“Küveyt xalqında Azərbaycana böyük maraq var”

192

Azərbaycanın Küveytdəki diaspor təşkilatının sədri Könül Hacızadə: “Azərbaycan səyahət edən küveytli ərəblər deyirlər ki, çox mədəni bir millətsiniz”

“…Bilirsinizmi, ermənilərə o tədbirdə kim dəstək oldu? Fələstinlilər

“Burada əl-Əhməd deyilən bir məntəqə var. Şeyx Favvaz bu məntəqənin qubernatorudur. Tədbirdə bütün dünya ölkələri öz yeməklərini, milli kulinariyalarını nümaytiş etdirirdilər. Mənə də səfirlik təklif gəldi ki, siz diaspor olaraq bu işə rəhbərlik edin. Azərbaycan o tədbirdə çox yüksək səviyyədə təqdim olundu. Yeməklərimiz, şirniyyatlarımız, kitablarımız nümayiş olundu. Hətta Xocalı haqda kitablarımız sərgiləndi. Ölkəmizin turizm potensialı haqda danışıldı. Ölkəmiz hərtərəfli təbliğ olundu. İndi isə pandemiya şəraitində internet üzərindən dayanmadan təbliğat aparırıq”

Azərbaycan dövləti diaspor təşkilatları qurmaq, yönəltmək, dövlətin xaricdəki siyasi hədəflərinə nail olmaq, maraqlarını təmsil etmək kimi məsələlərdə çox uzunmüddətli təcrübəyə malik olmasa da, müəyyən qədər yol qət etmiş hesab oluna bilər. Artıq ortada real, müsbət sonuclar özünü göstərməkdədir və uğurlu nəticələr var. Bu müsbət nəticə göstərən diaspor təşkilatlarından biri Küveytdəki Azərbaycan diasporudur və bugünkü həmsöhbətimiz də bu təşkilatın sədri Könül Hacızadədir.

– Könül xanım, Azərbaycanın Küveytdəki diasporunun –Azərbaycan icmasının təşkil olunması hansı tarixə təsadüf edir?

– Bu hadisə 2010-cu ilin əvvəllərinə təsadüf edir.

– Təşkilatda birləşən həmyerlilərimizin sayı neçə nəfərdir?

– Bu say təxmini 150 nəfərdir. Getdikcə də çoxalır. Soydaylarımıza təklif edirik ki, gəlin səfirlikdə qeydiyyatdan keçin. Onlardan bəziləri qeydiyyatda deyillər, amma əksəriyyəti Küveytdəki Azərbaycan səfirliyində qeydiyyatdadırlar. Biz bu saya görə bilirik ki, həmyerlilərimiz 150 nəfərdirlər. Bəzi soydaşlarımızın yoldaşları azərbaycanlıdır. Bəzilərinin ailələri qarışıqdır. Əksər azərbaycanlılar neft sahəsində işləyənlərdir. Subay xanımlar da var. Misal üçün, burada gəlib çalışırlar. Müəllimə olan, həkim olanlar var. Onların əksəriyyəti yaxşı sahələrdə çalışırlar.

 

– Bəs Küveyt dövlətində vəzifə tutan və ya hansısa bir mövqedə çalışan azərbaycanlılar varmı?

– Xeyr, Küveyt dövlətində çalışan azərbaycanlı yoxdur, onlar əsasən özəl müəssisələrdə çalışırlar. Çünki bu ölkənin qanunlarına görə, dövlət işlərində çalışan əcnəbi vətəndaşlara çox az miqdarda maaş verilir. Maaşın az olması bunda rol oynayır. Yəni vətənindən ayrı düşüb, burada dövlət işində çalışmaq sərfəli deyil. Bu səbəbdən, azərbaycanlılar özəl şirkətlərdə, özəl məktəblərdə çoxluq təşkil edirlər. Musiqi Akademiyasında çalışan müəllimlərimiz var. Özəl universitetdə də çalışan iki müəllimimiz var. Onlardan biri Avstraliya universitetidir.

-Bu ölkədə neçə diaspor təşkilatı var? Soydaşlarımızla koordinasiya işi necə təşkil edilib və konkret bu funksiyanı hansı təşkilat yerinə yetirir?

