“Lirə dollara nisbətən 1 faizdən çox dəyərsizləşib”

138

Vüqar Bayramov:Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatı region iqtisadiyyatıma da təsirsiz ötüşmür”

“Türkiyənin ABŞ-la münasibətlərinin gərginləşməsi qardaş ölkənin milli valyutasının məzənnəsinə də təsirsiz ötüşməyib. Lirə həftəyə enişlə başlayıb”. “Hürriyyət” xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, hələlik lirənin kursunda ciddi azalmalar olmasa da, ötən həftəni dollara nisbətən 8.33 məzənnəsi ilə başa vuran Türkiyə pulu bu həftəyə 8.44 tarazlığı ilə başlayıb: “Lirə sonuncu iş günü ilə müqayisədə dollara nisbətən 1 faizdən çox dəyərsizləşib. Göründüyü kimi, Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat region iqtisadiyyatına da təsirsiz ötüşmür. Amma təbii ki, belə gərgin münasibətlər yalnız qardaş Türkiyə və ya region ölkələri üçün deyil, eyni zamanda Birləşmiş Ştatların biznes dairəsi üçün də arzuolunan deyil. Doğrudur, ABŞ qlobal iqtisadi güc statusunu qoruyub saxlayır. Amma Türkiyə ilə 26.8 milyard dollarlıq xarici ticarəti olan Birləşmiş Ştatlarda biznesin müəyyən seqmenti bu gəlirlərdən faydalanır. 14.2 milyard dollarlıq Birləşmiş Ştatlar ixracatı onun ümumi eksportu ilə müqayisədə böyük görsənməsə də, biznes gəlirləri baxımdan heç də kiçik göstərici deyil”.

Valeh TÜRKSOY