Lavrov Ukrayna ilə müharibə haqda nə düşünür…

81

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Donbassda Ukrayna ilə Rusiya arasında müharibənin mümkünlüyünü dəyərləndirib. RİA Novosti agentliyinə müsahibəsində nazir deyib ki, “yarım milyona qədər əhalisinin Rusiya pasportu daşıdığı” Donbassda müharibədən qaçmaq mümkündür və gərəkdir.

“Əgər bu bizdən və oradakı özünümüdafiə qüvvələrindən asılıdırsa , onların prinsipial mövqeyini başa düşdüyümüz qədər, deyə bilərik ki, müharibədən qaçmaq mümkündür və lazımdır. Lakin mən Ukrayna tərəfinin və prezident Vladimir Zelenskinin adından danışa bilmərəm”,-Rusiya xarici işlər naziri bildirib.

Xatırladaq ki, Rusiya martın əvvəllərindən etibarən Ukrayna ilə sərhədlərə, o cümlədən ilhaq edilmiş Krım yarımadasına böyük sayda hərbi qüvvə cəmləşdirmişdi. Rusiya bunu Ukraynanın Qarabağ müharibəsinin təcrübəsindən də istifadə etməklə Donbass üzərinə nəzarəti geri qaytarmaq üçün irimiqyaslı hücuma başlamaq hazırlıqları ilə əsaslandırırdı. Moskvadan hədələyirdilər ki, Ukrayna Donbassa hücum etsə Rusiya oradakı vətəndaşlarının köməyinə gedəcək. Bir neçə gün əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqu Ukrayna sərhədlərinə yeridilmiş qoşunların daimi dislokasiya yerlərinə qayıtmasını əmr edib, lakin analitiklər hesab edirlər ki, qoşunların heç də hamısı geri qayıtmayacaq.

Bu arada Rusiyanın təkcə Krım yarımadasında 50-dən çox qırıcı, bombardmançı təyyarələr yerləşdirildiyi məlum olub. Rusiya Müdafiə Nazirliyinin “Krasnaya zvezda” nəşri bildirir ki, Krımdan daimi dislokasiya yerlərinə Cənub Hərbi Dairəsinin və Qara dəniz donanmasının dəniz aviasiyasının arsenalında yer alan 50-dən çox döyüş təyyarələri qayıdıb. Həmin təyyarələr bir neçə gün ərzində Krım aerodromlarından birinə yerləşdirilmişdi. Ümumilikdə isə Ukrayna istiqamətində Rusiyanın 300-ə yaxın döyüş təyyarəsinin cəmləşdirildiyi xəbər verilirdi.

Ötən gün ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, Rusiyanın Ukrayna sərhədlərinə yeritdiyi qoşunların hamısını geri çəkdiyini deyə bilməz, amma qoşunların geri çəkilməsi həqiqətən başlayıb.

“Biz bəzi qüvvələrin geri çəkilməsinin şahidi olmuşuq. Lakin Rusiya qüvvələrinin Ukrayna sərhədlərindən tam geri çəkilməsi haqda danışmaq hələ tezdir. Təhlükə hələ qalır, biz qoşunların tam geri çəkiləcəyinə əmin deyilik. Amerika hərbçiləri baş verənləri bundan sonra da çox diqqətlə izləyəcək. Rusiya tərəfinin qoşunların təlim çərçivəsində yeridildiyi və indi geri çəkildiyi haqda bəyanatlarına inanmaq olmaz”,-Pentaqonun nümayəndəsi Con Kirbi jurnalistlərə bildirib.

Virtualaz.org