Moldovada rusiyapərəst parlament buraxıla bilər – Prezident Maya Sandu hərəkətə keçdi

15

Moldova prezidenti Maya Sandu deyib ki, o parlamentin buraxılması və erkən parlament seçkisinin çağırılması üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

“Mən konstitusiya qanunu üzrə ekspertləri xoşlayıram, inanıram ki, parlamentin buraxılması üçün hüquqi şərait tələbləri yerinə yetirilib”, – deyə prezident jurnalistlərə açıqlamasında qeyd edib.

Bundan əvvəl rusiyayönlü sosialistlərin çoxluğa malik olduqları parlament qərbyönümlü prezidentin baş nazir vəzifəsinə verdiyi iki namizədi rədd etmişdi.

Fevralın 11-də millət vəkilləri Sandunun ilk seçimini – keçmiş maliyyə naziri Nataliya Qavrilitanın baş nazirliyə namizədliyini qəbul etməyib.

Moldova konstitusiyasına görə parlament prezidentin baş nazir vəzifəsinə ikinci namizədini 45 gün ərzində təsdiqləməsə, prezident parlamentin buraxılması və qəfil seçkinin keçirilməsini istəyə bilər.

Prezident, yeni hökumətin tərtibi də üç ay müddətində bloklanarsa, eyni addımı atmaq hüququna malikdir.

Sandu martın 30-da keçirdiyi mətbuat konfransında parlamenti bir daha sərt tənqid edib və deyib ki, “bu parlamentdə ölkəni yoxsullaşdıran korrupsiyalı millət vəkilləri oturublar”.

Sandunun bu bəyanatından sonra, Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan keçmiş prezident və Sosialist Partiyasının lideri İqor Dodon deyib ki, onun partiyası pandemiya şəraitində seçki keçirilməməsi üçün imkanındakı bütün hüquqi vasitələrdən istifadə edəcək.

Xatırladaq ki, Dünya Bankının keçmiş məsləhətçisi, ABŞ təhsilli Sandu Dodonu 2020-ci ilin prezident seçkisində məğlub edib. O vaxt Sandu demişdi ki, ölkənin iliyinə işləmiş korrupsiya ilə mübarizə aparacaq və Avropa İttifaqı ilə münasibətləri yaxşılaşdıracaq.

Sandu dəfələrlə bəyan edib ki, o 101 mandatlı parlamentin işlək vəziyyətə gətirilməsi üçün qəfil seçki keçirilməsini istəyir.

3.5 milyon nəfər əhalisi olan Moldova dünyanın ən yoxsul ölkələrindən biridir və rusiyayönlülərlə avropayönlülüər arasında ikiyə bölünüb.

Moldovanın Rusiya ilə ortaq sərhədi yoxdur. Buna baxmayaraq Moskva buradakı Dnestryanı vilayətində donmuş münaqişə yaradıb və silah anbarını qorumaq bəhanəsi ilə burada qoşun saxlayır. Sandu dəfələrlə ölkədəki Rusiya qoşunlarının çıxarılmasını tələb edib.

“AzPolitika.info”