“Məni köməksiz bilib, işdən çıxarmaq istəyirlər”

258

Xaricdə təhsil alan övladlarının təhsil ödənişiylə bağlı evini satan qadın “Azneft” İstehsalat Birliyinin rəhbərliyindən şikayətçidir

“Müəyyən bəhanələrlə məni işdən azad edib, gələcəkdə özümü və xarici dövlətdə təhsil alan 2 tələbə övladımı ac-yalavac qoymaq istəyirlər”

Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, ev-34 “A” ünvanında kirayədə yaşayan Sevda Əmənova “Hürriyyət”ə müraciət edərək, 40 ildir çalışdığı müəssisədən çıxarıldığını bildirir. Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “28 may” Neft Qaz Çıxarma İdarəsində işləmiş Sevda Əmənova övladlarının Almaniyada təhsil aldığını, özü isə övladlarının təhsil ödənişləriylə bağlı evini satdığını qeyd edir. 62 yaşlı şikayətçi müəssisə rəhbərliyinin ona qarşı qərəz göstərdiyini deyir:

“40 ilə yaxındır ki, istər Sovetlər, istərsə də doğma Azərbaycanımızın müstəqilliyi dönəmində Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “28 may” Neft Qaz Çıxarma İdarəsinin Çilov Xidmət sahəsində nöqsansız və heç bir qüsur olmadan müxtəlif vəzifələrdə işləmişəm. Hazırda da həmin müəsissədə operator sahəsində çalışmaqla, işimin öhdəsindən hələ də çox yüksək səviyyədə gəlirəm.

Ali təhsilli və təcrübəli bir mütəxəssis sayılan xanımın heç bir ciddi əsas olmadan işlədiyim müəssisədə mənə qarşı süni manelər yaradılır. Müəyyən bəhanələrlə məni işdən azad edib, gələcəkdə özümü və xarici dövlətdə təhsil alan 2 tələbə övladımı ac-yalavac qoymaq istəyirlər. Övladımın hər ikisi əvvəl Bakı şəhərində ali təhsil almış, sonradan isə hər ikisi təhsillərini davam etdirmək üçün Almaniyada işlədiyim neft sahəsi üzrə ödənişli universitetə qəbul olublar. Bir valideyin olaraq onların hər ikisinin yüksək səviyyədə təhsil almalarından və gələcəkdə ixtisasları üzrə doğma vətənimizə gənc və elimli bir mütəxəssis hazırlanmasından ötrü çalışmışam. Bununla bağlı heç bir təşkilata, heç bir şəxsə müraciət etməyərək, heç kimdən kömək istəməyərək Xırdalan şəhərində yerləşən fərdi yaşayış evimi satmışam. Hazırda kirayədə yaşamaqla onların hər birinin təhsil haqqlarından ötrü əvvəlcədən 9000 avro, yəni hər birinə 18000 manat cəmi 36000 manat ödəniş etdim ki, övladlarım təhsillərini davam etdirsinlər. Hər ikisi həmin depozit ödənişindən il ərzində istifadə edirlər ki, ilin sonuna kimi xərclənən məbləğ mütləq şəkildə həmin hesaba qaytarılmalıdır. Əks təqdirdə xərclənən məbləğ vaxtında qaytarılmasa həmin dövlətin qanunlarına əsasən, tələbəni dərhal universitetdən çıxarmaqla bərabər, həmin dövlətdən deport edirlər.

Məsələ ilə bağlı işlədiyim müəsissənin rəhbəri cənab Zaur Bağırova və tabe olduğu Baş İdarənin rəhbəri cənab Şahmar Hüseyinova dəfələrlə rəsmi qaydada müraciət etsəm də, mənə hələ də müsbət cavab verilməyib. Çalışırlar ki, məni hər hansı bir bəhanə ilə işdən azad etsinlər. Düşünmürlər ki, belə olan halda mənim və 2 tələbə övladımın gələcək həyatı alt-üst olacaq…

Mənə qarşı qanunsuz, ədalətsiz və qərəzli davam edən kampaniyaya son qoyulmasından ötrü İqtisadiyyat Naziri və “SOCAR”ın yeni təyin edilmiş Müşahidə Şurasının Sədri cənab Mikayıl Cabbarova və məlumat üçün yenə də çalışdığım müəsissənin rəhbərlərinə rəsmi qaydada müraciət etsəm də müəsissə rəhbərləri məni qəbul edib dinləməmiş və Müşahidə Şurasından da hələ ki, heç bir cavab almamışam.

Bildirirəm ki, mən tam sağlam bir işçi olmaqla işimin öhdəsindən daim layiqincə gəlirəm. Əgər işlədiyim müəsissə rəhbərləri yaş həddini bəhanə edirsə, mənim 62 yaşım var. Müəsissədə isə 70 yaşa yaxın həm qadın, həm də kişi işçilər işləyir. Onlara qarşı heç bir iradım yoxdur və ola da bilməz. Həmin işçilərin heç biri mənim işlədiyim keçid dövrünü keçməyiblər. Sual olunur ki, niyə bəs yalnız mən işdən çıxarılmalıyam?! Açığını bildirmək istəyirəm ki, bunun cavabı budur: rəhbərlik məni köməksiz bilib, mənim və 2 tələbə övladımın gələcək yaşayış tərzimizi nəzərə almayaraq işdən çıxarmaqla, işlədiyim sahəyə öz maraqlarına görə kimisə təyin etmək istəyirlər.

Sizdən artıq dərəcədə xahiş edirəm ki, özümün və 2 tələbə övladımın vəziyyətini nəzərə alaraq, köməklik olunmasından ötrü məsələni ən qısa müddətdə ictimailəşdirəsiniz”.

Məsələylə bağlı “Azneft” İstehsalat Birliyi ilə əlaqə yaratmağa çalışdıq. Təəssüf ki, zənglərimizə cavab verilmədi.

YƏHYA

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.