Könül Nurullayeva: “Almaniya Azərbaycana qarşı kampaniyaların ənənəvi aləti qismində çıxış edir”

24

“Almaniya mətbuatında Azərbaycana qarşı son vaxtlar intensivləşən hücumlar əslində dolayısı ilə Ermənistana dəstək anlamına gəlir. Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar Ermənistan da daxil olmaqla, bütün dövlətlərin və bu bölgədə maraqlı olan tərəflərin prinsiplərinə uyğundur. Lakin Almaniya bu vəziyyətdən razı deyil. Halbuki Almaniya ATƏT-in Minsk Qrupunun üzvü kimi bu prosesdə, ATƏT məkanında təhlükəsizliyin təmin olunması baxımından daha çox maraqlı olmalıdır”

Bunu Hürriyyətə müsahibəsində millət vəkili Könül Nurullayeva bildirib. O, Azərbaycanın Vətən müharibəsində də Berlin rəsmilərinin əsassız bəyanatlar verdeyini vurğulayıb:

“Ən ziddiyyətli məqamlardan biri isə budur ki, Almaniya islamafobiya, türkfobiya, etnik zəmində qətllər, neofaşizmin intibahı və miqrantlara qarşı qeyri-humanist münasibətilə seçilən bir ölkədir. Bu ölkədə polis zorakılığı ilə bağlı aqressiv kadrlar internetdə geniş yayılıb. Təsadüfi deyil ki, 2019-cu ildə Avropa İnsan hüquqları komissarı Almaniyanı miqrantların deportasiyası məsələsində daha ədalətli davranmağa, həmçinin qaçqınlara kömək edən QHT-lərə qarşı təqibləri dayandırmağa çağırmışdı. Yəni, bu cür neqativlərin qeydə alındığı bir ölkənin başqa bir ölkəni əsassız şəkildə ittiham etməsi sadəcə təəccüb doğurur. Digər tərəfdən, alman mediasının səsləndirdiyi arqumentsiz ittihamlar həm də alman KİV-lərinin imicini zədələyir, onların obyektivliyini şübhə altına alır.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın haqlı davasında – Vətən müharibəsində də Berlin rəsmiləri əsassız bəyanatlar verir, alman mediasında arqumentsiz və məntiqsiz materiallar dərc olunurdu.

Ümumiyyətlə, 2012-ci ildən etibarən Almaniyada anti-Azərbaycan mövqeyinin şahidi oluruq. 2012-ci ildə Avroviziya mahnı müsabiqəsi, eyni zamanda ilk Avropa Oyunları zamanı ölkəmizə qarşı əsassız qarayaxma kampaniyaları təşkil olunurdu. Yəni, təəssüf ki, Almaniya Azərbaycana qarşı kampaniyaların ənənəvi aləti qismində çıxış edir”.

YƏHYA