimi laqeyd qoymayan gözəl çıxışlar edir, elə adam da yoxdur ki, onu ürəkdən təqdir edib alqışlamasın. Bizim nadirəlvücud tüfeylilərin işi-gücü isə kişinin gül kimi çıxışlarına bivec şərhlər verməkdir.

(Ardı var)

Firuz Haşımov