Komediya janrlı pyeslərdə dramatik aktyor

78

 

     (Respublikanın Əməkdar artisti Yusif Qazıyev – 90)

Tarixi ənənləri ilə hər zaman öz sənət meyyarlarını qoruyan Gəncə Dövlət Dram Teatrının 126 illik yaradıcılıq yolunda bir çox aktyor və rejissorların xidmətləri bu gün də xatırlanmaqdadır. Hər zaman böyük hörmət və ehtiramla xatırlanan sənət fədailərimizdən biri də Respublikanın Əməkdar artisti Yusif Lətif oğlu Qazıyevdir.

Yusif Lətif oğlu Qazıyev 22 mart 1931-ci ildə Gəncədə anadan olub. İncəsənətə marağı hələ gənc yaşlarından 10-11 yaşlarında olarkən baş qaldırdığından rəqslə məşğul olub. Hətta orta məktəbin doqquzuncu sinfində oxuyarkən dram dərnəyinə üzv yazılıb və bir müddət dövlət teatrının səhnəsində bir sıra tamaşalarda uşaq rollarını mahircəsinə oynaya bilib. Teatra olan marağı onu 1975-1980-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutuna gətirib. O, burada qiyabi təhsil alıb. 1949-1971-ci illər ərzində Gəncə Dövlət Dram Teatrının səhnəsində aktyor olaraq fəaliyət göstərib. 1975-1976-cı illər ərzində Gəncə Dövlət Dram Teatrının direktoru, 1981-1985-ci illərdə isə Gəncə şəhər Mədəniyyət şöbəsinin müdiri olaraq çalışıb.

Yusif  Qazıyev  hər zaman səhnədə əsasən dramatik-psixoloji səpkili obrazlar yarada bilib. O, hər zaman yaratdığı obrazlarında səhnədə romantik teatr poetikasının estetik prinsiplərindən istifadə etsə də, yaradıcılığının əsas mahiyyətini realist aktyor məktəbi ilə üzvi şəkildə bağlaya bilib. Onun komediya janrlı pyeslərin tamaşalarında oynadığı personajları da, əsasən, dramatik səpkili obrazlar qaleriyasına daxil olmaqla tamaşaçıların diqqətinə təqdim edilib.

Professor Bağır Bağırov Gəncə Dövlət Dram Teatrının yaradıcılıq yolundan bəhs edərkən 1981-ci ildə “İşıq nəşriyyatı” tərəfindən çap olunan “60 il xalqın xidmətində” monoqrafiyasında aktyor Yusif  Qazıyev yaradıcılığı haqqında yazırdı: “Aktyorun ifaçılıq mədəniyyətinə diqqət yetirərkən onun səhnə prinsiplərinin artırılmasına da ciddi ehtiyac olduğu özünü biruzə verirdi. Çünki həyatın inkişafı, dövrün tələbi ilə dəyişən, mükəmməlləşən müasirlik problemi, eləcə də müsbət qəhrəman probleminin teatrda həlli onun ifaçılıq mədəniyyəti ilə sıx bağlıdır. Yalnız yüksək ifaçılıq mədəniyyətinə yiyələnən aktyor qüvvətli, fəal, qabaqcıl görüşlü, sağlam əqidəli adamların əzəmətli obrazını yarada bilər”.

Qeyd etmək lazımdır ki, Gəncə Dövlət Dram Teatrının klassik və müasir dramaturgiyaya müntəzəm müraciətləri də təsadüfi olmayıb, bu onun öz tamaşaçılarına yeni söz demək, hər zaman qabaqcıl sənət nümunələrindən daim öyrənmək, bəhrələnmək meyilləri ilə əlaqədardır. Bu baxımdan aktyorun səhnədə yaratdığı milli klassik əsərlərdə ifa etdiyi Kərəm (M. F. Axundzadə “Xırs quldurbasan”), Mahmud (N. B. Vəzirov “Hacı Qənbər”), Birinci əcinnə (Ə. B. Haqverdiyev “Pəri Cadu”), Şəmsi (S. S. Axundov “Eşq və intiqam”), Xəlil (S. Rüstəm “Qaçaq Nəbi”), Aram və Arşaq, Nadir, Barat (C. Cabbarlı “1905-ci ildə”, “Nəsrəddin şah”, “Almaz”) Teymur (S. Vurğun “Vaqif”), Rövşən və Kamal (S. Rəhman “Əliqulu evlənir”) surətləri hər zaman maraqla izlənilən obrazları silsiləsinə daxildir. Aktyorun obrazlarından söz düşərkən professor Bağır Bağırov yazır: “Gənc aktyor üçün vacib olan zəngin daxili aləm, aydın və səlist nitq mədəniyyəti, hadisələrin duyum qabiliyyəti səhnədə aktyor olaraq Yusif Qazıyevi bizlərə daha yaxından tanıtdıra bilir”.

