Mənzil vergisi bələdiyyəyə, yoxsa “JEK”ə ödənilməlidir?

240

Və yaxud “JEK”lər ləğv olunubsa, niyə hələ də vətəndaşlardan pul yığılır?!

Fazil Mustafa: “Mənzillə bağlı ödənişlər də bələdiyyəyə ödənilməlidir

Rəşad Həsənov: “Əgər bələdiyyə və “JEK”lər vətəndaşlardan eyni anda əmlak vergisi tələb edirsə, bu artıq ziddiyyətdir”

Vətəndaşlardan həm bələdiyyələrin, həm də Mənzil İstismar Sahələri (MİS, “JEK”) “ev pulu” tələb etməsi çaşqınlıq yaradır. Çünki ləğv edilmiş “JEK”lərin ödəniş tələb etməsi qanunazidd addımdır. Odur ki, redaksiyamıza “JEK”lərin vətəndaşlardan ödəniş tələb etməsiylə bağlı çox sayda şikayət xarakterli məlumatlar daxil olub.

Qeyd edək ki, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. Qərar ölkə prezidentinin 2018-ci il 30 noyabr tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna etdiyi dəyişikliyə əsasən verilib. “Qanunun 13-cü maddəsinə edilmiş dəyişikliyə görə, çoxmənzilli binanın idarə edilməsi Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Digər dəyişiklik isə Mənzil İstismar Sahələrinin (MİS) fəaliyyəti ilə bağlıdır. Qanuna dəyişiklik MİS-lərin mənzil idarəçiliyində uzaqlaşdırılması istiqamətində daha bir addım oldu. Bundan sonra MİS-lər əhalidən mənzil pulu yığa bilməyəcəklər. Çünki “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 14-cü maddəsində birbaşa göstərilir ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə ancaq müqavilə əsasında xidmət göstərə bilərlər. Bu səbəbdən, “JEK”lərin statusunun havada olduğunu desək yanılmarıq.

Ümumiyyətlə, “JEK”lərin vətəndaşlardan ödəniş alması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun deyil və bunun baş verməsi də qanunazidd haldır. Lakin, buna baxmayaraq “JEK”lər hələ də fəaliyyətlərini davam etdirir və vətəndaşlardan ödəniş tələb edir. Necə deyərlər, qanunsuz fəaliyyət göstərmələri bir yana, hələ vətəndaşdan pul da yığırlar.

Millət vəkili Fazil Mustafa deyir ki, mənzil haqqında qanunvericilikdə ümumiyyətlə mənzil istismar sahələri haqqında maddə yoxdur. O, “JEK”ləri qanunsuz qurum adlandırdı: “Əlbəttə ki, bələdiyyəyə torpaq vergisi ödənilməldir. Mənzillə bağlı ödənişlər də bələdiyyəyə ödənilməlidir. “JEK”lərə ödənilməsi isə qanunsuzluqdur. Mənzil Məcəlləsində “JEK”lərlə bağlı məlumat yoxdur. “JEK”lər qanunla ləğv edilib. Ümumiyyətlə, “JEK”lər varsa belə, qanunsuz qurum sayılır. Onlar vətəndaşdan heç bir ödəniş tələb edə bilməz. Əgər “JEK”lər vətəndaşdan ödəniş tələb edərlərsə, hüquq-mühafizə orqanlarına müraciət edilməlidir”.

“JEK”lərin mövcud olduğu vaxtlarda funksiyasına ev pulunu yığmaq və vətəndaşlara bu binada yaşadığını təsdiqləyən arayış vermək daxil idi. Hər ay ödəniş etmələrinə baxmayaraq, blokları da sakinlər özləri təmizləyirdi. “JEK” isə hərdən binanın qarşısını asfaltlayır və s. bu kimi kiçik həcmli iş görür. Yəni hər ay mənzil sahblərindən alınan ödənişlər kimlərinsə cibinə axırdı desək, yanılmarıq.

İqtisadçı Rəşad Həsənov da “Hürriyyət”ə müsahibəsində dedi ki, bələdiyyə və “JEK”lər vətəndaşlardan eyni anda əmlak vergisi tələb edirsə, bu artıq ziddiyyətdir. O, belə olduğu təqdirdə vətəndaşların hüquqlarını tələb etməli və ödəniş etməməli olduğunu vurğulayıb:

“Əslində, əmlaka görə vergi şəhərlərdə “JEK”lər, regionlarda bələdiyyələrə həvalə edilir. Çünki regionlarda mənzil istismar idarələri olmadığı üçün bunu bələdiyyələr həyata keçirdir. Bunu dəqiqləşdirmək lazımdır. Həm bələdiyyənin, həm də “JEK”lərin pul yığmaq səlahiyyəti var. “JEK”lər ləğv edilməsiylə bağlı qanun tam olaraq qüvvəyə minməyib. Çünki onun praktiki olaraq tətbiqi mümkün olmadı. Bu qərar təkcə 2018-ci ildə deyil, 2014-cü ildə də qəbul edilib. “JEK”lərin əvəzedicisi olmadığı üçün bu mümkün olmadı. Düşünürəm ki, əvvəlcə vətəndaşlar aydınlaşdırmalıdır ki, bələdiyyə və “JEK”lər nəyin pulunu istəyir… Mənzil istismar idarələri təkcə əmlak vergisi deyil, tullantıların daşınmasına görə də ödənişlər tələb edir. Buna bənzər xidmətlərə görə də ödəniş alırlar. Həmçinin bələdiyyələr də bir neçə növdə ödənişlər tələb edir. Əgər bələdiyyə və “JEK”lər vətəndaşlardan eyni anda əmlak vergisi tələb edirsə, bu artıq ziddiyyətdir. Birinci növbədə bu məsələ aydınlaşdırılmalıdır. Belə olduğu təqdirdə vətəndaşlar hüquqlarını tələb etməlidir və ödəniş etməməlidir”.

Əvvəldə qeyd etdiyimiz kimi, “JEK”lərin vətəndaşlardan ödəniş alması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun deyil və bunun baş verməsi də qanunazidd haldır. Əgər vətəndaşlar bu cür neqativ hallarla rastlaşarsa, hüquq-mühafizə orqanlarına məlumat verə bilərlər.

YƏHYA

Qeyd: Mövzunu davam etdirəcəyik.