– Təşkilatın rəhbəri mən olduğuma görə, bəzən təkliflər olur. Pandemiyadan əvvəlki dövrdə də diasporun üzvləri olan vətəndaşlar öz iş yerlərində və ya Küveytli dost-tanışlarının arasında Azərbaycanı təbliğ ediblər. Dəfələrlə məktəblərdə işləyən xanımlar Azərbaycan stendi hazırlayıblar, bayrağımız təqdim olunub. Biz səfirliklə bərabər işlədiyimizə görə, böyük dəstək görürük. Yəni biz səfirliklə sıx əlaqədəydik. Hər zaman da əlaqələrimiz olub. Sağ olsunlar, bizə böyük dəstək olublar. Dövlət səviyyəsində müraciət olanda 2019-cu ilin yanvar ayında şeyx Favvaz əl-Sabah ailəsiylə böyük bir tədbirimiz oldu. Burada əl-Əhməd deyilən bir məntəqə var. Şeyx Favvaz bu məntəqənin qubernatorudur. Tədbirdə bütün dünya ölkələri öz yeməklərini, milli kulinariyalarını nümaytiş etdirirdilər. Mənə də səfirlik təklif gəldi ki, siz diaspor olaraq bu işə rəhbərlik edin. Azərbaycan o tədbirdə çox yüksək səviyyədə təqdim olundu. Yeməklərimiz, şirniyyatlarımız, kitablarımız nümayiş olundu. Hətta Xocalı haqda kitablarımız sərgiləndi. Ölkəmizin turizm potensialı haqda danışıldı. Ölkəmiz hərtərəfli təbliğ olundu. İndi isə pandemiya şəraitində internet üzərindən dayanmadan təbliğat aparırıq. Bizim Qarabağ Vətən müharibəsində belə, bir gün dayanmadıq. Özüm də vhatsap qrupu təşkil etdim. İndi intüernet dünyasıdır, internet üzərindən də işləyirik.

-Azərbaycanın Qarabağı azad etmək uğrunda mübarizəsində, ermənilərin xalqımıza qarşı qara təbliğatını işıqlandırmaq, ifşa etmək üçün işlər, aksiyalar həyata keçirdinizmi?

-Bəli, şəxsən özüm bunu etdim. Azərbaycanın ərazilərinin necə darmadağın edildiyini, Ağdamın necə Xirosimaya döndərildiyini təsvir edən şəkilləri printerdən çap edib avtomobillərin üzərinə yapışdıraraq, yayılmasını təşkil etdik. Yəni məxfi olaraq. Üstəlik, internt üzərindən bu barədə paylaşımlar edirəm. Küveyt vətəndaşları olan ərəblərin əksəriyyəti tvitter, instaqramdan istifadə edirlər. Biz də öz təbliğat işlərimizdə bunu nəzərə alırıq. Dostluğumda olan ərəblərə bu vasitə ilə təbliğat aparırırq, onlardan xahiş edirik ki, bizim məlumatları paylaşsınlar. Küveyt xalqında Azərbaycana böyük bir maraq var. Bizim böyük qələbə günümüzdə küveytlilər bizə daha böyük maraqla yanaşırdılar ki, siz necə gözəl, necə güclü bir millətsiniz, halal olsun, 44 günün içində öz torpaqlarınızı azad etdiniz, bu, görünməyən bir hadisədir. Mən də bildirirəm ki, kənardan hər hansı bir müdaxilə olmasa belə Azərbaycan dövləti də, milləti də, xalqı da çox güclüdür. Bəzən zarafatyana da deyirəm ki, döyüş bizim alnımıza yazılıb, çünki əsrlər boyu torpaqlarımız işğal olunduğuna görə nə müharibədən, nə döyüşdən qorxmamışıq. Dövlət nümayəndələri də, dostlar da zəng edib bizi də, səfirlikdəki əməkdaşları da qələbəmiz münasibətilə çox təbrik etdilər. Dövlətim, millətim haqda bu cür yüksək fikirlər eşitmək mənim üçün çox sevincli hal idi.

– Anladığım qədəri ilə Küveytdə yalnız sizin rəhbərlik etdiyini diaspor təşkilatı fəaliyyət göstərir…

-Bəli, ancaq mənim rəhbərliyimlə çalışan bir diaspor təşkilatı mövcuddur. Çünki azərbaycanlıların sayı çox olmadığına görə bir təşkilat yetərlidir. Düşünürəm ki, mən də bu işi pis aparmıram.

– Bəs Azərbaycan diasporunun Küveyt hökumətinə təsir gücü varmı? Məsələn, Azərbaycan dövlətinin xeyrinə işlər görmək üçün Küveyt dövlətinə hasısa təkliflər vermisinizmi?

-Zatən bu ölkədəki iş adamları özləri təkliflər irəli sürür. Özləri Azərbaycanla işləri qurular. Məsələn, ticarət əlaqələri, turizm əlaqələri var. Vətənimizi qəlbən sevən (mənim yoldaşımdan sonra) yaxından tanıdığımız küveytli iş adamı Azərbaycanda iş qurmaq istəyir. İnşallah, bu yaxınlarda yəqin ki, Azərbaycan bu məqsədlə səfər edəcək.

– Məlumdur ki, Fransada ermənilərin, ABŞ-da da yəhudilərin ciddi nüfuzu var. Küveytdə də Azərbaycan nüfuzunu yüksəltmək, dövlətimizə söz sahibi olacaq qədər qüvvə qazandırmaq, diasporu bu gücə çatdırmaq üçün nə işlər görülməlidir?

(Ardı var)

 

“Hürriyyət”