Yusif Qazıyev Gəncə Dövlət Dram Teatrının səhnəsində Məmmədrza Şeyxzamanov, Kərim Sultanov, Ələddin Abbasov, Sadıq Həsənzadə, Əşrəf Yusifzadə, Rəmziyyə Veysəlova, Ağa Məmmədov, Məhəmməd Burcəliyev, Sədayə Mustafayeva, Zakir Şahbazov, Ətayə Əliyeva, Səməd Tağızadə, Muxtar Avşarov, Əbülfəz Həsənzadə, Qulam Qoşqarlı, Firuzə Bədirbəyli, İsmayıl Talıblı, Əmir Dadaşlı, Əliş Pənahov, Reyhan Tağıyeva, Kərim Muxtarov, Mikayıl Davudov, Zülfüqar Baratzadə, Rza Nadirov, Sima Hidayətzadə kimi aktyorlarla tərəfmüqabili olub, səhnənin özünəməxsus incəliklərini bölüşərək, böyük sənət məktəbində yetişə bilib.

Onun səhnə fəaliyyətindən danışarkən aktyorun çağdaş Azərbaycan dramaturqlarının  pyeslərinin səhnə təfsirinə nəzər yetirdikdə bitgin, orjinal obrazlar silsiləsi ilə yaxından tanış olmaq imkanını da əldə etmiş olursan. Aktyorun ifasında hər bir obraz daha bitgin və kolaritli eləcə də müasir teatr estetikasını özündə səhnə tendensiyaları ilə üzvü şəkildə göstərməklə rejissor traktofkasının mahir ifası ilə rastlaşırsan. Bu da aktyorun peşəkar səhnə mədəniyyətindən həmçinin professional, qocaman səhnə xadimlərinin yardaıcılıq məktəbindən uğurla bəhrələnməsindən xəbər verir. Belə ki, Fərhad, Fərid (Altay Məmmədov “Kişilər”, “Həmyerlilər”), Uğur, Sahib (İlyas Əfəndiyev “Bahar suları”, “Mənim günahım”), Bəxtiyar (İsgəndər Coşqun. Səməd Vurğunun eyniadlı poeması əsasında “Komsomol poeması”), Xəzər (Novruz Gəncəli “Şəlalə”), İkram (Bağır Bağırov. Əbülhəsənin eyni adlı romanı əsasında “Tamaşa qarının nəvələri”), Həsən (Hacıağa Quliyev “Sabir”), Əsəd (Hüseyn Qaraoğlu “Şəfiqə”), Keybalı (Lütfəli Həsənov “Baş həkim”), Səməndər və Murad (Firudin Aşurov “Səməndər”), Firudin (Məmmədəli Nəsirov. Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poeması əsasında “Tariyel”), Bəhruz (Ənvər Məmmədxanlı “Şərqin səhəri”), Hans Eydler (Qurban Musayev “Buhenvald harayı”), Hadı (Məmmədhüseyn Təhmasib “Çiçəkli dağ”) surətləri daha dolğun və orjinaldır. Bu baxımdan sözsüz ki, Gəncə Dövlət Dram Teatrında istedadlı gənc aktyor nəslinin yetişdirilmsi sahəsində qazanılan naliyyətlər həmçinin öz dövrü üçün daha aktual olan repertuar siyasətinin həyata keçirilməsi baxımından da maraqla izlənilir. Aktyor yaradıcılığından söhbət düşərkən bu haqda Xalq artisti Məmmədrza Şeyxzamanov yazır: “Gəncə teatrının yaşlı nəslə mənsub aktyorları ilə gənc qüvvələr arasında möhkəm yaradıcılıq ünsiyyəti vardır. Bu cür yaxınlıq aktyor Yusif Qazıyevin yetişdirilməsi və inkişafı üçün etibarlı zəmindir. Qısa müddətdə səhnədə yetginləşən və tamaşaçıların dərin rəğbətini qazanan aktyor Yusif  Qazıyev teatrın əsl yaradıcılıq məktəbini keçə bilmişdir. Aktyor sözün əsl mənasında bu sənət ocağının mehriban nəfəsini udmuş, buradakı qaynar və işgüzar mühitdə bərkdən-boşdan çıxmış, qayğı nəticəsində pərvəriş tapmışdır. Bu gəncin timsalında teatrın istedadlara həssas münasibəti çox bariz şəkildə ifadə olunmuşdur”.

