Lerikin Kornədi kəndində yaşayan Qarabağ qazisinin evi uçmaq təhlükəsiylə üzləşib – FOTOLAR

387

Lerikdə 1-ci Qarabağ müharibəsi qazisi Elçin Şərbətov Ələkbər oğlunun evi torpaq sürüşməsinə məruz qalıb. Rayonun Kornədi kəndinə yaşayan vətəndaş, qəzalı evlə bağlı qurumlara müraciət etsə də, hələ ki müsbət cavab verilməyib. Elçin Şərbətov Hurriyyet.org-a bildirib ki, qəzalı evdə 8 ailə üzvü yaşayır:

“Evimiz 1981-ci ildə atam tərəfindən tikilib. Ekologiya nazirliyindən də evə baxış keçirilib. Hələ ki, nəticə yoxdur. Eyni zamanda, rayonumuzun deputatı İqbal Məmmədova da müraciət etmişik. İqbal müəllimin göstəriş verməsinə baxmayaraq, hələ ki, qəzalı evdə yaşamaq məcburiyyətində qalmışıq. Bu yaxınlarda özüylə də görüşmüşəm. Bakıdan Ekologiya nazirliyinin əməkdaşları gəlib baxış keçirib. Rəy də verib. Lakin, Fövqəladə Hallar Komissiyasından cavab yoxdur. Özüm də Qarabağ müharibəsində iştirak etmişəm. Hazırda qəzalı evdə 8 ailə üzvüm yaşayır. 4 övladım var. Kənd nümayəndəmiz də bildirib ki, qəzalı evdə yaşaya bilmərik. Ev çiy kərpicdən tikildiyi üçün torpaq sürüşməsinə məruz qalıb”.

Məsələylə bağlı kənd icra nümayəndəsi Elxan Aslanovla əlaqə saxladıq. Kənd icra nümayəndəsi Hurriyyet.org-a müsahibəsində deyib ki, Ekologiya nazirliyinin əməkdaşları tərəfindən qəzalı evə baxış keçirilib:

“Vətəndaş müraciət edib. Biz də yerində baxış keçirib, aktlaşdırmışıq. Aktlaşdırdıqdan sonra Lerik rayon Fövqəladə Hallar komissiyasına vermişik. Fövqəladə Hallar Komissiyası da birinci növbədə Ekologiya və Təbii Sərvətlər nazirliyinə göndərilir. Daha sonra, nazirliyin nümayəndələri gəlib yerindəcə baxış keçirir. Baxış keçirildikdən sonra, əgər qəza fövqəladə vəziyyət zamanı olubsa (torpaq sürüşməsi, külək, zəlzələ) akt Fövqəladə Hallar Nazirliyinə göndərilir. Vətəndaş da bizə müraciət etdikdən sonra, həmin tədbirləri görmüşük. Ekologiya nazirliyi də qəzalı evə baxış keçirib. Bizə hələki heç nə deyilməyib. Yəgin ki, rəyi Fövqəladə Hallar Komissiyasına veriblər. İcra Hakimiyyəti ailəni evlə təmin etməyib. Sadəcə ailəyə bildirilib ki, yaxın qonşuda və ya qohumlarda qalsınlar. Əslində, kənddə qəzalı evlər çoxdur”.

8 ailə üzvünün yaşadığı evin hər an uçmaq təhlükəsi olan kənd sakini tezliklə aidiyyəti qurumlar tərəfindən müəyyən tədbirlərin görülməsinə ümid edir.

Qeyd: Mövzunu davam etdirəcəyik. Eyni zamanda, kənd sakinlərinin Hürriyyətin əməkdaşına bildirdiyi digər problemlərlə bağlı daha ətraflı qəzetimizin növbəti buraxılışında oxuya bilərsiniz.

YƏHYA