Mirələmov hakim partiyadan qovuldu

69

O, YAP-ın Xətai rayon təşkilatının sədri vəzifəsindən və YAP Veteranlar Şurasının üzvlüyündən də çıxarıldı

Dünən Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirlib. Toplantının gündəliyində 2 məsələ olub.

Gündəliyə uyğun olaraq, iclasda Milli Məclisdə çoxluq təşkil edən YAP-ın Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşdirilib və YAP-ın Xətai rayon təşkilatının sədri, YAP Veteranlar Şurasının üzvü Hüseynbala Mirələmovun sosial şəbəkələrdə yayılan videogörüntüdə qeyri-etik hərəkətlərinə qiymət verilib.

Nəticədə Milli Məclisin sabiq deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov YAP üzvlüyündən xaric edilib.

YAP İdarə Heyətinin qərarı ilə, o, həmçinin YAP-ın Xətai rayon təşkilatının sədri vəzifəsindən azad edilib və YAP Veteranlar Şurasının üzvlüyündən də çıxarılıb.

Qeyd edək ki, aprelin 21-də sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə əxlaqsız hərəkətlərinin olduğu videosu yayılıb.

Həmin görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir. Görüntülər yayıldıqdan sonra H.Mirələmov ADNSU-da kafedra müdiri vəzifəsindən azad edilib.

KƏNAN