Yusif Qazıyevin sənət dostları da bu gün onun yaradıcılığından söhbət düşərkən aktyorun orjinal səhnə çizgilərindən danışır, onu bir aktyor olaraq maraqlı xatirələri ilə yad edirlər. Respublikanın Xalq artisti, qocaman səhnə ustası Məmmədəli Balayev deyir: “Biz hər zaman Yusif Qazıyevlə səhnədə demək olar ki, dublyor olmuşuq. Bu da onunla bağlı idi ki, o Teatr İnstitutunda qiyabi təhsil alırdı. İnstitutda dövlət sesiyalarına gedərkən ona həvalə olunan obrazları mən oynamalı olurdum. Həm də deyim ki, çox yaxın dost idik. Bu gün də onun xoş simasını unuda bilmirəm. Deyim ki, səhnədə həm də yaxşı tərəfmüqabili idi. Ancaq onun aktyorluğundan daha çox inzibati işlərdə məsələn rəhbər olaraq fəaliyyəti daha uğurlu hesab edilə bilərdi. Yusif  Qazıyev  bir müddət Gəncə Dövlət Dram Teatrının direktoru və eləcə də şəhər Mədəniyyət idarəsinin rəisi olaraq da çalışmışdır. Həddən artıq çox alicənab və xeyirxah bir insan idi. Rəhbər kimi də çox sadə bir şəxs idi. Biz lazım gəldikdə istənilən vaxtda onun yanına gedə bilirdik. Problemlərimizin həlli üçün hər zaman köməklik etməyə hazır bir insan idi. Ruhu şad olsun”.

Bu gün Respublikanın Əməkdar artisti Yusif  Qazıyevin  səhnə  fəaliyyətinə nəzər  salarkən  Gəncə  Dövlət  Dram  Teatrının  səhnəsində  tərcümə  əsərlərinin tamaşalarında çıxış etdiyi obrazları da maraq doğurur. Aktyorun İkinci qasid (U. Şekspir “Otello”), Qurban (H. Muxtarov “Ailə namusu”), Lyoşa (S. Mixalkov “Xərçənglər”), Slava (V. Rozov “Sabahın xeyir”), Poçtalyon (V. Şkvarkin “Özgə uşağı”), Sadıq (T. Əbdümöminov “Şikayət qəbul edilmir”), Don Antonio (R. Şeridan “Aldanmış adaxlı”), Yusup (R. Həmzətov “Dağlı qızı”), Şarey (Ə. Nesin “Bura gəlin”), Yapon jurnalisti (Tur qardaşları “Bir evin sirri”), Qurban (H. Muxtarov “Ailə namusu”), Birinci amerikalı matros (İ. Mosaşvili “Qərq edilmiş daşlar”), Göyərtisatan (A. Gizburq. Rabindranat Taqorun “Fəlakət” romanı əsasında “Qanq qızı”) obrazları hər zaman səhnədə maraqla qarşılanan surətlərindəndir.

Aktyorun səhnədə obrazları haqqında söz düşərkən professor Bağır Bağırov yazır: “Səhnə üçün münasib qəddi-qamət, aydın diksiya, sadə və ahəngdar danışıq tərzi, geyimdə və davranışda yüksək mədəniyyət, təmkinlilik, intizam – bütün bu keyfiyyətlər gənc aktyor Yusif Qazıyevin sənət aləmində uğurla addımlamasının təminatçısıdır”.

Yusif Qazıyevin səhnə fəaliyyəti hər zaman yüksək qiymətləndirilib. Belə ki, Gəncə Dövlət Dram Teatrının 50 illik yubileyi ərəfəsində 27 dekabr 1971-ci il tarixində o, Respublikanın Əməkdar artisti fəxri adı ilə təltif olunub.

Bu gün Yusif Qazıyevdən söhbət düşərkən qızı İltimas Qazıyeva da atasını kövrəkliklə xatırlayaraq deyir: “Mən ailənin tək qız övladı olmuşam. Düzdür mən dünyaya gəlmədən öncə bir qardaşım da olub. Ancaq o üç yaşına yaxın olan bir zamanda vəfat edib. Atam həddən artıq ailəsinə bağlı bir insan idi və bunun nəticəsi idi ki, o, hər zaman bizə xüsusi diqqətlə yanaşardı. Hətta xatırlayıram ki, Bakıdan əmim və ailə üzvləri Gəncəyə dincəlməyə gələrkən hər birimizi Gəncə Dövlət Dram Teatrına aparar, onun iştirakı ilə müxtəlif tamaşalara baxardıq. Elə bunun nəticəsi idi ki, mən də teatrda oynanılan bir neçə tamaşada uşaq obrazlarında səhnəyə çıxmışdım. Atam çox səmimi və xeyirxah biri idi. Hər zaman ona olunan müraciətləri böyük xeyirxahlıqla dinləməklə həllinə çalışırdı. Yaxşı xatırlayıram ki, həmişə də deyərdi ki, bu gün kiminsə əlindən tutub kömək edə bilmişəmsə demək ki, yaşamışam. Onun xoş siması və xüsusi keyfiyyətləri hər zaman ailəmizdə minnətdarlıqla xatırlanır”.

Respublikanın Əməkdar artisti Yusif Lətif oğlu Qazıyev 21 mart 1987-ci ildə Gəncə şəhərində vəfat edib. Ruhun şad, məkanın cənnət olsun, əziz insan.

 

Anar  Burcəliyev,

teatrşünas