Lənkəranda şagirdini döyməkdə ittiham olunan müəllimənin işi məhkəməyə göndərildi

666

Röya Nuriyeva: “Şagirdim mənə fiziki güc tətbiq edib, şahidlər və videogörüntülərvar

Məhəmməd Rzayev: “R.Nuriyevanın D.Əliyevaya sıyrıqlardan ibarət, dərəcəsi müəyyən edilməyən, sağlamlığa zərər vurmayan xəsarət yetirdiyi müəyyən edilmişdir”

Ötən həftə “Hürriyyət”in redaksiyasına Lənkəran şəhər Osa küçəsi, tam orta məktəbin müəlliməsi Nuriyeva Röya Əlipaşa qızı ilə bağlı şikayət daxil olması haqda məlumat vermişdik. Şikayətin araşdırılması nəticəsində məlum olmuşdu ki, şəhərin Təhsil Şöbəsində adıçəkilən müəllimə ilə şagird, eləcə də onun valideyni arasında münaqişə baş vermişdir. Münaqişə zamanı Nuriyeva Röyanın valideynlərdən birinə fiziki təzyiq tətbiq etməsi əsnasında, məktəbli övladı bunun qarşısını almaq istəmiş, nəticədə müəllimənin fiziki təzyiqinə tuş gəlmişdir.

İddialara görə, müəllimə hücum edən və günahkar tərəf olmasına baxmayaraq, polis işçilərini hadisə yerinə çağırıb, fiziki şiddət göstərdiyi valideyn və şagirdi hədəf kimi göstərmişdir. Yalnız valideynlərin göstərdiyi müqavimət nəticəsində məsələni aydınlaşdırmaq üçün görüntülərin qeydə alındığı kameralara baxış keçirilib. Bu zaman məlum olub ki, döyülən tərəf – şagirdlə valideyin, hücum edən tərəf isə müəllimədir.

Yazı qəzetimizdə dərc olunduqdan sonra Osa küçəsi, tam orta məktəbin müəlliməsi Nuriyeva Röya Əlipaşa qızı “Hürriyyət”ə cavab məktubu ünvanlayıb. Məktubdakı texniki qüsurları və redaktə səhvlərini düzəltməklə, müraciəti olduğu kimi təqdim edirik:

“Haqqımda yazılanlara cavab olaraq, ulu öndərimiz Heydər Əliyevin cümlələri ilə başlamaq istəyirəm: “Mən Azərbaycanın sadə vətəndaşıyam. Bundan böyük ad yoxdur, ancaq bundan da yüksək ad müəllimlikdir”.

Mən Nuriyeva Röya Əlipaşa qizi Azərbaycanın sadə vətəndaşıyam, qırmızı diplomlu və müəllimlərin işə qəbulunda yüksək nəticə göstərmiş müəllim, respublika üzrə hüquq olimpiadasında fərqlənmə dərəcəli diplomla təltif olunmuş, o cümlədən uşaq hüquqlari üzrə sertifikatlı biriyəm. Mediada haqqımda dərc olunan “arxasında dağ kimi duran himayədarlar” ifadəsinə cavabım,  HİMAYƏDARIM – Allahım, Azərbaycan Respublikası qanunları, xalqım və ən əsası ziyalı ailəmdir. Lənkəran şəhər Təhsil Şöbəsi əməkdaşının, o cümlədən dərs dediyim sinfin bəzi valideynlərinin sizə verdiyi müsahibə dezinformasiya, yalan məlumat, şər və böhtandır. Yazılanlara əsasən kameralarda şagirdimi döydüyüm təsdiqlənib – bu da yalan məlumatdır(Polis İdarəsi ilə əlaqə saxlanıla bilər). Belə ki, şagirdimin ekspertizada döyülmüş çıxması səbəb deyil ki, onu döyən mən olmuşam. Heç bir şagirdimə fiziki güc tətbiq etməmişəm. Bu kimi dezinformasiyaların ictimaiyyətə təqdim olunmasını, kimliyindən asılı olmayaraq, istənilən canlıya fiziki güc tətbiq olunmasını şiddətli qınayıram.

Belə ki, şagirdim mənə fiziki güc tətbiq edib, şahidlər və videogörüntülər var. Lakin azyaşlı olduğu və həmin şagirdin müəllimi olduğu üçün şikayətçi olmadım (Lakin polis idarəsində bununla bağlı izahatım var). İşlədiyim məktəbin direktoru Arzu Mirzəyeva və Təhsil Şöbəsinin bəzi əməkdaşları əlbir olub, təhsil qanunvericiliyini kobud surətdə pozur. Hətta məndən də bu istənilir, bütun qanunsuzluqlara göz yummağım tələb olunur. Lakin mən bununla razılaşmadığım üçün 220-yə yaxın valideynin içərisindən 3-4 nəfər valideyn öyrədilərək, üzərimə şər atılır. Təhqir, təhdid mesajları alıram. Həmin valideynlər tərəfindən ölümümə təşəbbüs olunub (faktlar var bu barədə). Belə ki, mənə maraqlı olan valideynlərin içərisində evli olduğu halda başqa bir şəxslə münasibətdə olan və bu səbəbdən ailəsi dağılan biri kimi, “övladının atasını düşünməyən biri, övladının müəllimini düşünməsi, sizcə, nə dərəcə məntiqə uyğundur?!” (Belə ki, MİQ-də məntiqdən 10 mümkün sualın 10-na da düzgün cavab vermiş biri olaraq, bu sualımı ictimaiyyətin öhdəsində saxlayıram). Sonda qeyd etmək istəyirəm ki, bütun bu əsassız yerə yazılan töhmətlər, yalan məlumatlar üçün hüqüqi yollara əl atılıb. Təhsil Nazirliyinə də məlumat verilib. Ən obyektiv qərarlar tezliklə təsdiqlənəcək”.

Biz “Hürriyyət” olaraq KİV haqqında qanunun tələblərini əsas götürərək, qarşı tərəfin müraciətini olduğu kimi dərc etdik. Eyni zamanda, onu da qeyd etməliyik ki, müəllimənin bizə ünvanladığı müraciətdə şagirdlərin valideynlərini təhqir etməsi də cinayət tərkibi yaradır. Çünki Azərbaycan Konstitusiyasında hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ var, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Mülki Məcəllənin 7-ci maddəsinə görə, şərəf və ləyaqəti ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi məhkəmə yolu ilə tələb edilə bilər. Həmçinin, şəxsin buna görə təzminat və ya kompensasiya almaq hüququ var.

Onu da qeyd edək ki, istintaqın gedişatını öyrənmək üçün DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayevlə əlaqə saxladıq. Məhəmməd Rzayev “Hürriyyət”ə bildirdi ki, Röya Nuriyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə tədbir görülməsindən ötrü toplanmış materiallar rayon məhkəməsinə göndərilib:

“26 Yanvar 2021-ci il tarixdə Lənkəran şəhər sakinləri Röya Nuriyeva və şagirdi D.Əliyeva hər ikisi DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək ,qarşılıqlı şəkildə digərinin onu döyməsini bildirmişlər. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqat bölməsində fakt araşdırılmış, hadisə şahidlərinin izahatı alınmış, eyni zamanda təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyi nəticəsində R.Nuriyevanın D.Əliyevaya sıyrıqlardan ibarət, dərəcəsi müəyyən edilməyən, sağlamlığa zərər vurmayan xəsarət yetirdiyi müəyyən edilmişdir. R.Nuriyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə tədbir görülməsindən ötrü toplanmış materiallar rayon məhkəməsinə göndərilmişdir”.

YƏHYA