Minlərlə yük maşını Gürcüstan-Rusiya sərhəddində qalıb – Türklərə problemlər yaradılır

66

Rusiyadan Gürcüstana yollanan türk yük avtomobillərinin sürücüləri həftələrdir ki, sərhəddə ilişib qalıb. İki ölkə arasındakı Kazbeqi-Yuxarı Lars sərhəd keçidində gözləyən nəqliyyat vasitələrindən ibarət növbənin 75 kilometrə qədər uzandığı bildirilir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Türkiyənin “Dünya” qəzeti xəbər verir.

Məlumata əsasən, təxminən 4 min yük maşını Rusiya sərhədini artıq bir aya yaxındır ki, keçə bilmir. Koronavirus pandemiyasından əvvəl Türkiyə ilə Mərkəzi Asiya arasındakı avtomobil daşımalarının 90 faizi İran və Türkmənistan üzərindən aparılıb. Lakin Türkmənistanda sərhəd keçidinin bağlanılmasından sonra yük maşınları Gürcüstandan Azərbaycana və oradan Qazaxıstana keçməyə başlayıblar.

“Amma Azərbaycanda bir nəqliyyat vasitəsi üçün 500 dollardan artıq ödəniş alındığı üçün nəqliyyatçılar daha çox Gürcüstan-Rusiya-Qazaxıstan yoluna üstünlük verirlər”, – məlumatda deyilir.

Hazırda Kazbeqi-Yuxarı Lars sərhədindən hər gün ən çox 30 türk nəqliyyat vasitəsinin keçməsinə icazə verilirsə, erməni və gürcü sürücülərə gəldikdə, bu rəqəm 500-ə çatır. Məlumata görə, xüsusilə də Ramazan ayının başlaması ilə bağlı yerli sakinlər oruc tutan sürücülərə su və yemək gətirirlər.

“Keçən həftə 40 km olan növbə bu həftə 75 km-ə çatdı. 5 gündə 4 km məsafəni qət edə bilməmişik. Xəstəyəm, avtomobili tərk edib xəstəxanaya gedə bilmirəm. Ürək xəstəliyi olan və dərmanı tükənən sürücülər var. 22 gündür ki, duş ala bilmirik. Yemək, içki və dizel yanacağı ilə bağlı problemimiz var. Şirkətlər “özünüzə baxın” deyirlər. Hökumətimizdən hələ dəstək almamışıq. Heç kim səsimizi eşitmir,” – deyə türk sürücüsü Mehmet Şerif Hacıoğlu qəzetə deyib.