Lənkəranda şagirdini döyən müəlliməylə bağlı toplanmış materiallar məhkəmə baxışındadır

501

Redaksiyamıza Lənkəran şəhər Osa küçəsi, tam orta məktəbin müəlliməsi Nuriyeva Röya Əlipaşa qızı ilə bağlı şikayət daxil olmasıyla bağlı məlumat vermişdik. Şikayətin araşdırılması nəticəsində məlum olmuşdur ki, şəhərin Təhsil Şöbəsində adıçəkilən müəllimə ilə şagird, eləcə də onun valideyni arasında münaqişə baş vermişdir. Münaqişə zamanı Nuriyeva Röyanın valideynlərdən birinə fiziki təzyiq tətbiq etməsi əsnasında, onun məktəbli övladı bunun qarşısını almaq istəmiş, nəticədə müəllimənin fiziki təzyiqinə tuş gəlmişdir. Müəllimə hücum edən və günahkar tərəf olmasına baxmayaraq, polis işçilərini hadisə yerinə çağırıb, fiziki şiddət göstərdiyi valideyin və şagirdi hədəf kimi göstərmişdir. Yalnız valideyinlərin göstərdiyi müqavimət nəticəsində məsələni aydınlaşdırmaq üçün görüntülərin qeydə alındığı kameralara baxış keçirilib. Bu zaman məlum olub ki, döyülən tərəf – şagirdlə valideyin, hücum edən tərəf isə müəllimədir.

Əvvəlki yazımızda istintaqın gedişatını öyrənmək üçün DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayevlə əlaqə saxlamışdıq.  Məhəmməd Rzayev Hürriyyətə bildirib ki, Röya Nuriyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə tədbir görülməsindən ötrü toplanmış materiallar Rayon Məhkəməsinə göndərilib.

Proseslə bağlı yenidən məlumat əldə etmək üçün DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayevlə əlaqə saxladıq. O Hurriyyet.org-a açıqlamasında bildirib ki, sözügedən məsələ ilə bağlı toplanmış materiallar məhkəməyə göndərilib. Hazırda məhkəmə baxışındadır.

QEYD: Mövzunu diqqətdə saxlayacağıq.

YƏHYA